Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı redaksiyamızla telefon əlaqəsində koronavirusla bağlı dövlətin gerçəkləşdirdiyi tədbirlərin müstəsna önəmini vurğulayaraq, hər kəsin qoyulmuş karantin qaydalarına ciddi əməl etməsinin və bu çətin günlərdə ən yüksək səviyyədə milli həmrəyliyin zəruri olduğunu bildirdi:
– Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya bəlasına qarşı Azərbaycanda gerçəkləşdirilən kompleks tədbirlərin dünyada misli yoxdur. Bizim dövlət var olsun ki, çox operativ şəkildə bu ölümsaçan virusun geniş yayılmaması üçün önləyici tədbirlər gördü və imkan vermədi ki, bu bəla bizdə başqa ölkələrdəki kimi qorxunc həddə yüksəlsin.
Karantin rejimini mən də hamı kimi evdə keçirirəm. Yazıb-oxumağımı işlərimi görürəm davam etdirirəm. Gündəlik əlaqədə olduğum hamı və hər şey üçün darıxsam da, evdə qalmağın ümumi bəlaya qarşı ən təsirli mübarizə yolu olduğu barədə deyilənləri dərin anlayışla qarşılayıram. Ötən günlər göstərdi ki, ziyalılarımızın ev şəraitində də ictimai-faydalı işləri davam etdirməsi mümükündür.
Bundan sonra daha çox diqqətli olmalıyıq, çəkilən zəhmətin hədər getməsinə imkan verməməliyik. Bu çətin günlərdə qazandığımız dözüm və inam bizi daha güclü edəcək. Bir də indiki pandemiya məhdudiyyətləri göstərdi ki, dünyayla qaynayıb-qarışmaq məsələsini getdikcə daha çox onlayn sistemə keçirmək nəinki mümkündür, bir sıra hallarda faydalıdır da. Artıq təyyarəylə hansısa ölkəyə getmədən də virtual görüşlər, müakirələr və dəyər mübadilələri baş tutur. Həyat göstərdi ki, təyyarələr məkanları zamanca yaxın eləsə də, əhatəli get-gəllər insanları bir-birinə daha çox qovuşdursa da pandemiya kimi bəlaları da dünyaya daha sürətlə və geniş yaya bilir.
Müsahibimiz sonda dedi: “Düşünürəm ki, bu pandemiya bütün dünyaya, ölkələrə və xalqlara maddi baxımdan çox ziyan vursa da, mənəvi dəyərləri xeyli zənginləşdirəcək. Koronavurusla mübarizə zəminində əldə edilmiş bəşəri təcrübə, buvaxtədək görünməmiş ekstremal şəraitdə tapılan yollar və sınaqdan keçirilən üsullar isə tezliklə dünyanı daha çevik və səmərəli inkişaf relsi üzərinə qaldıracaq.
Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”
araz.az xəbər portalı.