gocelp.jpgAraz.az saytı “Pəmbək mahalının Qursalı kəndi” kitabının həmmüəlliflərindən Vaqif Namazovla müsahibəni təqdim edir… 

Vaqif müəllim, “Pəmbək mahalının Qursalı kəndi” kitabı hansı zərurətdən yarandı?

XX əsrin 80-ci illərinin axırlarında, Sovet imperiyasının dağılması, dövlətçiliyin zəifləməsi ərəfəsində yaranmış, fürsətdən istifadə edən erməni daşnak millətçiləri çoxdankı “Böyük Ermənistan dövlətini” yaratmaq xülyalarını həyata keçirmək, türksüz erməni dövlətini yaratmaq məqsədi ilə qədim Oğuz ellərində (Ermənistan SSR-də) milli münaqişələr ocaqlarını alovlandırmağa başladılar. 

Onların başladıqları separatçı hərəkatlara Mərkəzi hökumət göz yummaqla, bəzən də rəvac verməklə şərait yaratdılar.

Təbii ki, min illərlə yaşadığımız Pəmbək mahalının Hamamlı (Spitak) bölgəsinin Qursalı kəndi erməni vəhşilərinin–ekstremistlərinin müntəzəm silahlı hücumlarından kənarda qalmadı, uzun müddət mühasirəyə alınan, dünyadan təcrid olunan, silahlı hücumlara məruz qalan, nəhayət 1988-ci ilin şaxtalı dekabr ayının 7-də bədnam erməni dövlətinin: Pəmbək, Quqark, Şirak bölgələrində baş verən güclü zəlzələdən dağılan doğma yurd yerlərimizdən didərgin düşərək Azərbaycanımızın müxtəlif şəhər və rayonlarına elliliklə pənah gətirməli olduq. Bu faciəvi hadisələr elinə-obasına bağlı, doğma kəndini, Ana Vətənini səmimi ürəkdən sevən bir ziyalı kimi məni təsirləndirməyə bilməzdi, laqeyd buraxmaz-qoymazdı. Mən yaxşı başa düşür, anlayırdım ki, yazılmayan tarix unudulur, sonra isə saxtalaşdırılır. Onu da gördüm ki, kəndimiz Qursalıda dünyaya göz açanlar, yaşayanlar, dəhşətli hadisələrin canlı şahidləri olan insanlar ildən-ilə dünyalarını dəyişirlər, onların sayı vaxt keçdikcə azalır, aradan böyük zaman keçir, yeni nəsil yaranır, kənd, el-oba unudulur, xatirəyə çevrilir. Bu səbəbdən tarixi bir zərurətdən ağlıma, kəndimizin tarixi, mənşəyi, nəsilləri, adət-ənənələri haqqında mümkün qədər müfəssəl bir kitabın araya-ərsəyə gəlməsini təşkil edim, nəşrinə nail oldum, bu müqəddəs missiyanı öz üzərimə götürüm. Bu yolda vaxtıma, maddi vəsaitimə qənaət etmədən çox çalışdım, elimizin sayılan-seçilən ziyalıları, ağsaqalları ilə əhatəli-geniş, zəruri söhbətlər apardım, görüşlər keçirdim, materiallar topladım, müxtəlif tarixçilərin kitablarından istifadə etdim və nəhayət “Pəmbək mahalının Qursalı kəndi” adlı nəfis tərtibatlı tarixi bir kitabın işıq üzü görməsinə nail oldum ki, indi bu kitab həmkəndlilərimin masaüstü kitabına, genetik yaddaşımızın təzələnməsinə xidmət edən bir vəsaitə çevrilmişdir. Mən haqqında bəhs etdiyim, söhbət açdığım “Pəmbək  mahalının Qursalı kəndi” kitabının ideya müəllifi və sponsoru kimi, yığılmış matarialların, məlumatların, vəsaitlərin toplanmasında, işlənməsində, kitab şəklinə salınmasında bilavasitə iştirakına, xüsusi fəallığına, hər cür dəstəyinə görə kəndimizin sayılan-seçilən ziyalısı, mərhum Rəşid Namazovun əməyini xüsusi olaraq qeyd edir, ona Allahdan rəhmət diləyirəm.

