9d7c2d4b3357e7ba03c3b8ad3fb9a8b0_XL.jpg

Redaksiyamıza Gəncə şəhərindən, ı qrup Böyük Vətən Müharibəsi əlili Şəldiyev Şəmşir Mikayıl oğlu, nəvəsi vasitəsiylə, məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi, dəyişiklik etmədən oxuculara təqdim edirik.

Hörmətli redaksiya!

Yazıb sizə bildirirəm ki, mən Şəldiyev Şəmşir Mikayıl oğlu, Böyük Vətən Müharibəsi iştirakçısı və əliliyəm. Kəlbəcərdən məcburi köçkün düşəndən indiyə kimi, yataqxanalarda həyat yoldaşım və azyaşlı nəvələrimlə çox acınacaqlı vəziyyətdə yaşamışam. Artıq yataqxanada yaşaya bilmədiyimdən, bu il Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6-nın ətrafı, Qocalar Evinin yanında, qohum-əqrabamın köməkliyi ilə, özümün, yoldaşımın və nəvələrimin yaşaya biləcəyi kiçik bir ev tikdim. (Əgər buna ev demək olarsa). Elə qara günlərim də, o vaxtdan başladı.

Belə ki, Gəncə Regional Qaz İstismar İdarəsinin rəisi Fariz Məmmədov və baş mühəndis Azər Bayramov, biz iki qocanı və körpə nəvələrimi soyuqdan öldürürlər. Bu şəxs, şəxsi maraqlarına, umacaqlarına görə, “KapitalBanka”-a sayğac pulunu ödəməyimə baxmayaraq, evimə qaz çəkmir ki, çəkmir. Onlar mənə deyir ki, qonşu razı deyil, xətt başqasınındır, biz sənə qaz xətti çəkə bilmərik.

Ola bilər ki, qaz xətti qonşunundur. Lakin qaz dövlətindir. Qazı dövlət verir. Dövlət qaz verməsə, qonşunun çəkdiyi xətt nəyə və kimə lazımdır ki?!.

O gün isə, baş mühəndis Azər Bayramova deyirəm ki, hörmətli cənab prezident İlham Əliyevə, hörmətli Mehriban xanım Əliyeva şikayət edəcəyəm sizdən. Azər əvəzində mənə, “kimə istəyirsən şikayət et, sənə cibimdən pul xərcləyib, qaz xətti çəkməyəcəm ki, ” dedi.

Mən onu başa sala bilmirəm ki, hörmətli cənab prezident hər il 9 may Qələbə Günü bizləri, barmaqla sayılacaq sayda yaşayan, Böyük Vətən Müharibəsi iştirakçılarını qəbul edir və hər hansı problemimizin olmaması üçün müvafiq tapşırıqlar verdiyini söyləyir.

Qeyd edim ki, ilk gündən “Azəriqaz” İB-nin keçmiş rəhbərliyi və İctimaiyyətlə Əlaqələr şöbəsi mənə qaz çəkilməsinə razılıq vermişdilər. Sonradan niyəsə “fikir” dəyişdi. Görünən odur ki, Gəncə Regional Qaz İstismar İdarəsinin rəhbərliyi və əməkdaşları, açıqcasına özbaşınalıq edir, “Azəriqaz”-ın yeni rəhbərliyini saymırlar.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, mənim bu qaz problemimi öz xəbər portalınızda işıqlandırasınız ki, hörmətli cənab prezident və hörmətli Mehriban xanım bundan xəbər tutalar və mənə köməklik göstərərlər. İnanıram ki, ölkə rəhbərliyi, 94 yaşlı vətən qarşısında xidmətləri olan bir babanı soyuqdan donmağa qoymaz!

P.S. Redaksiya olaraq, bu məsələni layiqli həllini tapanadək gündəmdə saxlayacağıq. Qarşı tərəfin münasibəti olacağı təqdirdə, dərhal işıqlandırmağa hazırıq.

Şəmşir babanın oğlunun mobil nömrəsi : 050-205-95-75

Arazmedia.az

araz.az xəbər portalı.