Tanınmış iqtisadçı Qubad İbadoğlu və təhsil eksperti Kamran Əsədov təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı tələblə çıxış edib.
Musavat.com xəbər verir ki, onlar öz müraciətlərində bu məsələni əsaslandırıblar. Q.İbadoğlu yazıb ki, İranda 1 həftə əvvəl məktəblər bağlanıb, kütləvi tədbirlər dayandırılıb, Ermənistanda məktəblər sabahdan bağlanır, Gürcüstanda hazırlıq gedir, Azərbaycan yenə də gözləyir: “Bu gün mart ayının ilk tədris günüdür, 2 həftədən sonra dərslər qrafik üzrə Novruz tətilinə görə dayandırılacaq. Hal-hazırda görsənən odur ki, Nazirlər Kabineti, Təhsil Nazirliyi ictimai tələblərə adekvat reaksiya vermir və yaxın günlərdə bunu etmək məcburiyyətində qalıb qərar versə də onun effekti arxadan atılmış daşa bənzəyəcək.
Yaponiya ötən həftə qərar verərək Mart ayının sonunadək məktəbləri 13 milyon şagirdin üzünə bağladı.
Anoloji qərarı Vyetnam Yaponiyadan əvvəl verib, lakin məktəblər bağlanmamışdan əvvəl şagirdlərə və müəllimlərə xüsusi təlimlər keçirilib.
Ermənistan bu gündən uşaq baxçası, məktəb, texniki peşə litseyində, texnikum, kollec və Universitetlərdə təhsili 1 həftə müddətinə dayandırdı. Məlumat üçün qeyd edim ki, Ermənistanda hələ ki, 29 yaşlı 1 nəfər koronavirusa yoluxub.
Anoloji qərarı bu həftə Gürcüstanın da verəcəyi gözlənilir. Bu gündən Gürcüstanda işləyən beynəlxalq təşkilatlarda əmək fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmağa başlayıb.
Iranda məktəblər 1 həftədir ki, qapalıdır, sosial tədbirlər, hətta cümə namazı da təxirə salınıb.
Azərbaycana gəlincə, hesab edirəm ki, ilk növbədə cənub rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar və Salyan) uşaq baxçaları və məktəblər, eləcə də Bakı və respublika tabeli 9 şəhərdə uşaq baxçaları və məktəblər, kollec və Universitetlər əvvəlcə 1 həftə müddətinə bağlanmalı, zərurət yaranarsa, bu müddət Novruz bayramınadək uzadılmalıdır.
Bu müddət ərzində bütün təhsil ocaqlarında sanitar və su qovşaqları, xüsusilə də tualetlər yenidən qurulmalı, bütün siniflər və auritoriyalar dezinfeksiya olunmalı, təhsil ocaqları zəruri yuyucu və qurulayıcı vasitələrlə təchiz edilməli, müəllimlər və tərbiyəçilər təlimlərə cəlb olunmalı və koronavirusla mübarizə üçün preventiv tədbirlərə dair məlumatlandırılmalıdır. Təhsil Nazirliyi koronavirusdan qorunmaq üçün modul dərs hazırlamalı onu tədris müəssisələrinə paylamalı, posterlər nəşr etdirib, siniflərdə və auditoriyalarda, eləcə də kütləvi oxuna bilməsi mümkün olan digər yerlər yerləşdirməlidir”.
Təhsil eksperti Kamran Əsədov isə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova yazılı müraciət edib. O, da yazıb ki, iki aya yaxındır dünyanı hələ də müalicəsi tapılmayan yoluxucu koronavirus cənginə alıb. Bu təhlükə bu və ya digər formada artıq bizim də ərazimizə daxil olub, müşahidə olunub: “Xatırladım ki, mart ayında fəsil dəyişməsi ilə əlaqədar olaraq, qızılca, malyariya, suçiçəyi kimi yoluxucu xəstəliklər də təbii olaraq artır, xüsusilə məktəbyaşlıların orqanizmində zəifləmə halları baş verir ki, adi zamanlarda da müxtəlif infeksiyaların təsiri özünü daha aşkar, geniş şəkildə göstərir. Düşünürəm ki, koronavirusun ayaq açdığı dövrdə 1.5 milyon nəfər şagirdi risk altına almaq olmaz.
Hörmətli Əli müəllim, bir məqam da var ki, ölkədə fəaliyət göstərən 4447 məktəbin heç də hamısı maddi-texniki baza baxımından tam olaraq qənaətbəxş vəziyyətdə deyil. Onlar arasında isitmə sistemində, havalandırma sistemində, ilkin tibbi yardım göstərilməsi istiqamətində müəyyən problemlər var.
Digər tərəfdən isə, apteklərdə də kifayət qədər respirator, spirt və digər lazımi avadanlıqlar yoxdur. Olanların da qiyməti süni şəkildə kəskin artırılıb.
İnanıram ki, bizim üçün şagirdlərin sağlamlığı hər şeydən üstündür deyib Nazirlər Kabineti mart ayında orta və ali məktəblərdə tətil elan edəcək.
Ümummilli Lider Heydər Əliyev deyib ki, “sağlam bədəndə sağlam ruh olar”. Ona görə də gəlin sağlamlığımızı qoruyaq. Bu tətil müddət ərzində məktəblərdə davamlı şəkildə dezinfeksiya işləri aparılar, insanlar arasında maarifləndirmə prosesinin miqyası daha da genişlənər.
Hörmətli Baş Nazir, bildiyiniz kimi, mart ayında iki bayramın olması (8 mart beynəlxalq qadınlar günü və Novruz bayramı) istirahət günlərinin sayını artırır. Belə ki, martda 15 gün iş olmayacaq.
Mən də sizin rəhbəri olduğunuz Nazirlər Kabinetinə müraciət edirəm ki, mart ayında olacaq 15 dərs gününü iyun ayının 15-30-u ilə əvəz etməklə mart ayında orta və ali məktəblərdə tətil elan olunması barədə qərar qəbul edəsiniz.
Nəzərə alsaq ki, hal – hazırda rəsmi olaraq ölkə ərazisində koronavirus aşkar edilib və yoluxma halları var, deməli təhlükəli məqamdır.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.
Qeyd edim ki, hər hansı kütləvi yoluxucu xəstəliklərin yayıldığı ölkələrdə, fövqaladə halların baş verdiyi ərazilərdə təhsil müəssisələrində problem aradan qalxana qədər tətilin elan edilməsi təcrübəsi mövcuddur. Artıq Çin, Gürcüstan, ABŞ və bir çox ölkələr bu addımı atıb. Əvvəlcədən Sizə təşəkkür edirəm!”
Musavat.com
araz.az xəbər portalı.