metro030818 02“Bu gün saat 10-dan sonra “Xətai” stansiyasına diaqnostika qatarı göndərildiyindən qatara minik dayandırılıb”

Son günlərdə Bakı metrosunda tez-tez “qatara minik yoxdur” siqnalı ilə qarşılaşırıq. Təbii ki, bu da sərnişinlərdə narahatlıq yaradır. Bu gün saat 10 radələrində metronun “Xətai” stansiyasında, sərnişinlərin narazılığına səbəb olan analoji hal yaşanıb.

Belə ki, “Xətai” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına gəlmək üçün sərnişinlər platformada, azı 10 dəqiqə qatar gözləməli olublar. Və hər kəs – işə, məktəbə və s. gedən sərnişinlər də vaxtlarını bu qrafikə uyğun nizamlayırlar. Məhz “Xətai” stansiyasında belə halın yaşanması çox ciddi vaxt itkisinə səbəb olub.

Bununla yanaşı, bu gün səhər saatlarında həm “Xətai” stansiyasında, həm də digər stansiyalarda metro işçilərinin sayının çox olması, həmçinin harasa tələsirmiş kimi ora-bura qaçmaları bəzi sərnişinlərdə şübhə və narahatlıq doğurub.

Bakı metrosunda bu gün müşahidə olunan, həmçinin son vaxtlar yaşanan bu cür halların hansı səbəbdən qaynaqlandığına “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovla AYNA tutmağa çalışdıq.

B.Məmmədli bildirdi ki, belə hallar metrodakı infrastruktur yoxlamaları ilə bağlıdır: “Ayda iki dəfə saat 9-dan sonra, yəni sərnişinlərin gur olduğu saatlarda diaqnostika qatarı xəttə çıxır, bütün stansiyalarda xəttləri, infrastrukturu yoxlayır. Lazım olanda, hətta 3 və 4-cü diaqnostika qatarı da xəttə buraxılır. Həmin qatarın orta hissəsində sarı, narıncı rəngli bir vaqon da var, həmin vaqonda ancaq işçilərimiz olur, digər vaqonlar isə boş qalır. Bu gün saat 10-dan sonra “Xətai” stansiyasına da həmin diaqnostika qatarı göndərildiyindən qatara minik dayandırılıb”.

Картинки по запросу Bakı metropoliteni bəxtiyar

“Bundan öncə “Elmlər Akademiyası” stansiyasında da qatara minik dayandırılmışdı. Buna isə sərnişinlərdən birinin ehtiyatsızlığı səbəb olmuşdu. Sərnişin bilərəkdən və ya bilməyərəkdən qəza düyməsini basıb. Buna görə də sərnişinlər düşürülüb, qatar boş vəziyyətdə “İnşaatçılar”a yola salınıb. Orada təlimatçı-maşinist qatarı qarşılayıb və kompüterdə baxılandan sonra müəyyən olunub ki, qəza düyməsi basılıbmış”, – deyə qurumun sözçüsü əlavə etdi.

B.Məmmədov bu gün stansiyalarda metro işçilərinin sayının digər günlərə nisbətən daha çox olmasına və işçilərin hansı səbəbdən təlaşlı davranmasına da aydınlıq gətirdi: “Diaqnostika qatarı metronun bütün infrastrukturunu yoxladığından platformada metro işçilərinin sayı çox olur. İşçilərin qaç-qovda olması da bu səbəbdən qaynaqlanır. Yoxsa ki, narahatçılığa heç bir səbəb yoxdur, hər şey qaydasındadır, tam sakitçilikdir”.

Metropoliten sözçüsü qadın maşinistin hazırda işləyib-işləməməsi ilə bağlı sualımızı da cavablandırdı: “Həmin xanım maşinist indi də işləyir, səhv etmirəmsə, 39 nömrəli qatarı idarə edir. Sadəcə 3 növbəli işləyirlər deyə, ola bilsin ki, çox adam görməyib. Fəaliyyəti də qanedicidir, hələ ki, işlər çox yaxşı gedir. Tam peşəkarlaşmasını istəyirik deyə, mətbuata çıxarmırıq. “Qadından maşinist olmaz” deyən kişilərlə, sanki mübarizə aparırıq, təsdiq etmək istəyirik ki, xanım maşinst də işləyə bilər. Hələ ki, bu tabunu tam sındıra bilməmişik, o, platformaya girəndə, kişilər hələ də qəribə nəzərlərlə baxırlar. Ona görə də daha çox təlimatlandırırıq, daha diqqətli olmasını, kənar fikirlərə, atmacalara əhəmiyyət verməməsini tapşırırıq. Bir sözlə, hələ ki, əlimizdə olan yeganə nümunəni qorumağa çalışırıq”.

“O xanım bizə birinci dəfə müraciət edəndə, mən demişdim ki, bu, maşinist olacaq. Çünki həm texniki savadı çox yaxşı idi, həm də daha çox əzmli, bu işə istəkli idi. Ondan əvvəl də, sonra da maşinist işləmək üçün müraciət edənlər olub. Sadəcə imtahandan keçə bilmirlər. İmtahandan keçənlər olsa da, sonda qərarlarından vaz keçirlər. Həmin xanım gələn vaxtı onunla birlikdə 3 nəfər bütün mərhələləri uğurla keçdi, ancaq axırda ikisi imtina etdi. Ondan sonra bir inadlı xanım da müraciət etmişdi, bütün mərhələləri keçdi, ancaq nədənsə son anda alınmadı. Axtarışdayıq, çox istəyirəm ki, ikinci, üçüncü qadın maşinistlərimiz də olsun”, – deyə həmsöhbətimiz vurğuladı.

araz.az xəbər portalı.