30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan, Azərbaycan və Rusiya ictimaiyyətləri tərəfindən diaspor və mətbuat fəalı, yazıçı-publisist, şair kimi yaxşı tanınan, ictimai-siyasi xadim kimi kifayət qədər nüfuza malik olan Mirkazım Heydər oğlu Seyidov da, təbliğat-təşviqat kampaniyasına start verdiyi barədə, araz.az xəbər portalına məlumat verib. O, öncə bildirib ki, Suraxanı rayonunun bu Seçki Dairəsinin ərazisinə düşən ayrı-ayrı yaşayış məntəqələrinin əhalisi arasında movcud imkanlarını dəyərləndirərək, parlament seçkilərinə qatılmaqla, ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək qərarına gəlib: “Suraxanı camaatının hər birinin vətəndaş məsuliyyəti anlamının daşıyıcısı olduğumdan xəbərim var deyə, siyasi mübarizədə onlarla bir sırada olmağı özümə şərəf bildim. Bir də ki, onların ədalətli seçim edəcəklərinə inanıb, hər bir namizədin fəaliyyətinə, cəmiyyətdəki yerinə dəyər vermək bacarıqlarına arxalandığımdan, bu məsuliyyət anında doğru seçim edəcəklərinə tam olaraq güvənib, buna zərrə qədər də olsa şübhəm qalmadığı üçün, namizədliyimi buradan verdim. Üstəlik, Suraxanı camaatının məni deputat görmək istəyib-istəməmələri də, özüm üçün, həddən artıq vacib idi. Elə, namizədliyimi irəli sürməyimə qərar verməyim üçün də, yerli əhalinin bir qisminin belə bir təşəbbüslə mənə müraciət etməsi kifayət etdi. Hələ Rusiya Federasiyasında olarkən, məni görmək istədikləri üçün, onların etdikləri çoxsaylı dəvətlər, ardı-arası kəsilməyən telefon zəngləri mənə sonsuz ruh verib, hədsiz dərəcədə sevindirdi. Məhz bunlara və imzatoplama kampaniyası zamanı mənə qarşı göstərdikləri yüksək diqqətə görə, onların hər birinə bir daha sonsuz təşəkkürümü bildirirəm!”.
Deputatlığa namizəd sonra qeyd edib ki, bu Seçki Dairəsində səsvermə hüququna malik seçicilərin əksəriyyəti, onu, prinsipial mövqeli, sözünü deyə biləcək bir ictimai-siyasi fəal kimi, artıq, çoxdandır ki, yaxşı tanıyır, verdiyi vədlərə vaxtında əməl edəcəyinə tam inanırlar: “Seçki platformamın ana xəttini müəyyən edən “SİZİN PROBLEMİNİZ — MƏNİM PROBLEMİM!” məzmunlu əsas şüarımı ortaya qoyandan sonra, dəyərli, uzaqgörən və dərin düşüncə sahibi seçicilər olaraq, üzümü birbaşa onlara tərəf çevirmək qərarına gəldim. Cünki həmişə onların sosial problemləri ilə maraqlanan, bu ərazilərdəki mövcud çatışmazlıqların sradan qaldırılması, digər problemlərinin həlli istiqamətində əlimdən gələni əsirgəməyən bir ictimai fəal, siyasət adamı, qələm sahibi kimi, özümü çoxdan onlara tanıda bilmişəm. Bütün problemlərinin həlli istiqamətində etdiklərim onların gözləri qarşısında olub deyə, tam əmindirlər ki, etimadlarını qazanıb, deputat seçiləcəyim təqdirdə, onlara xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq. Bunun müqabilində, işlərinə daha çox yarayacaq, onlarla müntəzəm surətdə kollektiv və fərdi görüşlər keçirərək, hər birinin qayğı və problemləri ilə yaxından maraqlanıb, müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq şəraitində onların həllinə tez bir zamanda nail olmağa çalışacağam.
Suraxanı camaatının doğru seçim edəcəklərinə indidən güvənirəm. Onlara, təəssüblərini çəkib, sözlərini deyə biləcək bir vəkilin həmişə lazım olduğunu bildikləri üçün, əminəm ki, 9 fevral, 2020-ci il tarixli deputat seçkiləri günü, onlar üçün də, düzgün seçim edəcəkləri məsuliyyət anı olacaq, bu zaman yanılmayacaq və səslərini sözlərini deyə biləcək, problemlərini öz problemi kimi qəbul edəcək, görən gözləri, eşidən qulaqları, döyünən ürəkləri olmaqla, etimadlarını qazanacaq namizədə verəcəklər. Ümid edirəm ki, onların hər birinin seçimi, həm də dövlətimizin xalqımızın bu gününə, uğurlu sabahına, gələcəyinə xidmət edən möhtəşəm bir qərar olacaq!
Onlar yaxşı bilirlər ki, yüksək etimad göstərib, mənə səs verərək, özlərinə vəkil seçməklə və “Mən Suraxanını təmsil edən millət vəkiliyəm” demək haqqını mənə verməklə, həm də sabahkı inkişaf etmiş, çiçəklənən, Qarabağlı Azərbaycanlarına səs vermiş olacaqlar!”.
Malik MİRZƏ,
araz.az saytının xüsusi müxbiri.
araz.az xəbər portalı.