yasminindada.jpgPaytaxt Bakının ən elitar ərazilərdən biri kimi tanıdığımız Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “Yasmin” ticarət mərkəzinin binasından, 2008-2009-cu illərdə, üst-üstə 5 milyon manatdan çox pullarını ödəyib, özlərinə obyekt və ofislər alan 30 nəfər iş adamının başlarına gətirilən müsibətlər barədə, ölkə mətbuatı ilə bərabər, araz.az saytı da çoxsaylı yazılar dərc edib. Həmin yazılarda, “Mars-M” MMC-nin tabeçiliyində olan və elə, bu biznes qurumunun özü tərəfindən tikilərək, inşası 2010-cu başa çatdırılan həmin ticarət mərkəzinin xeyli vaxtdır ölkənin müxtəlif instansiya məhkəmələrində qalmaqallar dolu mübahisə obyektinə çevrildiyi, son vaxtlar isə, ictimai qınağa çevrilən bu qalmaqalların getdikcə daha da böyüdüyü xüsusi vurğulanıb. Əksərən, bu qalmaqallı işlərin mahiyyəti barəsində olan həmin araşdırma yazılarında xüsusi olaraq o da qeyd edilib ki, “XalqBank” ASC-nin başında duran imkan sahibləri, mürəkkəb tikinti quruluşu görkəmini olduqca cəlbedici edən bu ticarət mərkəzini ələ keçirməkdən ötrü, “Mars-M” MMC-nin hazırda həbsdə olan rəhbəri Mərhəmət Bəşirovun özünü də, özləri tərəfindən qabaqcadan hazırlanan hiylə və məkr dolu planın daha bir icraçısına çevirə biliblər. Bu azmış kimi, “Yasmin”dən özlərinə qeyri-yasayış sahələri alanları buradan uzaqlaşdırmaq üçün, onların belə başlarına istədikləri oyunu açmaqdan çəkinməyiblər. Konkret desək, külli miqdarda ziyana düşən həmin zərərçəkənləri öz investisiyalarından məhrum etmək üçün, hər vasitəyə əl atmaqdan çəkinməməklə, onları da, özlərinin qabaqcadan qurduqları tikinti fırıldağının qurbanına çeviriblər. Ən dəhşətlisi odur ki, həmin iş adamlarının külli miqdarda maddi zərərə salınmasıyla nəticələnən bu fırıldaqda, əvvəllər, aidiyyatı dövlət qurumları ilə bərabər, hüquq-mühafizə orqanlarının əlləri olub. Hazırda isə, aşağı instansiya məhkəmələri kimi, yuxarı instansiya məhkəmələri də, törədilən bu qatı cinayəti ört-basdır etməyə çalışırlar. Elə, bunun acı nəticəli qarşılığıdır ki, adını çəkdiyimiz bankın rəhbərləri, həmin iş adamlarının dəyərləri milyonlarla ölçülən halal mülklərinə əl qoya biliblər. Bir sözlə, illərin əzab-əziyyətləri hesabına topladıqları külli miqdarda pulları müqabilində aldıqları obyektləri, artıq, həmin zərərçəkənlərin əllərindən çıxmaq təhlükəsi ilə üz-üzədir.
Xeyli vaxtdır ki, Yasamal Rayon Məhkəməsində də, Mərhəmət Bəşirova qarşı bu ittiham üzrə — Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə cinayət prosesi gedir. Artıq, başa çatmaq üzrə olan bu məhkəmənin gedişindən belə açıq-aydın görünür ki, bu qatı cinayəti törədən cinayətkar qrup qanunsuz əməllərini ört-basdır etmək üçün, öz üzvünü himayə etməyə çalışır. Məhz buna görə də, cinayət prosesində zərərçəkənlərin heç bir vəsatətləri təmin edilmir. Daha bir qurama prosesin getdiyinə şahidlik etdikcə, bu cür məhkəmə yanaşmasının məqsədi də hamıya aydın olur. Yəni, əgər, Mərhəmət Bəşirov 195.2-ci maddə ilə cəza alsa, deməli, belə çıxır ki, o, bankı aldadıb. Guya, bank özü qanunsuz kredit verməyib, müştərisi ondan qanunsuz kredit alıb. Aldadılan bu bank isə, vicdanlı hesab olunacaq. Deməli, zərərçəkən sahibkarlar da, sonda, pullarını bankdan deyil, adına heç bir rəsmi əmlakı olmayan Mərhəmət Bəşirovdan tələb etməli olacaqlar. Artıq, başa çatmaq üzrə olan həmin məhkəmə prosesində prokuror Mərhəmət Bəşirova 6 il 6 ay cəza da istəyib. Belə görünür ki, hakim tərəfindən ona daha yüngül cəza veriləcək. Yekunda itirənlər isə, elə, zərərçəkən sahibkarlar olacaq.
