Novruz Aslanovun 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi rəsmən qeydə alındıqdan sonra, o və vəkilləri, öncə, Şəhidlər xiyabanını və Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, onların əziz xatirələrini anıb, ruhlarına dualar oxuyublar. Seçki Məcəlləsinin tələbələri çərçivəsində seçki kampaniyasına start verilən vaxtdan indiyədək, deputatlığa namizədlin dairə ərazisindəki Saray, Novxanı, Ceyranbatan, Pirəküşkül, Qobu, Hökməli, Qobustan yaşayış məskənlərində seçicilərlə maraq doğuran görüşləri keçirilir. Onun fevralın 2-də Hökməli kəndində seçicilərlə keçirilən görüşü də, olduqca maraqlı alınıb. Novruz Aslanov və nümayəndələri, daha çox Hökməlidən və hər iki rayonun digər yaşayış məskənlərindən gəlmiş sadə vətəndaşlar, el ağsaqqaları və tanınmış simalar tərəfindən böyük izdihamla və alqışlarla qarşılanaraq, tədbir keçirildiyi məkana daxil olublar.
Öncə deputatlığa namizədin tərcümeyi-halı və fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verilib. Bildirilib ki, uzun illər beynəlxalq transmilli şirkətdə çalışan,
xarici ölkələrdə işləyib, beynəlxalq təcrübə qazanan Novruz Aslanov ölkəmizin, korporativ idarəetmə, biznes strategiyalarının tətbiqi, təchizat zəncirininin və sənaye müəssisələrinin idarə edilməsi üzrə azsaylı peşəkarlarından biridir. Bu gün isə, Milli Məclisdə beynəlxalq təcrübəsi olan belə millət vəkillərinə böyük ehtiyac duyulur. Əgər, ölkənin ali qanunverici orqanında soydaşlarımızı Novruz Aslanov kimi peşəkarlar təmsil edərsə, bunun, xalqımıza çox böyük faydası dəyə bilər. Natiqlər öz çıxışlarında xüsusi olaraq onu da vurğulayıblar ki, Novruz Aslanov sadə camaatın qarşılaşdığı sosial problemlərlə bərabər, ölkəmizin biznes dairələrində mövcud olan çətinlik və çatışmazlıqları, qanunvericilik aktlarındakı müəyyən boşluqları da dərindən bilən və onların həlli üçün mükəmməl təkliflər ortaya qoyan bir söz sahibidir. Elə, onun, “Problemlərimizin həllinə doğru!” mövzulu əsas seçki şüarı üzərində qurulan seçki Platformasının bəndlərini nəzərdən keçirəndə də, həmin sənədin həmin problemlərin həllinə yönəlik mükəmməl bir yol xəritəsi olduğunu açıq-aydın görmək mümkündür.
Nümayəndələrin hər biri, öz çıxışlarının sonunda, Novruz Aslanov kimi hərtərəfli savada və dərin dünyagörüşə malik vətənsevər, vicdanlı bir Vətən övladını bu günə qədər özlərinin sözünü ölkənin ali qanunverici orqanının tribunasında deyə bilmək iqtidarına malik vəkilləri olaraq seçə bilmədiklərinə görə, çox təəssüfləndiklərini bildirdilər və onlar tərəfindən seçicilərə bu seçkilərdə aktiv iştirak etmək tövsiyə olundu. Və onlar
xüsusi bir inam hissi ilə qeyd etdilər ki, bu dəfə, bütün Azərbaycan seçiciləri kimi, 50 sayli Seçki Dairəsindən olan seçicilərin hamısı onlara verilmiş bu şansi layiqincə dəyərləndirərək, seçkilərə gedəcək və Azərbaycanın Novruz Aslanov kimi layiqli övladlarını özlərinə vəkil seçəcəklər! Bütün doğmalarını, dostlarını, tanışlarını, onların qohum-əqrəbalarını, hətta şəxsən tanımadıqları həmyerlilərini də, yekdilliklə, dəyərli namizədlərinə səs verməyə çağıran görüş iştirakçıları, ona öz xeyir-dualarını verərək, seçki uğurları arzuladılar.
