Sabiq deputat, siyasi şərhçi Alqış Musayevin SİA-ya müsahibəsi:
– Alqış müəllim, bu gün dünyada ən ümdə məsələ koronavirusla mübarizədir. Azərbaycanda da bu istiqamətdə səmərəli addımlar atılır. Hazırki durumu necə qiymətləndirirsiniz?
– Bu gün pandemiya bəşər övladının qarşısında ən böyük problemə çevrilib. Demək olar ki, bu gün bütün dünya ölkələri onun özü və nəticələri ilə mübarizə aparır. Azərbaycan da digər ölkələr kimi pandemiyanının ilk günündən mübarizə tədbirlərini həyata keçirir və bu tədbirlər bu gün də davam etməkdədir. Atılan addımlar bir daha sübut etdi ki, Azərbaycan dövləti, hakimiyyəti ən çətin məqamlarda belə müvazinətini itirmir, əksinə məsələlərə operativ reaksiya verərək problemin öhdəsindən yüksək səviyyədə gəlir. Bütün bunlar Azərbaycanda artıq oturuşmuş dövlətçilik ənənəsinin olduğunu və onun gündən-günə daha da möhkəmləndiyini göstərir. Bu, təqdirəlayiq haldır. Yeni növ koronavirusla bağlı statistik rəqəmlərin, eləcə də pandemiya ilə bağlı qəbul edilən qərarların cəmiyyətə çatdırılması istiqamətində Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın fəaliyyəti də sübut edir ki, Azərbaycan dövləti istənilən ekstremal şəraitin öhdəsindən gəlməyə qadirdir. Hesab edirəm ki, bu gün Azərbaycan dövlətinin özü bütövlükdə Operativ Qərargah kimi fəaliyyət göstərir. Bu, çox müsbət göstəricisidir.
– Bildiyiniz kimi mart ayının 31-dən etibarən ölkəmizdə ciddi karantin rejimi tətbiq olunub, aprel ayının 5-dən isə sms və elekton icazə ilə bağlı yeni system fəaliyyətə başlayıb. Vətəndaşlarımızın bu məsələdə həmrəylik nümayişi qanedicidirmi?
– Təbii ki, bütün məsələlərdə olduğu kimi burada da istisna halları var. Yəni kimlərsə fərdi qaydada karantin rejimini poza bilər. Çünki insanların hamısı məsələni eyni cür dərk etmir. Hətta məsələyə çübhə ilə yanaşanlar var. Xüsusilə də yaşlı vətəndaşlarımıza bu rejimi təlqin etmək daha çətindir. Uzun müddət başqa vərdişlərlə yaşayan insanları o vərdişlərdən daşındırmaq çətin olur. Amma ümumilikdə Azərbaycan hakimiyyəti tərəfindən görülən tədbirlər nəticəsində xalqımız bu prosesdə çox fəal mövqedən çıxış etdilər. Təbii ki, atılan bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının qorunması və rifah halının yaxşılaşdırılmasıdır. Cənab Prezidentin “biz nəyin, nə zaman və necə etməyi hamıdan yaxşı bilirik” fikri pandemiyaya qarşı mübarizə günlərində də özünün gerçək olduğunu bir daha sübut etdi.
– Azərbaycan dövləti pandemiya ilə mübarizə istiqamətində vətəndaşlarımızın sağlamlığı ilə yanaşı, onların sosial müdafiəsinin yaxşılaşdırılması məsələsində mühüm addımları ilə seçildi. Bu haqda fikirləriniz…
– Həqiqətən də pandemiya bütün dünya ölkələrində ciddi problemlərə səbəb olub. Azərbaycan da dünyanın bir parçası olaraq bu problemlərdən yan ötmür. Lakin ən sevindirici məqam ölkəmiz tərəfindən bu problemlərdən az itki ilə çıxmaq istiqamətində atılan addımlardır. Ölkəmizdə iqtisadi sabitliyin qorunması, eləcə də vətəndaşlarımızn sosial müdafiəsinin yaxşılaşdırılmasını nəzərdə tutan bir sıra Dəstək Proqramlarına xalqımız tərəfindən verilən yüksək qiymət bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında özünü biruzə verir. Amma çox təəssüf ki, tək ölkəmizdə deyil, eləcə də digər ölkələrdə hazırki vəziyyətdən sui-istifadə etmək istəyən müəyyən qüvvələr var. Bəziləri mövcud vəziyyətdə hökuməti, dövləti əlavə xərclərə yönəltməyə əlavə sosial öhdəliklərlə yükləməyə çalışırlar. Lakin Azərbaycan hakimiyyəti həyata keçirilən bütün sosial layihələri heç bir emosiyaya, hissə qapılmadan, praqmatik siyayətlə reallaşdırır. Bu da əlbətə ki, Azərbaycan dövlətinin ayaq üstə dayanmasını təmin edən çox vacib faktordur. Bəzən başqa ölkələrdə həbsxanalarda olan insanların azadlığa buraxılması ilə bağlı fikirlərə rast gəlirik. Bu çox yanlışdır. Çünki, insanları evdə saxlamaq istiqamətində atılan ciddi addımlar atıldığı bir vaxtda cinayət törədən insanları cəmiyyətə buraxmaq və bu cür təkliflərlə çıxış etməyin özü də bir sıra suallar doğurur. Hesab edirəm ki, cəmiyyəti kriminal elementlərlə zənginləşdirmək olmaz, bu, təhlükəli tendensiyadır. Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasətin uzaqgörənliyi də odur ki, bütün bu məqamlar ölkəmizdə ciddi nəzərdən keçirilir və verilən təkliflər Azərbaycanın maraqlarına uyğun şəkildə reallığa çevrilir. Bu çox vacib məqamdır.
– Alqış müəllim, karantin rejimi koronavirus təhlükəsi səbəbindən tətbiq olunsa da bunun bəzi müsbət tərəflərini deyənlər də var…
– Hər məsələnin mənfi tərəfi olduğu, kimi müsbət tərəfləri də var. Karantin rejimi bəzi insanlara mənfi kimi görünsə də, ümumilikdə həm ekologiyanın təmizlənməsi, həm də bir sıra müsbət vərdişlərin üzə çıxmasına şərait yaratdı. Misal üçün Bakı şəhərində avtomobillərin çoxluğu ekologiyaya mənfi təsir göstərirdi. Lakin karantin rejimi havanın ekoloji tərəfdən təmizlənməsinə çox müsbət təsir göstərib. Hətta düşünürəm ki, karantin rejimi bitdikdən sonra da Bakıda həftədə 1 dəfə şəxsi minik vasitələrindən istifadəyə məhdudiyyətlər qoyula bilər. Bunu qanun çərçivəsinə də salmaq olar. Bu gün Azərbaycan vətəndaşlarının hər biri karantin rejiminə əməl edir. Düşünürəm ki, karantin rejimi bitdikdən sonra da müəyyən qaydalara əməl etmək mütləqdir. Karantin rejimin müsbət tərəflərindən biri yas və toy mərasimləri ilə bağlı qoyulan məhdudiyyətlərdir. Bildiyiniz kimi son dövrlərdə həm yas, həm də toy məclisləri demək olar ki, əndazədən çıxıb. Karantin bitdikdən sonra onların yığcamlaşmasına, formatının dəyişməsinə baxmaq məqsədəuyğun olar. Hesab edirəm ki, biz karantin rejimində əldə etdiyimiz müsbət təcrübələri sonra da davam etdirməliyik.
Müəllif: Nailə Məhərrəmova
araz.az xəbər portalı.