29F7E835 E32A 445E B0C8 719124FA9B5EMiskin Abdal haqqında qısa məlumat:

MİSKİN ABDAL (Seyyid Hüseyn Məhəmməd oğlu) 1430-cu ildə Göyçə mahalının (Basarkeçər rayonunun) Zərgərli (Sarıyaqub) kəndində doğulmuş, 1535-ci ildə həmin kənddə vəfat etmişdir.

“Miskin” ve “Abdal” təxəllüsləri onun Sufizmdə qazandığı ən yüksək pillə, mərhələ və məqamları simvolizə edir, bu adlar ona Sufizmin ŞƏRİƏT, TƏRİQƏT, MƏRİFƏT mərhələlərini keçərək, sonuncu, ən yüksək “HƏQİQƏT” mərhələsinə, XIZIR məqamına qovuşduğu üçün “QIRXLAR – ABDALLAR PİRİ” tərəfindən Təsəvvüf ordenleri kimi verilmişdir. Miskin Abdala Allah tərəfindən metafizik güc, qüdrət, möcüzələr göstərmək qabiliyyəti – kəramətlər, fəzilət və hikmət verilmiş, sağlığında ikən Pir kimi ziyarət edilmiş, “Miskin Ocağı” kimi şöhrətlənmişdir. 1501-ci ildən Səfəvilər dövlətində müxtəlif yüksək vəzifələrdə xidmət etmiş, 1515-ci ildə ŞAH İSMAYIL XƏTAİNİN xüsusi Fərmanı ilə təltif edilmişdir.

Səfəvilər tarixinə həsr olunmuş ilk tarixi roman olan, Azərbaycanın xalq yazıçısı ƏZİZƏ xanım CƏFƏRZADƏNİN “BAKI 1501” əsərində (1981) Miskin Abdal sufi şair və ozan-aşıq kimi hörmətlə yad edilmiş və Şah İsmayılın Miskin Abdala olan xüsusi ehtiramı və rəğbəti, Səfəvilər sarayında MƏHƏMMƏD FÜZULİ ilə MİSKİN ABDALIN şərəfinə ayrıca şeir məclisinin keçirilməsi, Şah İsmayılın Miskin Abdalın adına, onun böyük kəramət sahibi olmasını təsdiq edən, habelə doğulduğu Zərgərli (Sarıyaqub) kəndinin nəsilbənəsil ona hədiyyə edilməsini nəzərdə tutan Fərman verməsi təsvir edilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Nurəddin Ədiloğlunun Səfəvilər tarixinə həsr olunmuş “Taxt və tabut” tarixi romanında (2019) MİSKİN ABDAL ŞAH İSMAYIL XƏTAİNİN VƏZİRİ vəzifəsində əsərə daxil edilmişdir.

MİSKİN ABDAL Səfəvilərin böyük ideoloqu və görkəmli dövlət xadimi, diplomat, sərkərdə, Şah İsmayıl Xətainin sufi mürşidi, şeyx, təsəvvüf Piri, övliya, “Ricalül-Qeyb” – “Qeyb Ərəni”, sufi şair, ozandan aşığa – aşiqə (Haqq aşiqinə – Haqq aşığına), qopuzdan saza keçidin banisi, “Baş Divani”, “Osmanlı Divanisi”, “Dərvişi”, “Paşa köçdü”, “Göyçə gözəlləməsi” və digər çoxsaylı saz havalarının (sufi musiqi bəstələrinin) müəllifi, böyük din və elm xadimi kimi adını tarixə qızıl hərflərlə yazdırmışdır.

Miskin Abdal ilk dəfə Təbrizli Sövdəgər Mahmudun (“Miskin Abdal və Şah İsmayıl” dastanında o, “İlan” Mahmud adlanır) qızı SƏNUBƏRLƏ evlənmiş, bir neçə ay sonra Sənubər vəfat etmişdir. Miskin Abdal yalnız 50 yaşından sonra ikinci dəfə İrəvanlı Tacir Ziyadın qızı HƏLİMƏ ilə evlənmişdir. Həlimə ilə evlilikdən Miskin Abdalın 4 övladı – ŞADMAN, ƏLİ, HƏSƏN adlı oğulları, MƏLEYKƏ adlı qızı olmuşdur. ƏLİ və HƏSƏN Dağıstan dağlarında həlak olmuş, MİSKİN ABDALIN şəcərəsini oğlu ŞADMAN və qızı MƏLEYKƏNİN nəsilləri davam etdirmişlər.

Miskin Abdalın kəramətləri:

Miskin Abdalın kəramətləri çox olmuşdur. Bu yazıda biz onun ən çox yayılmış kəramətlərindən bir neçəsi barədə söhbət açacağıq.