Bu sirr deyil ki, ölkədə vicdan çərçivəsinə sığmayan belə hadisələrə çox şahidlik etmişik. İş adamlarını aldadaraq, milyonçuya çevrilən, sonda, yüngül həbs cəzası alan belələrinin cəzalarının yarı hissəsini çəkməmiş azadlığa buraxılmaları da, çoxdandır ki, adı hala çevrilib və bunlar ictimaiyyət tərəfindən heç vaxt birmənalı qarşılanmayıb. Elə, “XalqBank”ın “Yasmin”i zəbt etmək istəyi də, həmin çoxsaylı pisliklərdən biridir. Bu bank da, heç bir qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, artıq, “Yasmin”in binasını tam ələ keçirməyə hazırdır. Konkret desək, törədilən bu qatı cinayət əməli, yalnız, bu işdə adları zərərçəkən kimi keçən iş adamlarına qarşı deyil, həm də dövlət başçısının ölkədə sağlam biznes mühitinin inkişafına və sahibkarlığa hərtərəfli dəstəyə hesablanan siyasəti əleyhinədir.
Yasamal Rayon Məhkəməsində gedən həmin prosesdə tanınmış hüquqşünas, bu iş üzrə zərərçəkmiş şəxslərdən birinin nümayəndəsi və vəkili olan Əkrəm Həsənov özünün yekun məhkəmə çıxışında da, yuxarıda sadaladığımız bütün qanunsuzluqları tam çılpaqlığı ilə məhkəmə heyətinin diqqətinə çatdırıb. Maraqlı olsun deyə, vəkil Əkrəm Həsənovun 27 dekabr, 2019-cu il tarixli həmin çıxışını, nöqtəsinə, vergülünə toxunmadan, oxucularımızın diqqətinə çatdırırıq:

Ekrem-h.jpg“Möhtərəm hakim!
Baxılan iş ibtidai istintaq çərçivəsində o qədər qanunsuz aparılıb ki, bu proses çərçivəsində zərərçəkən şəxslər təqsirləndirilən şəxs Mərhəmət Bəşirovun İttiham Aktında göstərilən cinayət əməllərini törətməməsini sübut etmək zorunda qalıblar. Niyə? Ona görə ki, əslində, Bəşirov daha ağır cinayətlər törədib və biz ehtimal edirik ki, o, bunları “XalqBank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “XalqBank”) ilə birgə edib.
Sadəcə, ibtidai istintaq kimi, bu məhkəmə prosesi də, kobud qanun pozuntuları ilə və “XalqBank”ın maraqları çərçivəsində aparıldığı üçün, bu məsələlər tədqiq olunmadı. Belə ki, bizim heç bir vəsatətimiz təmin olunmadı. “XalqBank” nə kredit dosyesini, nə daxili kredit qaydalarını təqdim etmədi, nə də kreditin verilməsi barədə bankın qərar vermiş rəsmi şəxslərini dindirmədi. Bunlar edilsəydi, aşkar olacaqdı ki, Bəşirov sözügedən cinayətləri törətməyib. Sadəcə, ona da, “XalqBank”a da ittihamın məhz bu cür olması sərf edir.
