Əflatun AMAŞOV,
millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri.
Media dinamik sahədir. Dəyişiklik onun mahiyyətindədir. Bu sahədə indiyədək keçilmiş yol nə qədər böyük mahiyyət daşıyırdısa, bundan sonra görüləcək işlər daha böyük əhəmiyyət kəsb etməli, geniş spektrli olmalıdır. Milli Məclisin jurnalist deputatı, Azərbaycan Mətbuat Şurasının sədri kimi məsələyə dəfələrlə münasibət bildirmişəm.
İslahat nəyə görə lazımdır?
Bəli, rəhbərlik etdiyim Mətbuat Şurası mediamızın hazırkı problemlərini hər zaman qabardıb. Sistemli baxış istəyiriksə, habelə tam yeni tipli media orqanlarımızın olmasına can atırıqsa, ilk növbədə mediamızın ölkənin reklam bazarındakı real iştirakçılığını təmin etməliyik. Loru desək, media əsas etibarilə reklamdan dolanmalıdır. Real reklam mühiti olmayacaqsa, media sahəsində ədalətli rəqabətdən söhbət gedə bilməz. Yəqin razılaşarsınız ki, bu mühitin formalaşması yalnız jurnalist ictimaiyyətindən asılı məsələ olmayıb, böyük ölçüdə indi də asılı deyil. Sadəcə media cameəsi vəziyyətdən çıxmaq üçün təkliflər irəli sürə bilər və irəli sürüb də.
Təkliflərdən biri bu olub ki, dövlət elan və reklamlarının KİV-lərdə bölüşdürülməsi mexanizmi tətbiq edilsin. Bunun üçün meyarlar və prinsiplər olmalıdır. İlkin mərhələdə bu prinsiplərin tətbiqi imkan verəcək ki, KİV-lər rəqabət şəraitinə hazırlansınlar.
*
Media nə qədər ictimai motivli instrument sayılsa da, dünya daha çox onun kommersiya mahiyyətini qəbul edir. Yəni o, əslində sahibkarlıq subyektidir. Bu mənada dövlətimiz digər sahələrə kredit və subsidiyalar ayırdığı kimi, media fəaliyyətini də eyni qaydada stimullaşdırmalıdır. Özü də bu, yalnız hazırda KİV kimi mövcud olan hüquqi şəxslərə deyil, eyni zamanda yeni fəaliyyətə başlamış və ya başlamaq istəyən istənilən media quruluşuna da şamil olunmalıdır. Dövlətin bu imtiyazı medianın digər qanuni yollarla da gəlir əldə etməsinə şərait yaradacaq.
*
Bu gün ölkəmizdə qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5200-dən çoxdur. Onlardan təxminən 300-ə yaxını fəaliyyətdədir. Fəaliyyət müntəzəmliyini qoruyanların sayı isə daha azdır. Ümumən mövcud istiqamətdə dəqiqlik yox, qeyri-müəyyənlik var. Bu vəziyyəti aradan qaldırmaq üçün nə etməli? Vaxtilə Mətbuat Şurasının səsləndirdiyi təklif belə idi ki, KİV-lərin təkrar qeydiyyatı aparılsın, bu məqsədlə yeni mexanizmlər müəyyənləşsin. Daha doğrusu, qeydiyyat üçün “Kütləvi informasiya vasitələri haqqında” Qanunda nəzərdə tutulmuş mexanizmlər real vəziyyətin doğurduğu şərtlərə uyğun yenidən hazırlansın.
*
Bunu dəfələrlə bildirmişik, yenə bildirməyə ehtiyac duyuruq. İnternet informasiya saytları bu gün faktiki olaraq KİV kimi fəaliyyətdədirlər. Ancaq hüquqi baxımdan onlar yaxşı halda məhdud məsuliyyətli cəmiyyətdirlər. Mütləq əksəriyyəti yalnız domen və hostinq istifadəçisidir. Təsəvvür edin ki, bu çoxluğun hansısa təmsilçisi vətəndaşın şərəf və ləyaqətini aşağılayan material yaydığı üçün məhkəməyə verilir. Vətəndaş haqlıdır, bəs məhkəmə cavabdehi KİV olaraq görməkdə nə dərəcədə haqlıdır? Cavabdeh iddia edə bilər ki, mənim təşkilatım MMC-dir, yaydığım məlumat kütləvi xarakter daşımır, qanunla təhqir və böhtanın mövcudluğu yalnız kütləviliklə, yəni KİV-lərdə yayımlanmaqla müəyyənləşir. Belə olan halda məhkəmə real vəziyyətlə, qanunun aliliyini qorumaq dilemması qarşısında qalacaq. Real vəziyyət baxımdan vətəndaş haqlıdır, məhkəmə qanunun aliliyini təmin etməsə, haqsız olacaq. Nəticə etibarilə cəmiyyətdə həm mediaya, həm də məhkəməyə inamsızlıq yaşanacaq.
*
Kütləvilikdən söz düşmüşkən, internet media orqanında yayılmış məlumatın kütləvi və ya kütləvi olmadığını necə müəyyənləşdirək? Qanun ənənəvi media üçün yayım və tiraj kriteriyaları nəzərdə tutur. Tutalım, qəzet müəyyən tiraj göstəricisinə görə KİV sayılır. Kütləvilik də buna uyğun götürülür. Amma qanunvericiliyimiz belə bir tələbi internet media orqanı üçün müəyyənləşdirmir. Yenə də deyirəm, mövcud durum həmin media resurslarının KİV olaraq nəzərdə tutulmamaları ilə bağlıdır. Hesab edirəm ki, bu istiqamətdə əsaslı işlər həyata keçirilməlidir. Tədbirlərin görülməsi həm də ona görə vacibdir ki, cəmiyyətə təsir qüvvəsinə malik internet media həm də dövlətin müəyyənləşdirdiyi və müəyyənləşdirəcəyi imtiyazlardan bəhrələnə bilsin.