Bu tarixi əhvalat MİSKİN ABDAL və OĞLU ŞADMANLA bağlı bu günümüzədək gəlib çatmış, xalq arasında ən çox yayılmış mötəbər rəvayətdir və ilk dəfə “Ədəbiyyat və incəsənət” qəzetinin 30.11.1974-cü il tarixli sayında şair Məmməd Aslanın “Miskinlərin ən məğruru” adlı məqaləsində verilmişdir.

Həmin əhvalat “Miskin Abdal və Şah İsmayıl” dastanının da bir parçası olub, Miskin Abdal ilə bağlı sonrakı rəsmi nəşrlərdə də (kitablarda) yer almışdır.

Rəvayət belədir: Miskin Abdalın Göyçə mahalında Zərgərli (Sarıyaqub) kəndindəki evinin həyətinə qeybdən maral sürüsü gəlmişdir. Bir dəfə Miskin Abdalın oğlu ŞADMAN atasının Sarıyer yaylağındakı ilxısına, mal-qarasına basqın edən “Şahsevən” adlanan tayfadan olan bir neçə qulduru (bəzi mənbələrə görə 10 qulduru) öldürmüşdür.

Həmin gün şər qarışır, həmişə vaxtında sağına gələn marallar bu dəfə nədənsə sağına gəlmir. Handan-hana sürü həyətə gəlir. Abdalın arvadı Həlimə maralları sağıb, südü qazanda həyətdəki ocağın üstünə qoyur. Elə bu vaxt Həlimə alovun işığında qazandakı maral südünün qan kəsdiyini görür. Həlimə həyacanlanaraq tez bu haqda əri Miskin Abdala xəbər verir:

– Evin yıxılmasın, ay Abdal, marallardan qan sağılıb. Süd qan kəsdi.

Miskin Abdal Allahdan əta edilmiş kəramət sahibi, pir, övliya, «Ocaq» sahibi olduğundan, ocaqdakı süd qan kəsdiyindən oğlu ŞADMANIN haradasa qan saldığı, kiminsə qanını axıtdığı, adam öldürdüyü ona əyan olur və deyir:

– Yəqin ki, ŞADMAN adam öldürdü, Ocağıma qan saldı.

Gecənin bir aləmində Şadman evə gəlib çıxır. Həqiqətən də məlum olur ki, o, atasının ilxısına, mal-qarasına qənim kəsilmiş quldurların on nəfərini təkbaşına qılıncdan keçirmişdir.

Şadman, öyünərək, qürurla atasına:

– Ata, arxayın yat, bir nəfər qəlbinə dəymişdisə, əvəzində on adamın qanını axıtmışam, – deyir.

Bu xəbərdən Miskin Abdal bərk qəzəblənir, əlindəki əsası (çəliyi) burum-burum olur. (həmin əsa indi də «Miskin Ocağı»nda saxlanılır). O, əsasını qeyzlə yerə çırpır. Bu vaxt, rəvayətə görə, hətta, zəlzələ baş verir. Miskin Abdal hirslənərək yanar ocaqdan höyüş bir armud ağacının kösövünü – odun götürüb, Şadmana tərəf atır. Lakin Allah Şadmanı, günahı olmadığı üçün, yəni basqın edən quldurları zərərsizləşdirmək niyyəti ilə öldürdüyü üçün, atasının qəzəbindən qoruyur. Hamını heyrətə gətirən və neçə əsrlərdir dillər əzbəri olan bir möcüzə baş verir. Miskin Abdalın Şadmana tərəf atdığı yanmış kösöv – odun Şadmana çatmamış yerə sancılaraq, höyüş olduğundan, kök atıb, bitir və “Yanıq armud» ağacına çevrilir. Həmin ağac hər axşam sanki yanırmış kimi, özündən nur saçmış, yerli əhali tərəfindən müqəddəs yer kimi ziyarət edilmişdir.

Bu hadisədən sonra, sufi şeyxi, övliya Miskin Abdal oğlu Şadman adam öldürdüyü üçün, vəfatından əvvəl müqəddəs “Ocağı”nın – müqəddəs əşya və sənədlərinin əli insan qanına batmış oğlu Şadmanda deyil, saflıq və paklıq mücəssiməsi olan qızı Məleykədə (o da öz əmisi oğlu ilə evlənmişdir) qalmasını vəsiyyət edir. “Ədəbiyyat və incəsənət” qəzetinin 30.11.1974-cü il tarixli sayında şair Məmməd Aslanın “Miskinlərin ən məğruru” adlı məqaləsində və “Miskin Abdal və Şah İsmayıl” dastanında da “Ocağın” Miskin Abdal tərəfindən qız nəslinə vəsiyyət edilməsi barədə maraqlı məlumatlar verilmişdir.

Ustad sənətkar, Daşkəndli Aşıq Hacı Bayramov “Ocağ”ın Miskin Abdal tərəfindən oğlu Şadmana yox, qızı Məleykəyə verilməsi ilə bağlı ən çox yayılmış aşağıdakı əhvalatı danışmışdır.