Əslində, nə baş verib? Biz hesab edirik ki, zərərçəkmiş şəxslər “XalqBank”ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanlarıdır. Bu fırıldaqda aidiyyatı dövlət orqanları da iştirak edib. Hazırda isə, hüquq-mühafizə orqanları və məhkəmə törədilmiş cinayəti ört-basdır edərək, zərərçəkmiş şəxslər olan sahibkar vətəndaşları investisiyalarından məhrum etmək istəyirlər — işin qısa mahiyyəti də, elə, budur.
Bakının Səməd Vurğun küçəsində “Mars-M” firması “Yasmin” ticarət mərkəzini inşa edib. Bina hazır olmadan, 2009-cu ildən başlayaraq, zərərçəkmiş şəxslərə “Yasmin”də qeyri-yaşayış sahələri satılıb (orta hesabla hər obyektin qiyməti 100.000 manatdan çoxdur). 2010-cu ilin sonunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti binanı qabaqcadan qeydiyyata alıb (zərərçəkmiş şəxslərə bu barədə məlumat verilməyib). Adətən, həmin Xidmət belə binaları könüllü qabaqcadan qeydiyyata almır, yalnız məhkəmə qərarı əsasında bunu edir. Görünən odur ki, lap əvvəldən bu fırıldağın arxasında çox güclü şəxslər dayanıb.
2013-cü ilin oktyabrından 2014-cü ilin mayınadək zərərçəkmiş şəxslərə xəbər verilmədən “Mars-M” binanı (zərərçəkmiş şəxslərə satılmış obyektlərlə bərabər) girov qoyaraq, “XalqBank”dan 14 milyon manat kredit götürüb. Kreditin təyinatında binanın tikintisi və təmiri olub. Kredit üzrə ödənişdə dərhal problem yaranıb. Buna baxmayaraq, 2015-ci ilin iyulunda (ilk devalvasiyadan sonra) “XalqBank”, guya, “Mars-M”-ə 17 milyon dollar məbləğində yeni kredit verib. Kreditin məqsədi əvvəlki kreditin bağlanması, habelə, yenə də, binanın tikintisi və təmiri olub. Faktiki olaraq, “XalqBank” bunu özünü növbəti devalvasiyadan qorumaq üçün edib. Bankın müvafiq filialı kreditin verilməsinə etiraz etsə də, Müşahidə Şurası kreditin verilməsində israrlı olub.
“Mars-M” krediti yenə ödəməyib və bank məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi 2016-cı ildə “Mars-M”-dən borcun (19,5 milyon dollar) tutulmasını, o cümlədən girov qoyulmuş “Yasmin”i tutuma yönəldilməsini qət edib. Yalnız bundan sonra iki nəfər (onlardan biri təmsil etdiyim zərərçəkmiş şəxsdir) bu fırıldaqdan xəbər tutub. 2017-ci ildə onların şikayəti həm Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən təmin olunub: Binanın girov müqaviləsi onlara satılmış obyektlər hissəsində etibarsız hesab edilib. Lakin bank Konstitusiya Məhkəməsinə müraciət edib. Sonuncu 2018-ci ildə qərar verib ki, sahibkarların xeyrinə qərar verən məhkəmələr Daşınmaz Əmlakın Dövlət Reyestrinin mötəbərlik prezumpsiyasını, əmlak əldə edənin vicdanlılıq məsələsini nəzərə almayıb, buna görə də, işə yenidən baxılmalıdır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə isə, yalnız, Reyestrin mötəbərlik prezumpsiyasını rəhbər tutaraq, bankın xeyrinə qərar veriblər. Yəni, guya, bank Reyestrə etimad edərək, binanı girov götürüb. Amma bu əsnada “XalqBank”ın vicdanlılıq məsələsinə qiymət verilməyib.
Əslində, “XalqBank” ticarət mərkəzini girov götürərkən vicdanlı olmayıb, çünki binanın obyektlərinin satıldığını bilirdi və ya, ən azı, bunu bilməliydi. Belə ki, Azərbaycanda heç bir bina tikintisinin əsas hissəsi, tikinti aparan şirkətin öz vəsaiti hesabına həyata keçirilmir. Tikinti başlayan kimi, binanın hissələri (yaşayış və qeyri-yaşayış sahələri) satılır və tikinti əldə edilən vəsait hesabına davam etdirilərək, yekunlaşdırılır. Bunu hamı bilir! Banka gəldikdə isə, o, “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, “Mars-M”-in maliyyə hesabatları əsasında asanlıqla müəyyən edə bilərdi ki, “Yasmin” borc alanın öz hesabına inşa edilmir. Bank bunu etməyibsə, vicdanlı deyil, edibsə, deməli, ümumiyyətlə, cinayət əməlində birbaşa iştirakçıdır.