İnternet medianın cəmiyyətə təsiri güclüdür. Amma biz toplum olaraq əksər hallarda bu təsirin məsuliyyətsizlik sindromunun şokunu yaşayırıq. Dəfələrlə olub ki, vətəndaş Mətbuat Şurasına bu və ya digər saytla bağlı müraciət edib. Biz bəzən müəyyən saytlarda heç adi rekvizitləri belə görə bilmirik. Nə telefon nömrəsi, nə də ünvan olur. Qanunvericilikdə bu bir daha dəqiqləşdirilməlidir.
*
Azərbaycanda jurnalist əməyinin stimullaşdırılması praktikası tətbiq edilir. Bu, müxtəlif yaradıcılıq müsabiqələri ilə həyata keçirilir. Eyni zamanda jurnalistlərə mənzillərin verilməsi kimi Prezidentin nəcib təşəbbüs var. Ancaq KİV-lərin inkişafı, həmçinin onlarda çalışan jurnalistlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün dövlətin təşkilati dəstəyi də önəmlidir. Buna misal olaraq uzun müddət qəzet kağızı və hazır çap məhsullarının Əlavə Dəyər Vergisindən azad olunduğunu göstərmək mümkündür. 2016-cı ildən ƏDV-nin yenidən tətbiqinə başlanılıb. Parlament çıxışlarımda bunun qanunvericilikdə ziddiyyətlər doğurduğunu izah etmişəm. Məsələyə bir daha qayıtmaq istəməzdim. Yalnız onu deyim ki, ƏDV-nin tətbiqi bu gün üçün KİV-lərin maddi durumuna mənfi təsir göstərir. Bu vəziyyətin də aradan qalxmasına ehtiyac var.
*
İslahatın media sahəsinə fundamental baxış ortaya qoymasını istəyiriksə, maliyyə amili önəmlidir. Yuxarıda KİV fəaliyyəti üçün subsidiyaların və güzəştli kreditlərin verilməsinin vacibliyini əsaslandırdım. Dövlət büdcəsindən KİV üçün ayrılan məqsədyönlü vəsaitin artırılmasına da ehtiyac var. Əsaslı vəsait KİV sahiblərinə media fəaliyyətinin strukturunda köklü dəyişikliklər aparmaq tələbini yerinə yetirmək müqabilində verilməli, eyni zamanda jurnalist təşkilatlarının da iştirakçılığını təmin etməlidir. Əlbəttə, şəffaflığın artırılması mütləqdir.
Biz elə KİV-lər formalaşdırmalıyıq ki, onlar öz əməkdaşlarını nəinki ölkəmizin, habelə dünyanın müxtəlif bölgələrinə reportajlar hazırlamaq üçün göndərməkdə çətinlik çəkməsinlər. Təbii ki, belə olduqda media rəhbərləri çalışacaqlar ki, daha sanballı fəaliyyətə üstünlük versinlər, daha bacarıqlı kadrları öz sıralarına cəlb etsinlər.
Jurnalist təşkilatı institutu çox önəmlidir. Bu qurumlar söz və ifadə azadlığı ilə bağlı ölkədə və dünyada baş verən prosesləri izləməli, beynəlxalq miqyaslı tədbirlərdə fəal iştirak etməlidirlər.
Hesab edirəm ki, əsaslı maliyyə vəsaitinin ayrılması və onu əldə etməyin doğurduğu rəqabət mühiti tam yeni media orqanlarımızın formalaşmasını şərtləndirəcək.
*
Ənənəvi mediadan onlayn mediaya keçid nəticəsində qəzetlərin tirajının aşağı düşməsi müşahidə olundu. Amma bütün bunlar onu deməyə əsas vermir ki, mətbuat ömrünü başa vurub. Əksinə, son illər dünyada qəzetlərin tirajı ilə bağlı əvvəllər müşahidə edilən enişin sürətinin azaldığı, bəzən isə tirajın artdığı nəzərə çarpır. Bu, onu deməyə əsas verir ki, beynəlxalq miqyasda qəzetin mövcud olmasının vacibliyi qəbul edilir. Sual yaranır, necə oldu ki, əks proses yaşandı. Məsələyə çox sadə baxış var. Qəzet sahibləri əvvəlki qaydada, yəni xəbər yayıcılığı ilə yox, tam yeni yaradıcılıq təqdimatları və axtarışları ilə varlıqlarını sürdürməyi bacardılar. Biz də dərk edirik ki, qəzetçilik, daha doğrusu ümumən mətbuat ölkəmizin salnaməsini yaratmaq baxımdan gələcəyimizin mühüm tədqiqat mənbələridirlər. Buna görə onlar üçün yayımın səmərəliliyinin artırılması mütləqdir. Bunun üçün isə yayım şəbəkəsi genişləndirilməlidir. Mətbuat Şurası məsələni dəfələrlə qaldırıb. Xüsusən də paytaxtın insanların gur olduğu yerlərində qəzet satışı işinin yaxşılaşdırılmasına önəm verilməli olduğunu vurğulayıb. Məsələ yenə də aktuallığını saxlamaqdadır.
Sonda bir daha bildirim ki, islahat cəmiyyətin sosial sifarişidir. Ümidvaram ki, islahatların medianı da əhatə etməsinin zəruriliyini əsaslandırarkən yuxarıda sadaladığım məqamlar da nəzərə alınacaq.
araz.az xəbər portalı.