Deputatlığa namizəd Novruz Aslanov isə, öz çıxışında, əvvəlcə, son dövrlərdə ölkəmizdə gedən müsbət istiqamətli islahatlardan, dövlətimizin beynəlxalq arenadakı mövqeyindən və qazandığı uğurlarından ətraflı söhbət açıb.
Sonra, o, çalışdığı sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıb. Seçki Platformasındakı bütün detalları seçicilərlə bölüşən natiq, əslində, bu Platformasını seçki sənədi kimi deyil, özünün gələcək fəaliyyət planı adlandırıb. Bildirib ki, seçilsə də, seçilməsə də, həmişə, Platformasında əks etdirilənlərin həllinə çalışacaq. Məhz buna görə də, o, seçki şüarında, bütün bunları xüsusi qeyd etdiyini vurğulayıb.
Atv.az xəbər saytı olaraq, iştirakçısı olduğumuz həmin görüşdən çəkdiyimiz video-kadrları və fotoları da, oxucularımızın diqqətinə çatdırırıq.
Bu görüşün sonunda da, Novruz Aslanov, problem və çatışmazlıqlardan əziyyət çəkən seçicilərin, eləcə də Atatv.az saytının əməkdaşının seçki ilə bağlı suallarına aydınlıq gətirib, onlardan çıxış yolları barədə ətraflı danışdı.
Görüşün ikinci hissəsində seçicilər qarşılaşdıqları sosial problemlərin həlli ilə bağlı ona fərdi müraciətlər edəndə isə, seçiciləri diqqətlə və səbrlə dinləyən deputatlığa namizəd qeydlər götürərək, onları narahat edən problemlərin həllinə yönəlik addımlar atacağını qəti şəkildə bildirib.
Maraqlı olar deyə, Atatv.az tərəfindən həmin tədbirdən çəkilən qısa video-reportajla bərabər, deputatlığa namizədin özü tərəfindən yazılan qısa tərcümeyi-halını da oxucularımıza təqdim edirik:
“Mən, Aslanov Novruz Telman oğlu 24 may 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Hal-hazırda Novxanı bağlar massivində yaşayıram.
1984-1994-cü illərdə Sumqayıt şəhər 28 saylı orta məktəbdə oxumuşam. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşam və 1998-ci ildə həmin İnstitutun “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirmişəm. 2002-2005-ci illərdə Böyük Britaniyanın ”The Chartered İnstitute of Purchasing and Supply” institutunda təhsil almışam.
1999-2000-ci illərdə Azərbaycan Milli Ordusunda hərbi xidmətdə olmuşam.
2001-2011-ci illərdə Böyük Britaniyanın “Bi Pi Eksploreyşn Kaspian Si” şirkətində Təchizat Zəncirinin İdarə edilməsi departamentində müxtəlif vəzifələrdə işləmişəm. 2011-2012-ci illərdə Qətər Dövlətində “Ras-Gas” şirkətində müqavilələr üzrə müşavir vəzifəsində işləmişəm. 2012-2013-cü illərdə “Kaspian Payp Koatings” şirkətində müqavilələr üzrə menecer, 2013-2017-ci illərdə Fransanın “Total Abşeron Bi.Vi.” şirkətində müqavilələr üzrə mühəndis işləmişəm. 2018-ci ildə “Azəralüminium” MMC-də Satınalmalar Departamentinin Direktoru, 2019-cu ildən indiyədək “Azəralüminium” MMC-də Direktorun müavini vəzifəsində çalışıram.
Müxtəlif sahələrdə beynəlxalq sertifikatlara layiq görülmüşəm. İngilis, fransız və rus dillərində sərbəst danışıram.
Atam, Aslanov Telman Ağakərim oğlu 5 iyul 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. AMEA-nın Polimer Materialları İnstitutunda Laboratoriya müdiri vəzifəsində çalışmışdır. Kimya elmlər doktorudur.
Anam, Quliyeva Bibixanım Qəzənfər qızı 03 iyul 1952-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunu bitirmişdir. Sumqayıt şəhər 2 saylı uşaq poliklinikasında sahə həkimi-pediatr vəzifəsində çalışmışdır.
Ailəliyəm, dörd övladım var”.
Atv.az xəbər portalının rəhbəri Rasafil BAYRAMOV
[bt_youtube url=”https://youtu.be/fmVE6c77pXk” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.