Bu əhvalat da Miskin Abdalın oğlu Şadmanın nəslinin tanınmış nümayəndəsi, jurnalist, şair-publisist, folklorşünas tədqiqatçı Tofiq Hüseynzadənin “Səfəvilərin böyük övliyası Miskin Abdal” kitabında (2005) Aşıq Hacı Bayramova istinadən verilmiş, həmçinin, “Miskin Abdal və Şah İsmayıl” dastanının bir parçası kimi bütün rəsmi nəşrlərdə yer almışdır.

Həmin tarixi rəvayət belədir: 1535-ci ildə Miskin Abdal ölüm ayağında olarkən oğlu Şadmanı çağırıb deyir:

– Oğul, günahın olsa da, olmasa da adam öldürüb, qan tökübsən. Buna görə müqəddəs “Ocağ”ımın sənə qalmasını məsləhət bilmirəm. Məndən sonra ”Ocağ”ımı ata payı kimi qızıma – Məleykəyə ver.

Şadman atasının məsləhəti ilə razılaşır. Miskin Abdalın vəfatından sonra oğlu Şadman atasının vəsiyyətinə əməl edir. “Ocağ”ı bacısı Məleykəyə verir. Lakin unutduğundan atasının burum əsası evdə qalır, digər əşya və sənədləri isə verir.

Bu zaman qeybani bir hadisə – möcüzə baş verir. Ər evində olan bacısı Məleykə səhər yuxudan durub, görür ki, ’’Ocaq” yerində yoxdur. Başı alovlu atası evinə – qardaşı Şadmangilə gəlir, əhvalatı ona danışır. Şadman evdə əvvəl “Ocağ”ın saxlanıldığı yerə gedib baxır ki, “Ocaq” əvvəlki yerindədir. Onlar bu işə mat-məəttəl qalırlar. Allaha təvəkkül edirlər. Şadman “Ocağ”ı yenidən bacısına verir. Lakin həmin gecənin səhəri Məleykə yenə də bu hadisə ilə üzləşir. Yenə də ata evinə gedib, “Ocağı” Şadmangildən gətirir.

Bu hal bir neçə dəfə təkrar olunur. Axırda Məleykə ağlayıb, deyir:

– Ay qardaş, axı, mən nə günah iş görmüşəm ki, atamın ”Ocağ”ı bizdə dayanmır?

Qardaşı Şadman ona ürək-dirək verib, ”Ocağ”ı yenə də bacısına qaytarır. Həmin gecə Allahın bu möcüzəsinin sirri açılır. Şadman həmin gecə yatıb, yuxusunda atasını görür. Atası yuxusunda Şadmana deyir:

– Oğul, evdəki burum çəliyimi də ”Ocağ”a qoy. “Ocaq” bir daha geri qayıtmayacaq.

Şadman anlayır ki, atasının burum-burum çəliyi yadından çıxıb, evdə qalıb. Şadman unudub evdə saxladığı atasının burum əsasını – çəliyini də “Ocağ”a qoyub bacısına verir. O vaxtdan “Ocaq” bacısı Məleykəgilin evində qalır, bir daha oradan yox olmur.

Bu hadisədən sonra Zərgərli (Sarıyaqub) kəndində Miskin Abdalın adı ilə iki tayfa: “Şadmanlı” – oğul və ’’Ocaqlı” – qız tayfaları yaranır.

Miskin Abdalın «Ocağ»ın qız nəslində qalmasına dair vəsiyyətinə nəsilbənəsil əməl olunmuş və həmin əşya və sənədlər onun qız nəslinin nümayəndələri tərəfindən qorunub saxlanılmışdır. Hazırda da “Miskin Ocağı” Goranboy rayonunun Qaradağlı kəndində saxlanılır və qədirbilən xalqımız tərəfindən ziyarət edilir.

Həmin əhvalatlar Sarıyaqub və digər kəndlərin, Göyçə və ətraf mahalların əhalisinin uşaqdan-böyüyə hamısının dilinin əzbəri olmuşdur. Qərbi Azərbaycanın indiki Qarakilsə (Quqark) rayonunun Mollaqışlaq, Haydarlı və Hollavar kəndləri, Axta (Razdan) rayonunun Miskin (Axundov) kəndi və Gədəbəy rayonunun Miskinli obasının (bu oba «Miskin» adlanan kəndi və digər 10 kəndi əhatə edir) əhalisi arasında da «Yanıq armud» ağacı və yuxarıda göstərilən digər tarixi rəvayətlər, möcüzələrlə bağlı maraqlı əhvalatlar indi də yaşayır.

“Şadmanlı” nəslinin tanınmış nümayəndəsi TOFİQ HÜSEYNZADƏ həmin tarixi əhvalatları 2005-ci ildə yazdığı “ŞADMAN” poemasında qüdrətlə nəzmə çəkmişdir.

Goyce.az

araz.az xəbər portalı.