Fizuli memmedov00Dekabrın 20-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, Azərbaycan dövləti xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətinə böyük önəm verir:

”Mən də bu dəfə Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə görüşürəm. Əvvəllər də bizim görüşlərimiz olubdur, həm Bakıda, həm Sankt-Peterburqda. Amma bu gün bir daha görüşürük və bu çox əlamətdar hadisədir. Mən bilirəm ki, Sankt-Peterburqda və Leninqrad vilayətində çox böyük Azərbaycan diasporu yaşayır və fəaliyyət göstərir. Uzun illərdir ki, bu təşkilata Vaqif Məmişov sədrlik edir. Bilirəm ki, burada yaşayan azərbaycanlılar Rusiyanın çox dəyərli vətəndaşları kimi həm Rusiyanın ümumi inkişafına töhfə verirlər, həm də ki, tarixi Vətənlə də əlaqələri saxlayırlar, gedib-gəlirlər. Mənim bundan xəbərim var, bu çox müsbət haldır”. Prezident daha sonra bildirib ki , bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədə olduğunu qətiyyətlə deyə bilər:”Rusiyada yaşayan azərbaycanlılar, əminəm ki, bunu gündəlik həyatda hiss edirlər. Çünki Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar. Onların bir çoxu, demək olar ki, mütləq əksəriyyəti çox fəaldır, həm elmdə, təhsildə, biznesdə böyük imkanları var. Rusiyanın vilayətlərində və böyük şəhərlərində qanunvericilik orqanlarında artıq azərbaycanlılar təmsil olunurlar. Azərbaycan əsilli vətəndaşların Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezamiyyətə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Ona görə Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olması Rusiyada yaşayan azərbaycanlılar üçün də, bizim üçün də çox böyük dəyərdir”. Sankt-Peterburqda baş tutan görüşün formatı və ölkə başçısının həmin görüşdə səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti Rusiyadakı diasporumuzun fəaliyyətini yaxından izləyir və onun yeni mərhələyə qədəm qoyub, inkişafında xüsusi maraqlıdır. Ancaq etiraf edək ki, hazırda Rusiyadakı Azərbaycan diasporunun təşkilatlanması və fəaliyyəti o qədər də ürəkaçan səviyyədə deyil. Bunun müxtəlif səbəbləri var və zaman-zaman biz bu mövzu ilə bağlı silsilə yazılar dərc etmişik. Təbiidir ki, Rusiyada Azərbaycan diasporunun normal fəaliyyəti üçün qızıl bir orta da tapılmalıdır. Bu, diaspora rəhbərlik edəcək personanın həm ordakı diaspor nümayəndələri, həm də Rusiya və Azərbaycanın hakim dairələri tərəfindən qəbul edilməsidir. Məlumdur ki, hazırda Rusiyadakı soydaşlarımızı öz ətrafında birləşdirən və vaxtilə rəsmi dövlət qeydiyyatından keçmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinə qadağa qoyulub. Rusiya tərəfi bunu sadə hüquqi prosedurların düz olmaması ilə izah edir. Həmin qurum ləğv ediləndən sonra Rusiyadakı Azərbaycan diasporunda bir pərakəndəlik yarandı. Bir çox personalar irəli çıxıb Rusiyadakı diasporda liderlik etmək iddialarını ortaya qoydular. Bu ilin aprel ayında isə Rusiyada yaşayan iş adamı Füzuli Məmmədov (Frenk Elkapone) Rusiya Azərbaycanlıları İttifaqı adlı bir qurum təsis edərək, ləğv edilmiş ÜAK-dan da güclü təşkilat olduqlarını bəyan etdi. Maraqlıdır ki, iş adamına yaxınlığı ilə seçilən bəzi Azərbaycan KİV-ləri bu xəbərləri xüsusi həvəs və təmtəraqla Azərbaycan oxucusuna çatdırdılar. Elə Moskvada keçirilən ilk təsis konfransındakı iştirakçıların kimliyinə baxıb yazdıq ki, yeni yaradılan təşkilatın şimal qonşumuzun ərazisindəki bütün söydaşlarımızı öz ətrafında birləşdirmək kimi şansları sıfıra bərabərdi. Əsas arqumentlərimizdən biri bu idi ki, təsis konfransında nə Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, nə də hər iki ölkənin rəsmilərindən kimsə iştirak etmirdi. Üstündən bir neçə ay keçəndən sonra proqnozlarımızın özünü doğrultduğunu gördük. Sibir regionunda yaşayan fəal diaspor liderlərindən olan Mirkazım Seyidov da yeni yaradılan qurumun İdarə Heyətində təmsil olnurdu. Mirkazım Seyidov bugünlərdə “Bakı-Xəbər TV”yə müsahibəsində bildirdi ki, artıq Elkaponenin təşkilatında təmsil olunmur. Ordan istefa verdiyini bəyan etdi. Buna səbəb kimi isə qurum rəhbərinin liderlik harizmasının zəif olduğunu göstərdi. Bununla iddia etmək olar ki, Elkaponenin yeni təşkilatı faktiki olaraq Sibirdəki ən böyük dəstəyindən məhrum olub. Yaxın zamanlarda baş verən iki mühüm hadisə isə bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti Rusiyadakı diasporun yenidən dirçəlməsində maraqlıdır, ancaq Elkaponesiz. Bunu iddia etməyə kifayət qədər əsaslarımız var. Ölkə başçısının Rusiyada görüşdyü diaspor liderlərinin arsında Füzuli Məmmədovun olmaması buna əyani sübutdur. İddia oluna bilər ki, həmin görüşdə yalnız Sankt-Peterburqu təmsil edən diaspor rəhbərləri olub. Bunun da cavabı var. Bir neçə gün əvvəl isə səfir Polad Bülbüloğlu və Diaspor Komitəsinin rəhbəri Fuad Muradov Moskva və onun ətrafındakı diaspor liderləri ilə görüşdülər. Heç həmin görüşdə də Elkaponenin olmaması onun mütləq diaspor lideri kimi qəbul olunmadığı anlamına gəlir.

Məhəmmədəli QƏRİBLİ

araz.az xəbər portalı.