Azərbaycan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlının rəhbəri olduğu Vətəndaş Həmrəyliyi Partiyası Mübariz Mənsimovla bağlı bəyanat yayıb.
Sozcu.az həmin bəyanatı təqdim edir:
““Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyədə FETO şəbəkəsi ilə əlaqədə ittiham olunaraq saxlanılması həm Türkiyədə, həm Azərbaycanda böyük məyusluq hissi yaradıb. Mübariz Mənsimov öz həyatı, əməlləri, iş fəaliyyəti və düşüncələri ilə hər iki qardaş ölkənin vətəndaşlarının böyük sevgisini qazanıb. İş adamı kimi Türkiyə dövlətinin iqtisadiyyatının inkişafına əvəzsiz xidmətlər göstərmiş, yardıma ehtiyacı olan hər bir şəxsə dayaq durmuş, hər zaman millətimizin elmə və soy-kökünə bağlılığına dəstək olmuş bir şəxsin adının hansısa cinayətkar şəbəkəyə calanması heç cür başadüşülən deyil. Əksinə Mübariz Mənsimovun öz fəaliyyətində FETO və Türkiyə Cumhuriyyəti əleyhinə olan bütün qüvvələrə qarşı olması hər kəsə bəllidir. Buna görə də Türkiyə və Azərbaycan cəmiyyəti iş adamının həbsinin sifarişli olduğunu düşünərək qardaş ölkənin hüquq-mühafizə orqanlarının belə bir çirkin planın içində olmasından təəssüf hissi keçirir. Vətəndaş Həmrəyliyi Partiyası Mübariz Mənsimovun azadlığa çıxmasını tələb edir və aparılan istintaq işinin ədalətli sonuca gəlib çıxacağına inanır. Mübariz Mənsimovun azadlığa buraxılması Türkiyə hökumətinin və istintaq orqanlarının xalq sevgisinə olan adekvat münasibət olardı.”
araz.az xəbər portalı.