Digər tərəfdən, “XalqBank” “Yasmin”i girov götürərkən orada alınmış obyektlərin xeyli hissəsi artıq təmir olunmuş, bəzilərində isə, vergi kodu alınaraq, sahibkarlıq fəaliyyəti həyata keçirilməyə başlamışdır. “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, bank girov götürdüyü obyektə baxış keçirməli idi. Keçirsəydi, obyektlərin satıldığını müəyyən edə bilərdi. Bank bunu etməyibsə, vicdanlı deyil, edibsə, deməli, ümumiyyətlə, cinayət əməlində birbaşa iştirakçıdır.
Ümumiyyətlə, kreditin verilməsi çox şübhəli şəraitdə həyata keçirilib və “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələbləri dəfələrlə pozulub. Belə ki, artıq qeyd etdiyimiz kimi, bank krediti filialının mənfi qərarına zidd olaraq verib. Filial “Mars-M”-i problemli və zərərlə işləyən borc alan hesab etdiyi üçün, kreditin əleyhinə olub. “Mars-M” əvvəlki krediti ödəməsə də, ona yeni kredit verilib, özü də, açıq-aşkar bankın devalvasiya risklərini ötürmək məqsədilə. Bu zaman, kreditin təyinatı da dəyişməz qalıb: Binanın tikintisi və təmiri. Yəni, açıq-aşkar saxta və formal təyinat: Tikinti və təmir sonsuzadək davam edibmi? Əksinə, həmin dövrdə bu işlər artıq bitmək üzrə idi. Bankın qəsdən ödəniş qabiliyyəti olmayan borc alana kredit verməsi o deməkdir ki, o, tamamilə girov predmetinə tutmaya arxalanmışdır. Halbuki, “Banklarda kreditlərin verilməsi Qaydaları”na görə, təminat kreditin qaytarılmasının yeganə mənbəyi ola bilməz.
Nəhayət, “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən, belə iri kredit üzrə girov azı iki kənar qiymətləndirici tərəfindən dəyərləndirilməli və yoxlanılmalı idi. Amma, yalnız, bir qiymətləndirici rəy verib. Belə olduğu halda, bankın vicdanlı olmasını necə iddia etmək olar?! Üstəlik, bank həmin Qaydalarla tələb olunan bir sıra sənədi “Mars-M”-dən götürməyib: Biznes-plan, tikinti sənədləri, borc alanın qiymətləndirilməsi hesabatı və s., və i. Qanunvericiliyə riayət etmədən kredit vermiş bank necə vicdanlı hesab oluna bilər, axı?!
