Cənub zonasının sərvəti talanır, ETSN isə qazanc hayında
Araz.az bildirir ki, bir neçə gün öncə Realliq.net saytında dərc olunan – “Masallı, Lənkəran və Lerik meşələrində ağac soyqırımı davam edir – Ekologiya nazirliyi isə susur”-başlıqlı yazıdan sonra, redaksiyamıza çoxlu müraciətlər daxil olub. Saytın email ünvanına və sosial şəbəkədəki profilinə daxil olan müraciətlərdə qeyd olunur ki, ötən yazıda faktların çox az hissəsinə yer verilib.
Yazıda – “Masallı rayonunun Xanalyon, Sığdaş, Kubin, Lənkəranın Osakücə, Tükəvilə, Qəqiran, Günəhır, Lerikin isə bir çox kənd ərazilərində yerləşən meşələrdə nadir ağaclar kəsilməkdədir. Cavan ağacların kəsilməsinin qarşısını almağa borclu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkşafı Departamenti və yerli şöbələri isə qanunsuzluğa göz yumaraq işbazların fəaliyyətindən yararlanmaqdadırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktor əvəzi, Abbasov Söhrab Aydın oğlunun baş verənlərdə pay sahibi olduğunu demək çətindir. Lakin fakt odur ki, Söhrab müəllim biz bildiklərimizdən daha çox məlumatlıdır” – deyə qeyd olunurdu.
Vətəndaşlar, Talış dağlarının meşələrində ağac soyqırımının aşkar həyata keçirildiyini və qış fəslində qazsız olan kəndlərdə insanların evlərini odun peçləri ilə qızdırdığını bildirirlər. Məlumdur ki, insanlar soyuq qış aylarında odundan yanacaq kimi istifadə etməyə məcburdurlar. Lakin sosial problemin varlığı yaşıllıqların məhvinə əsas verməməli və dövləti qazsız olan kəndlərini yanacaqla təmin etməyə məhkum etməlidir.
Müraciətlərdə yazılır ki, ağacların kəsilməsi və odun halında satılması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkşafı Departamentinin yerli şöbələrinin rəhbərləri və meşəbəyiləri ilə razılaşdırılır. Meşəbəyilərin hər maşına görə, aldığı rüşvət hesabına kəsilən ağacların satışı, nəzarət altında həyata keçirilir.
Realliq.net -ə daxil olan digər müraciətdə isə qeyd olunur ki, Lerik, Astara və Lənkəran meşələrində tikinti materialları üçün, nadir ağacların kəsilərək satılması prosesi davam edir. Maraqlıdır ki, qanunsuzluğa imkan yaradan Eyvaz Babayev, Şakir müəllim və digərləri Ekologiya nazirliyinin Meşələrin İnkşafı Departamentinin yerli şöbələrinin rəhbərləridir. Onu da bildirək ki, meşələrdə ağacların kəsilməsi və daşınması prosesi əsasən gecə saatlarında həyata keçirilir. Əməkdaşlarımız Lənkəran rayonunun Diryan, Gəqiran kəndlərində apardıqları araşdırmalar zamanı belə faktla üzləşiblər. Yol boyu ZİL, QAZ 54, Kamaz markalı yük maşınlarının kəsilmiş və parçalanmış ağacların daşınması gözdən yayınmayıb. Maşın sürücüləri ilə söhbətimiz zamanı onlar bildiriblər ki, kəsilmiş ağaclar satışa aparılır və kv-metrlə satılır. Maşın yükünün əsasını dəmirağac, palıd və vələs ağacları təşkil edib. Həmin görüntüləri növbəti yazıda təqdim edəcəyik. Odun satan yük maşını sahibləri Realliq.net –in əməkdaşına, ağacların kəsilib satılması üçün meşəbəyilərə rüşvət verdiklərini qeyd ediblər.
Daxil olan məlumatların araşdırılması zamanı ortaya çıxan faktlar narahatçılığa əsas verməkdədir. Talış meşələrinin soyqırıma məruz qoyan məmurların şəxsi maraqları, yüz illərlə əmələ gələn yaşıllıqların məhvinə səbəb olur. Hazırda fəlakətlə üzləşən meşələrin aqibətini düşünməyən Ekologiya nazirliyinin faktlara biganə münasibəti, özbaşınalığa şəraitin yaradılması kimi qiymətləndirilir.
Sualların cavabsız qalması,nazirliyin Meşələrin İnkşafı Departamentinin direktoru Söhrab Abbasova yaşıl işığın yandırılması deməkdir. Görünən həqiqət odur ki, Söhrab müəllimin fəaliyyətində ciddi qüsurlar olsada, onu himayə edənlər var və bu da yaranmış fəlakətin səbəblərinin önündə gəlir. Nazir Hüseynqulu Bağırovun rəhbəri olduğu qurumda, Söhrab Abbasovun ağacların soyqırımı ilə gəlir əldə etməsi sadə vətəndaşa məlum olduğu halda, səlahiyyət sahibinin xəbərsiz olması inandırıcı görünmür.
Prezident İlham Əliyevin meşələrin qorunması, ağacların kəsilməməsinə dair verdiyi tapşırıqlar S.Abbasovun himayədarlarını narahat etmir. Faktlar və yaranmış xoşagəlməz durumun qarşısının alınmaması, Talış dağlarının yaşıllığını və Lənkəran meşələrini məhvini sürətləndirir.
Cənub zonasının sərvətini talayanlar varlanmaq eşqinə həyata keçirdikləri soyqırımın günahkarlarının cəzalandırılması üçün tapşırıqların verilməsi vacib şərtə çevrilib. Realliq.net olaraq növbəti yazıda araşdırmalarımız zamanı əldə olunan faktlar və video çəkilişləri diqqətinizə çatdıracağıq. Ümid edək ki, vətəndaşlarımız və cənub zonasının ziyalıları, Tanrının onlara bəxş etdiyi sərvəti qorumaq üçün, aidiyyatı qurumlar qarşısında məsələ qaldıracaq və günahkarların cəzalandırılmasını tələb edəcəklər. Söhrab Abbasov və digər məmurları himayə edənlərin, ədalət mühakiməsinə cəlb edilməsi, Lənkəran, Masallı, Lerik və Astara meşələrinin qorunması deməkdir.
Mö.vzuya qayıdacağıq. Realliq.net
araz.az xəbər portalı.