Hamamlı və Qursalı toponimləri haqqında bir neçə versiya irəli sürülür, sizcə bunların hansı daha inandırıcıdır?

Bu gün erməni qəsbkarlarının tapdağı altında inildəyən, hələ də yolumuzu gözləyən, 1988-ci ilin sonlarına, tarixi düşmənlərimizin işğalına qədər əcadadlarımızın-ulu babalarımızın, əcdadlarımızın yurd-yuva salmış olduqları və bizlərə miras qoyduqları Qursalı kəndi Qərbi Azərbaycanın Pəmbək mahalının 1949-cu ilə qədər Hamamlı (1949-cu ildən Spitak adlandırılan) rayonunun ərazi vahidliyində mövcud idi. Qursalı kəndi şəxsi təsərrüfatlarının və əhalisinin sayına görə azərbaycanlıların yaşadığı ən böyük kənd idi. Əvvəldə dediyim dövrə qədər Hamamlı (Spitak) rayonunda 550 km2 ərazidə rayon mərkəzi ilə birlikdə 50 min əhali yaşayırdı. Bu rayon Hamamlı adı ilə 1801-ci ilədək Lori-Pəmbək (Qarakilsə) və Aleksandropol (Gümrü) qəzalarının tərkibində olmuşdur. 1937-ci ilin dekabrın 31-də həmin qəzalardan yeni bir rayon kimi təşkil edilmişdir. Hamamlı (Spitak) rayonunda bir neçə zavod, kombinat, fabrik, o cümlədən İttifaqın o dövr üçün ən böyük şəkər zavodlarından (onun tikintisində alman əsrləri də çalışmışdılar) biri fəaliyyət göstərirdi. Həmin zavodun yaxınlığından axan Pəmbək çayının sahilində isə termal su çıxırdı. Deyilənlərə görə, türk əskərləri bu yerdə olarkən həmin sudan yuyunmaq üçün istifadə ediblər, hamamlanıblar. Elə o vaxtdan da bu ərazi Hamamlı adlandırılmışdır.

O vaxtın görkəmli alimlərinin mötəbər əsərlərində göstərilən araşdırmalara əsaslanaraq, qənaətə gəlmək olar ki, Qursalı toponiminin ilkin versiyası (ehtimalı) “Gorus eli”, yəni “Gorus tayfası” adı ilə səciyyəvidir. Bu toponim əslində elə bu adla öz məntiqini təsdiqləyir. Başqa bir ehtimala görə isə guya kəndin Qurs Ali (yəni ağır, oturuşmuş, söz sahibi və sair olan) adlı şəxsin şərəfinə adlandırılmışdır.

Əgər daha müfəssəl şəkildə müqayisə edək deyə, qərara gələ bilərik ki, birinci versiya (ehtimal) daha ağlabatandır.

1905-1918-ci il müharibəsində qursalılar xüsusi fəallıq göstərib, hətta bir cəngi faciəsi də baş verib, həmin ərəfədə. O cəngi faciəsindən sonra qursalılar hansı tədbiri görüb?

1905-1918-ci illərdə, sonralar Ermənistan adlandırılan qədim Oğuz torpaqları olan Pəmbək mahalının Qursalı kəndində baş vermiş erməni–türk qırğının qətliamını xatırlamaq üçün gəlişigözəl xatirələr olmasın deyə “Pəmbək” mahalının Qursalı kəndi” (2006) adlı kitabında işıqlandırılan Cəngi soyqırımından, bəhs edilən faktlardan-hadisələrdən danışmaq yerinə düşərdi. Adı çəkilən kitabda göstərilir ki, 1905-ci ildə il quraqlıq keçdiyindən Qursalı, Saral və Arçut kəndlərində (həmin kəndlərin əhalisi azərbaycanlılar idi) ərzaq qıtlığı yaranır, qışa taxıl tədarük etmək üçün bu kəndlərdən 50 nəfərə qədər kəndli qonşu Ələyəz mahalına üz tuturlar. Bu o vaxt idi ki, ermən-türk davası alovlanmağa başlayırdı. Cəngi kəndində erməni quldur dəstələrindən bixəbər olan həmkəndlilərimiz ucuz taxıl almaq təklifi ilə kəndə dəvət olunurlar, onların öküzləri və arabaları əllərindən alınır, özləri isə bir koma doldurulurlar. Onlardan ermənicə bilən Tanrıverdi və Məşədi Məhərrəm qardaşlarını naməlum istiqamətə aparırlar. Gedənlərdən xəbər gəlmədiyindən komda qalanlar işin nə yerdə olduğunu anlayırlar, aradan çıxmaq, canlarını qurtarmaq niyyəti ilə tədbir görməyə başlayırlar. Qərara gəlirlər ki, hamılıqla hücum edib, komun qapısını sındırsınlar, qaçsınlar. Erməni quldurları qapını açarkən onlar basa-basa salıb, qapını sındırırlar. Fürsətdən istifadə edən 4 nəfər: Mustoy oğlu Elləz, Sulduzlunun Taharı, Arçut kəndindən olan: Binnət və Bədəl qardaşları canlarını qurtarıb, aradan çıxırlar, qalanları isə quldurlar tərəfindən qətlə yetirilirlər. Aradan çıxan, özlərini kəndə yetirənlər baş verənlər barədə kənd camaatına və hökumət nümayəndələrinə məlumat verirlər. O zaman Gümrüdən hökumət nümayəndələri hadisə yerinə – Cəngiyə gəlirlər.

