Müxaliflər parlamentdə təmsil olunmamağın yarada biləcəyi fəsadlardan danışdılar
Azərbaycanda 55 dövlət qeydiyyatına alınmış siyasi partiya mövcuddur. Onların təxminən 20-sinin fəaliyyəti nəzərə çarpır. Yarısının fəaliyyəti yox səviyyəsindədir. 9 fevralda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, altıncı çağırış Milli Məclisdə 9 siyasi partiya təmsil olunacaq.
Növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) 72 namizədi qalib elan olunmuşdu. Onlardan ikisinin nəticələri ləğv edildi.
YAP-dan sonra ikinci ən çox mandat alan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP). Bu partiya 3 deputatla parlamentdə təmsilçilik qazanıb.
Daha sonra 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən BAXCP sədri Qüdrət Həsənquliyev, 26 saylı Sabunçu İkinci Seçki Dairəsindən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, 16 saylı Yasamal ikinci Seçki Dairəsindən REAL Partiyasının üzvü Erkin Qədirli, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Vəhdət Partiyasının sədri Tahir Kərimlinin və Azərbaycan Demokratik İslahatlar Partiyasınin sədri Asim Mollazadə mandat əldə ediblər.
REAL Partiyasının dövlət qeydiyyatı yoxdur. Adıçəkilən digər partiyalar isə 5-ci çağırış Milli Məclisdə də təmsil olunurdular. Onlar parlament partiyaları, bəziləri parlament müxalifəti adlandırılırlar. Buna baxmayaraq, cəmiyyətdə uzun illərdir belə bir rəy mövcuddur ki, Milli Məclisdə real müxalifət yoxdur. Eyni partiyaların yenə də Milli Məclisə buraxılması, eyni müxalif partiyaların da yenə kənarda qalması müxalifət qarşısında yeni sual qoyur: Bundan sonra nə olacaq? Müxalifətin parlamentə buraxılmaması onsuz da ağır durumda olan düşərgənin vəziyyətini daha da ağırlaşdıracaq, yoxsa narazı elektoratın onun ətafında cəmləşməsinə gətirib çıxaracaq?
AMİP Siyasi Şurasının üzvü Əli Orucov qeyd etdi ki, 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində ölkənin aparıcı real müxalif siyasi qüvvələrinin kənarda saxlanılması təkcə qeyri-iqtidar düşərgəsi üçün deyil, ümumilikdə demokratiyaya və hakimiyyətin islahatlar adlandırdığı prosesə də ciddi zərbə vurdu. Azərbaycanın beynəlxalq imicini bir daha zədələdi: “Cəmiyyətdə yaranmaqda olan müsbət tendensiyalara, seçki institutlarına, seçkilərin özünə, verilən vədlərə inam sarsıldı. Mən özüm deputatlığa namizəd kimi seçicilərlə keçirdiyim çoxsaylı görüşlərdə prezident İlham Əliyevin islahatlar və köklü dəyişikliklərlə bağlı verdiyi mesajlara kövrək ümidlərin yarandığının şahidi olsam da, seçki prosesinin növbəti axarında tədricən bu ümidlərin də puça çıxdığını sezməmək mümkün deyildi. Məhz bunun nəticəsi idi ki, seçici fəallığı 10 faizi keçmədi. İnsanların, ölkə vətəndaşlarının inamsızlığı isə bütünlükdə xoşagələn hal deyil. Bu seçkilərdən sonra siyasi partiyaların cəmiyyətdə rolu və təsiri daha da pisləşdi. Partiyalardan istefa verənlərin olacağı da gözləniləndir. Bunlar önəmli deyil. Önəmli olan odur ki, bu seçkilərdə Azərbaycan itirdi.
Bundan sonra cəmiyyətdə gərginlik artacaq və radikal qüvvələrin geniş meydan sulamasına stimul veriləcək. Növbədənkənar parlament seçkisi əslində hakimiyyətin, gəncləşdirilən komandanın bir imtahanı idi. Təəssüf ki, bu seçkilər daha pis nümunə oldu. Özünü buraxan, islahatlara və dəyişikliklərə əngəl olan, cəmiyyət tərəfindən mənfi obraz olaraq qəbul edilən keçmiş deputatlarla Azərbaycanı inkişafa, reformalara aparmağı, siyasi sabitliyi qorumağı mümkün hesab etmirəm. Köklü dəyişiklikləri və islahatları xalq özü öz iradəsi ilə həyata keçirəcək”.
“Yeni Müsavat”
araz.az xəbər portalı.