Buna baxmayaraq, bank iddia edir ki, nəinki vicdanlıdır, hətta, guya, “Mars-M”-in sahibi və rəhbəri Mərhəmət Bəşirov tərəfindən aldadılmışdır. Bu ittihamın da irəli sürülməsi məqamı bankın rəhbərliyinə dair şübhələri artırır. Bank, yalnız, Konstitusiya Məhkəməsinin 2018-ci il tarixli qərarından sonra Baş prokurorluğa Bəşirov barədə şikayət etmişdir. Həmin ana, bank, artıq, 2 il idi bilirdi ki, sahibkarlar obyektlərin onlara daha əvvəl satıldığını iddia edirlər. Amma, nədənsə, bank sanki Bəşirovu himayə edərək, şikayət etmirdi. Yalnız başa düşəndən sonra ki, biz haqqımızı tələb edəcəyik, bank Bəşirovu qurban verdi. Amma tam olaraq qurban vermədi və bu işdə prokurorluq da Banka kömək etdi. Belə ki, Bəşirova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq, maksimal cəza – 10 il müddətinə azadlıqdan məhrumetmə) ilə cinayət işi açıldı. Halbuki, zərərçəkmiş şəxslərə birgə olaraq milyonlarla manat məbləğində (hər bir halda 5 milyon manatdan çox) ölçülən zərər dəyişmişdi. Deməli, Bəşirova qarşı 178.4-cü maddə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq, maksimal cəza – 14 il müddətinə azadlıqdan məhrumetmə) ilə iş açılmalı idi. Bunu başa düşəndən sonra, prokurorluq, ümumiyyətlə, dələduzluq ittihamından imtina etdi və Bəşirovu qanunsuz kredit almaqda (Cinayət Məcəlləsinin 195.2-ci maddəsi, maksimal cəza – 5 il müddətinə azadlıqdan məhrumetmə) ittiham etdi: Guya, Bəşirov girovun hissələrini satdığı haqda banka məlumat verməyib və nəticədə, bank yox, sahibkar vətəndaşlar zərərə məruz qalıblar. Maraqlı məntiqdir: Aldadılan, guya, bankdır, amma zərər çəkən sahibkar vətəndaşlar! Nədir, bu “humanistliyin” səbəbi?! Açıq-aşkardır ki, cinayətkar qrup öz üzvünü himayə edir, ona yardım edir. Məhz buna görə də cinayət prosesində heç bir vəsatətimiz təmin edilmir: Kredit dosyesi, bankın daxili kredit qaydaları təqdim edilmir, kredit haqda qərar vermiş “XalqBank”ın vəzifəli şəxsləri dindirilmir və s. Açıq-aşkar qurama bir məhkəmə işi gedir!
Bu yanaşmanın məqsədi də aydındır. Əgər, Bəşirov Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə cəza alsa, deməli, bankı aldadıb (guya, bank özü qanunsuz kredit verməyib, Bəşirov ondan qanunsuz kredit alıb). Aldadılan bank isə, vicdanlı hesab olunacaq. Deməli, zərərçəkmiş şəxslər də, pulunu Bankdan deyil, adına heç bir rəsmi əmlak olmayan Bəşirovdan tələb etməlidirlər. Eyni zamanda, Bəşirova da çox yüngül cəza veriləcək. Beləliklə, yekunda itirən zərərçəkmiş sahibkarlar olacaq. “XalqBank”, artıq, “Yasmin”i zəbt edib, zərərçəkmiş şəxləri ora buraxmır və hərrac vasitəsilə “Yasmin”i tam ələ keçirməyə hazırlaşır.
Gəlin, konkret baxaq, görək ki, Bəşirov İttiham Aktında əks olunmuş cinayət əməllərini törədibmi?
1. Cinayət Məcəlləsinin 195.2-ci maddəsi üzrə ittiham. Sözügedən maddənin dispozisiyası belədir: “Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi külli miqdarda ziyan vurduqda”.
Göründüyü kimi, cinayət tərkibinin obyektiv tərəfini iki əməldən biri təşkil edə bilər: 1) Təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması; 2) Alınmış kreditdən təyinatı üzrə istifadə edilməməsi. Hər iki əməlin nəticəsi də külli miqdarda (Cinayət Məcəlləsinin 190-cı maddəsinin Qeydinə uyğun olaraq, yüz min manatdan artıq olan mәblәğ) ziyanın vurulmasından ibarət olmalıdır.