Qətliamın törədilməsinə başçılıq edən keşiş Aram başda olmaqla hamı bir yerə toplanır. Baş verən qətliam barədə sorğu-sual edilən ermənilər susurlar. Bu zaman Mustoy oğlu Elləz keçi buynuzundan sapı düzəldilmiş bıçağını sübut-dəlil olaraq komda gizlətdiyi yerdən çıxardır. Hökumət adamlarında baş verənlər barədə şübhə yeri qalmır, lakin öldürülənlərin yeri naməlum olaraq qalır. Gizlədilmiş meyitlərin axtarışları aparılarkən Cəngidə çobanlıq edən bir kürd qadını bizim həmkəndlilərin onun ərinin bu işlərə qatılmaması zəmanətini aldıqdan sonra öldürülənlərin yerlərini nişan verəcəyini bildirir, corab toxuya-toxuya cəsədlərin basdırılaraq, gizlədildikləri yerə gedir və yumağı yerə salaraq nişan verir. Daha sonra yumağı götürüb, oradan çıxır. İşin nə yerdə olduğunu başa düşən Tahar və Elləz kişi hökumət nümayəndəsini nişan verilən yerə gətirirlər, ərazini basmadan (mal-qaranın kərmə hazırlanması üçün yaş peyinindən) təmizləyirlər və orada meyitlər basdırılan quyunu tapırlar, meyitləri çıxartmaq işlərinə, hazırlığa başlayırlar. Bu məqsədlə deyilənə görə Qaraboğaz oğlu Qurban onun qoxu bilmə hissiyatı zəif olduğu nəzərə alınaraq qardaşı Tötül Məhəmmədin cəsədini tapmaq üçün cəsədlər basdırılan yerə sallanır, meyitləri bir-bir yuxarı qaldırır. O, meyitləri çıxartdıqca, meyidin kimliyini soruşur, ona cavab verirlər ki, qardaşın deyil! Beləliklə də bütün meyitlərin hamısı quyudan çıxarılırlar, Qurban kişi isə az sonra gördüyü dəhşətli mənzərələr, keçirdiyi həyacandan dünyasını dəyişir.

Çürümə prosesində olan, kəskin qoxu vermələri səbəbindən meyitlər kənddən aralı Pəmbək (Qanlı) çayında suya tutulurlar və kənd camaatı tərəfindən yaxınlıqdakı qəbristanlıqda dəfn edilirlər.

Təəssüflər olsun ki, ciddi cəhdlərimizə baxmayaraq, Cəngi qətliamında öldürülən soydaşlarımızın hamısının yox, az bir qisminin adlarını müəyyənləşdirməyə müəssər olduq. Onlar aşağıdakılardır:

Tanrıverdi Vəli oğlu, Məşədi Məhərrəm, Şahverdi oğlu Allahverdi, Tötül Məhəmməd,  Musa oğlu Nağı,  İskəndər oğlu Əskər, Vəli oğlu Məmli, Daşdəmir oğlu Kamil, Novruz oğlu Həsən.

