Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın yeni parlamentinə müraciət qəbul olunub.
Problemin həllini özündə əks etdirən konkret təklifləri – “Yol xəritəsi”ni Milli Məclisə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı göndərib.
QAT-ın İdarə Heyətində müzakirə edilərək qəbul olunmuş sənəddə göstərilir ki, Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı məsələ 9 fevral növbədənkənar parlament seçkiləri nəticəsində formalaşmış Milli Məclisin işə başladığı ilk gündən ən vacib və əsas məsələ kimi müzakirə olunmalı və daim gündəmdə saxlanılmalıdır.
Qeyd olunur ki, Qarabağı işğaldan azad etmədən, dövlətimizin ərazi bütövlüyü bərpa olunmadan dövlət qurumlarının, o cümlədən parlamentin hər hansı istiqamətdə fəaliyyətinin heç bir mənası yoxdur. Yeni parlament Qarabağın azadlığı naminə mübarizə, konkret və nəticəyə yönələn fəaliyyət meydanına çevrilməlidir. Bütün bunları nəzərə alaraq, parlamentin ilk 5 iclası ərzində aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, uyğun qərarların qəbul olunması üçün təklif Milli Məclisə göndərilib:
1. Parlamentin plenar iclasında Azərbaycan Respublikasının Prezidenti və digər dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, siyasi partiya, ictimai təşkilat, media təmsilçiləri, hüquq müdafiəçiləri və digərlərinin iştirakı ilə geniş Qarabağ müzakirələri keçirilməli, erməni işğalının nəticələrinin aradan qaldırılması, torpaqlarımızın azad edilməsi ilə bağlı görülən işlərə dair məlumat verilməli, yaxın vaxtlarda atılacaq təxirəsalınmaz addımlar müəyyən edilməlidir. Bu cür müzakirələr torpaqlarımız işğaldan azad olunana qədər mütəmadi olaraq davam etdirilməlidir.
2. Milli Məclisin daimi fəaliyyət göstərən Qarabağ Komitəsi yaradılmalıdır. Bu Komitə Qarabağ və müharibə ilə bağlı olan təşkilatlarla əlaqəli şəkildə fəaliyyət göstərməlidir.
3. Milli Məclisdə əsasən Qarabağdan, düşmənlə üz-üzə dayanan sərhəd bölgələrindən, müharibədə iştirak edən, həmçinin əslən Qərbi Azərbaycandan olan deputatlardan ibarət Qarabağ fraksiyasının formalaşdırılmasına şərait yaradılmalıdır. Parlamentin seçkili orqanlarında bu fraksiya üzvlərinin təmsilçiliyi təmin olunmalıdır.
4. “Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzü”, “Azərbaycanın işğal olunmuş əraziləri”, “Xocalı soyqırımı haqqında” qanun layihələri dərhal müzakirəyə çıxarılmalı və ləngimədən uyğun qanunlar qəbul edilməlidir.
5. Milli Məclisin fəaliyyəti işğalçı Ermənistana qarşı Azərbaycanın azadlıq müharibəsinin ləngimədən başlanılmasının təmin olunmasına yönəldilməlidir.
QAT-ın müraciətində dövlət başçısı, parlament rəhbərliyi, deputatlar, həmçinin siyasi partiyalar, ictimai təşkilatlar, hər bir vətəndaş və soydaşımız bu təklifləri dəstəkləməyə, bu təkliflərin həyata keçirilməsi üçün səy göstərməyə çağırılır.
araz.az
araz.az xəbər portalı.