Bəşirova qarşı ittiham birinci əməl üzrədir. Yəni iddia olunur ki, guya, Bəşirov girov qoyduğu əmlak barədə bilə-bilə yalan məlumatlar verməklə, “XalqBank”dan kredit alıb. Və bu əməllə də, guya, faktiki olaraq, “XalqBank”a deyil, “Mars-M” firmasından qeyri-yaşayış sahələri alan vətəndaşlara külli miqdarda ziyan vurub. Əslində isə, bank özü qanunsuz kredit verib. Ödəniş qabiliyyəti olmayan və açıq-aşkar əvvəlki kreditini ödəməyən hüquqi şəxsə böyük məbləğdə borc verib. Bu əsnada, qanunvericiliklə tələb olunan sənədləri ondan tələb etməyib. Üstəlik, götürdüyü girov əmlakına dair ən azı bilməli idi ki, onun xeyli hissəsi artıq satılıb. Butün bunları artıq qeyd etdik. İndi də, “XalqBank” deyir ki, məni aldadıblar?! Puşkinin şeirindən iki misranı xatırladırıq: “Ах, обмануть меня не трудно!.. Я сам обманываться рад!” (“Məni aldatmaq çətin deyil! Özüm aldanmağa şadam!”). Bu isə o deməkdir ki, bankın öz işçilərinə qarşı cinayət işi açılmalıdır. Məsələn, Cinayət Məcəlləsinin 179-cu (“Mənimsəmə və ya israf etmə”), 308-ci (“Vəzifə səlahiyyətlərindən sui-istifadə”), 313-cü (“Vəzifə saxtakarlığı”), 314-cü (“Səhlənkarlıq”) və s. maddələri üzrə. Ən azı bütün bunlar bankın qeyri-peşəkar və riskli fəaliyyətindən xəbər verir. Bunu hər bir halda onun səhmdarları və müştəriləri, xüsusən də, əmanətçiləri bilməlidir.
Təsadüfi deyil ki, bank kredit dosyesindən (tarixçəsindən) yalnız lazım bildiyi sənədlərin surətini təqdim etmişdir. Təbii, həmin sənədlər bankın mövqeyinin əsaslı olduğunu sübut etməyə xidmət edir. Lakin işə tam və hərtərəfli baxmaq üçün, kredit dosyesi bütövlükdə sübut kimi təqdim edilməli idi. Yalnız, bu halda, hadisələrin (hərəkətlərin) xronologiyasını və mahiyyətini, habelə bütün iştirakçıları (şahidləri) müəyyən etmək mümkündür. Lakin məhkəmə bu barədə vəsatətimizi təmin etmədi.
Məhkəmə prosesi əsnasında, bankın işçiləri etiraf etdi ki, kreditin verilməsi qanunvericiliyə uyğun deyil, bankın daxili qaydalarına uyğun həyata keçirilib. İki dəfə vəsatət verdik ki, araşdırmanın tamlığı üçün, bankın daxili qaydaları təqdim olunmalıdır. Lakin məhkəmə bu vəsatətlərimizi də təmin etmədi.
Bütün bunlar onu göstərir ki, məhkəmə işin obyektiv baxılmasını təmin etməkdə maraqlı deyil. Hakimə etirazımız belə baxılmamış saxlanıldı!
2. Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə ittiham. Sözügedən maddənin dispozisiyası belədir: Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olduqda.
Həmin 308-ci maddədə, “vəzifəli şəxs” dedikdə, kimin ehtiva olunduğu sadalanır: Hakimiyyət nümayəndələri, hakimlər, hüquqi şəxslərin rəhbərləri və işçiləri, fərdi sahibkarlar və s. Bu da təsadüfən edilməyib. Hər bir şəxs vəzifə səlahiyyətlərindən ona bu vəzifəni həvalə etmiş şəxsin mənafeyinə zidd sui-istifadə edə bilər. Əks halda, belə çıxır ki, sözügedən şəxslər hər hansı cinayəti törətdikləri halda, onlara qarşı, o cümlədən, Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə də ittiham irəli sürmək olar. Məsələn, istənilən müəssisədə bir işçi digərini vurub öldürsə, onu, o cümlədən, Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə təqsirləndirmək olar. Məntiq sadə olacaq: Bu vəzifəni tutmasaydın, müəssisənin binasında olmayacaqdın, olmasaydın, öldürə də bilməyəcəkdin, deməli, vəzifə səlahiyyətlərindən sui-istifadə etmisən. Bu absurddur!
308-ci maddədəki cinayət tərkibi iqtisadi fəaliyyət sahəsində cinayət deyil, həmin maddə Cinayət Məcəlləsinin “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” adlı 33-cü fəsildə yerləşdirilib. Buna görə də, burada zərərçəkmiş şəxs qismində kontragent çıxış edə bilməz. Hüquqi şəxsin rəhbərindən söhbət gedirsə, zərərçəkmiş şəxs qismində də, məhz, həmin hüquqi şəxs çıxış edə bilər, çünki vəzifəli şəxs onun maraqlarını qorumayıb.