El ağsaqqalarımızın söylədiklərinə görə, baş verən qətliamın iştirakçılarının həbs edilmələri səbəbindən yerli əhali keşiş Aramı öldürmüşdür. Hadisədən bir müddət keçəndən sonra 12 araba ilə Cəngidən xeyli erməni Qaraisə (indiki Vanadzor) tərəfdən ağac materialı alıb, geri qayıdarkən Saral kəndinin qabağında Qaçaq Xıdır onlarla rastlaşır, atasının heyfini almaq üçün əla fürsət yaranır. O, arabada keşiş Aramın oğlunun olduğunu xəbər tutur və keşişi yaxşı adam kimi oğluna tərifləyir. Arxayınlaşan erməniləri, o cümlədən keşişin oğlunu az keçmədən güllələyir.

Ağsaqqallarımız onu da söyləyirdilər ki, sonralar Qaçaq Xıdır və Məşədi Məhərrəm oğlu Hüseyn atalarının və həmkəndlilərinin heyiflərini almaq niyyəti ilə vaxtaşırı Cəngi kəndinin həndəvərinə getmişlər. Fürsət yarandığı təqdirdə öldürülən həmkəndlilərindən çox erməni öldürürlər və artıqlaması ilə onlardan qisas alırlar.

Qursalı kəndində ötən əsrdə 20-ci illərində təhsilin yaranması, inkişafı o kənddən xeyli sayda ziyalılar yetişdirib. Hazırda Azərbaycanın bölgələrində müxtəlif peşə və görəv sahibləri kimi fəaliyyət göstərirlər. Ermənistanda iş üçün müraciət edən qursalılara şərait yaradılırdımı?  

Xüsusi qürurla qeyd etməliyəm ki, Pəmbək mahalında bizim Qursalı kəndinin əhalisi öz ali təhsilli kadrlarının sayına görə bölgənin digər yaşayış məntəqələrinin əhalisindən nəzərəçarpacaq dərəcədə çox idi və seçilirdi. Bu da kənd əhalisinin ali təhsilli ziyalılara böyük hörmətlə yanaşmalarından, kənddə orta məktəbdə şagirdlərə peşəsinə yüksək səviyyədə yanaşan müəllimlərin təhsil verməsindən irəli gəlirdi. Bu faktı qonşu kəndlərin əhalisi, orta məktəb müəllimləri həmişə xüsusi olaraq vurğulayırdılar və dəyərləndirirdilər.

Kəndimizdə orta təhsilin yaranması dini təhsilin Məşədi Molla Məmmədin təşkil etməsi ilə başlamışdır.

XIX əsrin ortalarında Cənubi Azərbaycandan Pəmbək mahalına öz atası Məşədi Kərbalayı Alı, qardaşları Məşədi Həsən, İbrahim: bacıları Məşədi Tükaz və Məşədi Sona ilə birlikdə köçən Məşədi Molla Məmməd Qursalı kəndində o dövr üçün nadir hadisə sayılan evlər tikdirmişdir. O, ilk dini təhsilini İrəvan şəhərində aldıqdan sonra kəndə qayıdır və öz evində gənclərə ilahiyyat dərsləri keçməyə başlayır. Beləliklə, kənddə ilk təhsilin əsası qoyulur. Molla Məmməddən ilk dini təhsili alanlar: İsmayıl, Hürü, Musa, Hürümələk, Zeynəb, öz qızı Məsmə və başqaları olurlar.

Molla Məmməd 1915-ci ildə öz vəsaiti ilə kəndimizdə məscid tikdirir, təhsilini davam etdirmək üçün Məşədə gedir, ali dini dərəcə alır, Qursalıya qayıtdıqdan sonra dini fəaliyyətini davam etdirir.

Bundan sonra kədimizin ən qocaman müəllimi olan Məmiş müəllimin söylədiyinə görə 1924-cü ildə kəndimizdə məktəb açılması məsələsi qoyulur, həmin ilin sentyabr ayının 1-dən məktəb açılır.

