Abid Şərifovun kürəkəni qanun tanımır.
Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində baş verən rüşvətxorluq, özbaşınalıq faktları ciddi narazılığa səbəb olub. Belə ki, müəssisənin rəisi Məmməd Mahmudovun baş nazirin keçmiş müavini Abid Şərifovun kürəkəni olması Penitensiar Xidmətə olunan şikayətləri nəticəsiz qoyub.
6 saylı CÇM-da olduğum 2 ay müddətində gördüklərim aşağıdakı mənzərəni formalaşdırır.
1. Müəssisənin rəisi Məmməd Mahmudovun qaydalarına görə, valideynlərin cəza çəkən öz yaxınları ilə görüşməsi üçün 80 manat rüşvət tələb olunur.
2. Məhkumların öz telefon danışığı haqlarından istifadə etmələri üçün aylıq 300 manat.
3. İstintaq Təcridxanalarından 6 saylı CÇM-ya köçürülən məhkumların karantindən müəssisəyə buraxılması üçün 1500 manat.
4. Hər gün müxtəlif adlarla müavinlərin otağına aparılan (guya müəssisədaxili rejim qaydalarını pozub) məhkumların cərimə kameralarına (karser) salınmaması üçün 500- 1000 manat.
5. Müəssisənin Tibb Məntəqəsində müalicə olunmaq üçün aylıq 300-600 manat.
6. Tibb məntəqəsində müalicə olunan məhkumların telefon təminatı üçün aylıq 250, gündəlik 2 manat.
7. Yaxınları tərəfindən məhkumlara göndərilən sovqat puldan hər 100 manata 15 manat götürülür.
8. Yeməkxanada ərzaq saxlamaq üçün aylıq 100 manat.
9. Otaqlarda qalmaq üçün 1500-3000 manat.
10. Müəssisəyə gətirilən yeni məhkumların yataqxanada yerləşdirildiyi zaman “yerpulu” adıyla tələb olunan 100 manat və sair rüşvətlər tələb olunur.
Müəssisənin rəisi Məmməd Mahmudovun bu özəl qaydalarını, tələblərini yerinə yetirməyən məhkumlar cərimə kameralarına salınaraq işgəncələrə məruz qoyulur. Məhkumlar günlərlə bu kameralarda üst-üstə qandalla bağlı saxlanılır. İşgəncələrdən xilas olmaq üçün şərtləri qəbul etməli və 1000 manat rüşvət ödənməlidir.
Rəis Məmməd Mahmudovun işgəncə və qanunsuz tələbləri etiraza səbəb olsa da, onun “toxunulmazlıq statusu” öz iyrənc əməllərini daha da genişləndirməyə şərait yaratmaqdadır.
Özünü Ədliyyə Naziri Fikrət Məmmədovun yaxını sayan rəis Məmməd Mahmudovun özbaşınalığına son verilmədiyi təqdirdə 6 saylı Cəzaçəkmə Müəssisəsində faciələrin yaşanması qaçılmazdır.
Reallıq.info saytının hal-hazırda məhkumluq həyatı yaşayan baş redaktoru İkram Rəhimov.
AZELTV
araz.az xəbər portalı.