Xatırladırıq ki, sözügedən cinayət tərkibinin dispozisiyasının mütləq əlaməti “qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi”dir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında da, “vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl” vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin obyektiv cəhətdən zəruri əlamətlərindən biri kimi göstərilir. Bəşirov hansı qulluq mənafeyinə zidd bir şey edib? İttiham Aktında bu barədə heç nə deyilmir. Deyilə də bilməzdi!
Azərbaycan Elmlər Akademiyasının nəşri olan “Azərbaycan dilinin izahlı lüğəti”nin (Bakı, 2006) III cildinin 337-ci səhifəsində “mənafe” sözünün iki mənası təsbit edilib: 1) mənfəət, fayda, nəf, xeyir; 2) bir kəsin, bir şeyin rifahını təşkil edən, onun xeyrinə olan, ehtiyac və tələblərinə xidmət edən şey.
Kreditin götürülməsi hansı şəkildə Bəşirovun qulluq mənafeyinə zidd olub? Həmin ziddiyyət nədən ibarətdir? Cavab var? Yoxdur! Təbii ki, bu tam cəfəng bir ittihamdır!
Ümumən, söhbət bankdan gedirsə, ona heç bir zərərin dəymədiyini və dəyməsinin də mümkünsüz olduğunu Cinayət Məcəlləsinin 195.2-ci maddəsi üzrə ittihamı şərh edərkən sübut etmişik. Təbii ki, hər hansı ağır nəticələrdən də söhbət gedə bilməz. Sadəcə, ittiham tərəfi adəti üzrə iqtisadi fəaliyyət sahəsində bütün cinayətlər üzrə ittihama Cinayət Məcəlləsinin 308-ci maddəsini də avtomatik qoşur — “Tutdu qatıq, tutmadı ayran” prinsipi ilə! Həm də, axı, unutmayaq ki, ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb. Axı, necəsə əsaslandırmalıdır ki, korrupsiya ilə bağlı olmayan hipotetik cinayət əməlinin hansı əsasla istintaqını aparıb! Ölkəni korrupsiya bürüyüb, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə, naməlum səbəblərdən özünə aid olmayan işlərlə məşğuldur.
Beləliklə, Mərhəmət Bəşirov ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli deyil. Daha ağır cinayətlərin törədilməsində təqsirlidir. Özü də, “XalqBank”ın rəhbərliyi ilə bərabər. Buna görə də, onların əməlləri üzrə istintaq yenidən aparılmalıdır. Yalnız bu halda zərərçəkmiş şəxslərin haqarı həqiqətən qorunmuş olacaq. Əks halda, yəni, Bəşirovun İttiham Aktındakı ittihamlar üzrə təqsirli bilinməsi yalnız və yalnız “XalqBank”ın əməllərinin ört-basdır edilməsinə və onun faktiki əlaltısı olmuş Bəşirova yüngül cəzanın verilməsinə xidmət edəcək”.
Xatırladırıq ki, tanınmış hüquqşünas Əkrəm Həsənov bir müddət əvvəl özünün “feysbuk” səhifəsində də, kreditlərlə bağlı qanunsuz qərar və qərardadlar verdiklərinə görə, ölkə məhkəmələrini, ələlxüsus, Konstitusiya Məhkəməsini kəskin tənqid atəşinə tutan yazı ilə çıxış edib. Hüquqşünas həmin qərar və qərardadların ölkə Konstitusiyasına zidd olduğunu və bankların təzyiqi altında qəbul olunduğunu iddia edib. Hətta, həmin yazısında, belə işlərin istintaqını aparan ölkənin hüquq sisteminə, məhkəmələrinə, hakimlərinə görə dərin utanc hissi keçirdiyini bildirib.
“Yasmin” ticarət mərkəzi ətrafında baş verən hadisələrin gedişi araz.az saytının diqqət mərkəzində olduğundan, yazının davamı olacaq. Saytımızı izləyin.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.