Məmiş müəllim gündəliyində qeyd edir ki, onunla həmin məktəbi azsaylı məktəbli bitirir. Onlar zəif biliyə yiyələndiklərinə görə təhsillərini davam etdirmirlər. Lakin Məmiş müəllim dostu Ramazanla Bakıya gedir, orada internasional pedaqoji texnikumu bitirir, Qursalıya müəllim kimi qayıdır. O, yazırdı ki, (1929-cu ilin sentyabrında) kənddə Əskərov Cəlal, Ələkbərov Yunis, Əliyev Sayad və Mizəbağır dərs deyirdilər. Məktəbimiz 4 otaqdan ibarət idi, 4 sinif səhər, 4 sinif isə günorta növbəsində oxuyurdu.

Baş müəllim Əli Daşdəmirov (1971-75-ci illərdə Qursalı kənd orta məktəbin direktoru olmuşdur) isə 1979-cu ildə “Sovet Ermənistanı qəzetində dərc etdirdiyi məqaləsində yazırdı:” 1939-cu il …. O zaman bütün kədlərdə olduğu kimi bizim kənddə də orta təhsilli adam hələ çox az idi. Kəndimizdə orta ixtisas təhsilli müəllimlər vardı. İrəvandakı Azərbaycan Pedaqoji Texnikumunu bitirib, gələn gənclər yeddiillik məktəbdə dərs deyirdilər. Savadsızlığın aradan qaldırılması üçün gecə kursları açılmışdı. Yediillik məktəbdə cəmi 125 şagird oxuyurdu.

Kəndimizin əhalisi də az idi- 1450 nəfər. Klub yox idi.

Kəndimizin tanınmış ziyalılarından olan Məmməd İbrahim özünün “Ziyalı kəndimiz” kitabında yazır: “Artıq 30-cu illərdə Qursalıda Qiyas Aslanov, Vəli Abdullayev, İsmayıl Rüstəmov, İsrafil və Məhərrəm Nəsibovlar, Məmiş Quliyev və başqaları pedaqoji fəaliyyət göstərirdilər. 1935-ci ildə kənddə Avas oğlu Kərimin evinin yerində tanınmış bənna Mansur oğlu Əli başda olmaqla, Kolxoz vəsaiti hesabına 4 otaqlı məktəb binası tikildi….” 

1947-ci il buraxılışında Qursalı kəndindən Musa Musayev, Rza Rzayev, Dursun Əliyev və  Məmməd Rövşənov kamal attestatı aldılar. Onların dördü də uzun müddət pedaqoji fəaliyyətlə məşğul oldular.

50-ci illərin əvvələrində isə Rza Rzayev, Hüseyn Kosayev, Sona Musayeva, Səməd Rzayev, Həsən və Musa Məhərrəmov qardaşları, Nəsib Mustafayev,  Məmməd Mustafayev qardaşları, Əli Həbilov, Əli Kosayev və başqaları ali təhsilini başa çatdırdılar.

Qeyd etmək istəyirəm ki, kənddə əhalinin, ali təhsilli müəllimlərin, məktəbyaşlı uşaqların sayının artması ilə yeni məktəbin tikilməsinə böyük ehtiyac yarandığından (artıq köhnə məktəb tələbatı ödəməyindən) duyulurdu. Bu səbəbdən də 1979-80-cı il tədris ilində 7 korpuslu yeni məktəbin açılışı oldu.

Mübaliğəsiz demək olar ki, bizim məktəbin məzunları öz müəllimlərinin, valideynlərinin ümidlərini layiqincə doğruldurdular, əksəriyyəti ölkəmizin müxtəlif ali məktəblərinə daxil olurdular və yüksək ixtisaslı kadrlar kimi o məktəbləri bitirdilər. Məktəbimizin məzunlarının arasından elmlər doktorları, elmlər namizədləri, həkimlər, müəllimlər,  mühəndislər yetişmişdir. Həmkəndlilərimizdən Daşdəmirov Rasim Bayram oğlu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, Vilayət Bayram oğlu Daşdəmirov həmin şəhərin Yol Polis İdarəsinin rəisi, Məmmədov Bəhram İsgəndər oğlu Bakı şəhəri Nəsimi və Xızı rayon Yol Polis İdarəsinin rəisi, Qəribov Elləz Azərbaycan Nazirlər Kabinetində şöbə müdiri, Namazov Sarıbəy Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmişlər, Ramazanov Nəbi Əhməd oğlu isə hal-hazırda Bakı Dövlət Universitetinin prorektoru, Ramazanov Məhəmmədəli Əhməd oğlu isə Bakı Dövlət Üniversitetinin “Fizika” fakultəsinin dekanıdır, Tağıyev Təmraz Tağı oğlu Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri vəzifəsində çalışır. 

Vaqif müəllim, bəyaq söhbətimizdən də məlum oldu ki, Ermənistanda iş üçün müraciət edən yüksək ixtisaslı qursalıların işlə təmin edilməsi müşkül məsələydi. Təbii ki, bu ermənilərin azərbaycanlılar üçün yeritdiyi gizli siyasət idi. İş tapa bilməyən qursalılar işlə bağlı hansı addımları atırdı?

Haqlısınız, baxmayaraq ki, Qursalı kənd orta məktəbini bitirən şagirdlərin əksəriyyəti ali təhsil alırdılar, lakin birmənalı demək olar ki, onların Ermənistanda işlə təmin olunmaları hədsiz dərəcədə müşgül bir məsələ idi. Olsa-olsa həmkəndlilərimiz yaşadığımız bölgədə ağır zəhmət tələb olunan, ixtisas tələb olunmayan, çətin şəraitli, azmaaşlı işlərə götürülürdülər. Bu səbəbdən də ixtisaslı kadrlar köç edirdilər, son zamanlar kənddə əhalinin sayı azalırdı, demoqrafik vəziyyət dəyişirdi.

1988-ci il 7 dekabr Spitak zəlzələsində Qursalıya çoxmu ziyan dəymişdi?

Məlum erməni-türk münaqişəsinin alovlandığı 1988-ci ildə Ermənistanda hər yerdə olduğu kimi, bizim yaşadığımız ərazidə də azərbaycanlıların təhlükəsizliyi böyük sual altında idi. Azğınlaşmış quldur erməni silahlı dəstələri kəndimizə silahlı hücum edib, həmkəndlilərimizə qanlı divan tutar, görünməz münasibətlər yaşada bilərdilər. Bəlkə də, Ulu Tanrının bizə rəhmi gəldi, 7 dekabr 1988-ci ildə dəhşətli zəlzələ baş verdi ermənilərin başı özlərinə qarışdı, kəndimizin əhalisi erməni mühasirəsindən çıxa bildi və canlarını erməni zülmlərindən birtəhər qurtarıb Azərbaycana pənah gətirdilər.

Beləliklə, kəndimizin əhalisi hər an erməni saqqallı, silahlı quldurlarının hücumlarını gözlədikləri, qorxu altında, səksəkə içində yaşadıqları bir zamanda 7 dekabr, 1988-ci il, 11:40 zəlzələsi baş verdi.

Kiçik bir zaman kəsiyində rayon mərkəzi Spitak şəhəri, qonşu kəndlər, o cümlədən Qursalı kəndimiz yer üzündən silindi, minlərlə insanlar, dağıntılar altında qaldılar, həyatlarından oldular, şikəst oldular. Xoşbəxtlikdən zəlzələ gecə yox, gündüz həmi də kənd camaatının qocaların, körpə uşaqların vaxtlarını ermənilərin hücumlarından qorunmaq üçün evlərdə deyil, həyət-bacada keçirmələri, məktəblilərin məktəbə getməməsi səbəbindən kəndimizin əhali-canlı itkisi ermənilərdən qat-qat az oldu. Zəlzələdə 16 nəfər soydaşlarımız fəlakətin qurbanı oldular. Sağ qalanlar polkovnik İslam Namazovun, gənc zabit Mahal Mustafayevin, Arif, Adil Namazov qardaşlarının, Rusiyadan özünü hadisə yerinə yetirmiş Namiq Məmmədovun (Qazax rayonunda, sərhəddə Bəxtiyar Quliyevlə, Hüseyn Həsənovla, Kərim Mustafayevlə birlikdə) təşkil etdikləri nəqliyyat vasitələrinin köməyi, habelə Dövlət Plan Komitəsinin məsul işçisi Elləz Qəribovun kəndə göndərdiyi vertolyot vasitəsi ilə xilas oldular və min bir əziyyətlərlə Azərbaycana gətirildilər, Qazax rayonunda cəmləşdilər. Qazaxda ağır itkilərə, məhrumiyyətlərə, təhqirlərə məruz qalmış qursalılar qazaxlıların, borçalıların hər cür mənəvi və maddi qayğıları ilə əhatə olundular. Bir müddətdən sonra qaçqın düşən qursalılar Qazaxda yaradılan Qərargahda siyahıya alındılar, oradan Qəbələ rayonundakı “Qafqaz” turist bazasında müvəqqəti məskunlaşdırılmaları üçün göndərildilər, orada yaşadıqları müddətdə yerli əhali, rayon rəhbərləri tərəfindən çox isti münasibətlə qarşılandılar, hər cür qayğı ilə əhatə olundular.

İndi o acınacaqlı, ağır, məşəqqətli günlərdən 30 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, qursalılar bu gün də böyük minnətdarlıqla o vaxtkı Qazax RPK-nin birinci katibi M.Aşurovu, Qəbələ RPK-nin birinci katibi R.Əhmədovu “Qafqaz” turbazanın direktoru Adil müəllimi xatırlayırlar, onların xeyirxah əməllərini, misilsiz köməkliklərini unutmurlar.

Hazırda qursalıların kompakt yaşadığı bir ünvan varmı?  

1988-ci ildə milli münaqişələr, baş verən zəlzələ səbəbindən öz tarixi torpaqlarını, ata-baba yurdlarını, əzizlərinin, doğmalarının qəbirlərini, yüz illərlə qurub-yaratdıqları isti yuvalarını-evlərini min bir əzab-əziyyətlə qazanıb, topladıqları əmlaklarını, bir neçə gün ərzində düşmənlər tərəfindən talan edilən (yaxmalanan) Qursalı kəndində qoyub, gələn qursalılar didərginlik dövrünün ilk günlərində  Azərbaycanın müxtəlif guşələrinə pərakəndə şəkilində səpələnsələr də, qısa bir zamanda özlərində iradə taparaq, toparlandılar, öz bağlı olduqları soy-köklərini itirməmək niyyəti ilə Bakı şəhərinin M.Ə.Rəsulzadə (Xutor, Vorovski və Kirov) qəsəbələrində, habelə Keşlə adlanan yaşayış məntəqəsində məskunlaşdılar, öz adət-ənənələrini, qohumluq əlaqələrini qoruyaraq, xeyir-şər məclislərini bərabər keçirərək yaşayırlar.

PS. (postskriptum) – “Pəmbək mahalının Qursalı kəndi” kitabında qursalıların 1988-ci il bədnam erməni-millətçilərinin kənd camaatına qarşı divan tutmaq planlarının qarşısının alınması ilə əlaqədar gördükləri təhlükəsizlik tədbirlərindən də bəhs edilir, göstərilir ki, həmin ilin payız aylarında əhalinin təhlükəsizliyi şübhə altında idi. Bunu nəzərə alan qursalılar el ağsaqqalı, Böyük Vətən Müharibəsi (1941-45-ci il) veteranı Qədim müəllimin başçılığı altında “Müdafiə Ştabı”nı yaratdılar. Cəmi bir neçə saat ərzində kəndimizin cəsarətli, döyüşkən oğulları, həyat təcrübəsi olan, nisbətən yaşlı kişiləri bu “Gərargahda” toplandılar və özünümüdafiə dəstələri yaratdılar. Bu özünümüdafiə dəstəsinin sayəsində mühasirədə uzunmüddət qalan qursalılar canlı itkilərə məruz qalmadılar, düşmənlərin hücumlarından qoruna bildilər. Özünümüdafiə dəstəsində Əli Qurbanovun, Həsən Mustafayevin, Şəmistan İsmayılovun, Qaraxan Kərimovun, İskəndər Tötülovun, Seyfəddin Qocayevin, Əjdər Qocayevin, Mizami Əskərovun, Məhəmməd Zeynalovun, Mehdi Yaqubovun, (o eyni zamanda kəndimizə 15 km məsafədən yaylaqdan sərin dağ suyunun çəkilməsini təşkil etmişdir) Sabir Zeynalovun, Aslan Namazovun, Vaqif  İsmayılovun, Aydın Quliyevin, Cəfər Qocayevin, Kərim Nəsibovun, Zahid Xıdırovun və başqalarının şəxsi fəallıqlarını, şücaətlərini xüsusilə qeyd etmək lazımdır.

Söhbətləşdi: Qılman İman

Goyce.az

araz.az xəbər portalı.