1587738820_medium_32427800x450.jpg

Biznesindən məhrum olmuş İlqar Hacıyev və evsiz qalmış payçılar “Kiyevskaya ploşad” şirkətinin sahibi Qod Nisanova qarşı mübarizələrini davam etdirirlər.

Araz.az-ın məlumatına görə, bunu “The Moskow Post” saytı əslən Azərbaycandan olan iş adamları Qod Nisanov və İlqar Hacıyev arasında Rusiyanın paytaxtı Moskva şəhərindəki tikinti ilə bağlı yaranmış qarşıdurmadan yazarkən bildirib.

Sayt yazır ki, internetdə “Piroqovskaya Rivyera”dakı yaşayış kompleksinin aldadılmış payçılarının Rusiya prezidentinə müraciəti yayılıb. Nisanovun adamları Hacıyevin biznesini qəsb etdikdən və inşaat işləri dayandırıldıqdan sonra vətəndaşlar həyəcan təbili çalırlar. Yeni sahiblər özlərinə əziyyət verərək, payçıların tikinti işləri və mənzillərin satılması ilə bağlı səlahiyyətlərini təsdiq edən sənədləri belə təqdim etmək istəmirlər:

“Komfort İnvest” İxtisaslaşdırılmış İnşaatçı” MMC-nin (SDI şirkətlər qrupuna daxildir və “Piroqovskaya Rivyera” yaşayış kompleksi layihəsi ilə məşğuldur) bank hesabları dondurulub, prokurorluq isə susur. Təhdidlərdən qorunmaq üçün xaricə getməyə məcbur olmuş İlqar Hacıyev “The Moscow Post“un müxbirinə Qod Nisanovla aralarında baş verən münaqişə haqqında ətraflı danışıb.

Hacıyevin dediyinə görə, Nisanovla təxminən 2010-cu ildə görüşüb. “O zaman bizi azərbaycanlı iş adamlarından biri “Ukrayna” mehmanxanasında tanış etdi, ancaq qiyabi olaraq çoxdan bir-birimizi tanıyırdıq. Çünki mən Azərbaycanda tikinti sahəsində böyük işlər görən sahibkarlardan biri, Qod Nisanov da Rusiyada iri iş adamı idi”.

Doğrudan da, o zaman İlqar Hacıyev Azərbaycanda xeyli qol-budaq atmışdı. O, Bakıya 1988-ci ildə ailəsi ilə birlikdə köçmüşdü. Məktəbi günəşli diyarda bitirən Hacıyev Rusiyada bizneslə məşğul olmağa qərar vermiş, ilk kiçik mağazasını 17 yaşında açmışdı! Gənc kommersant 19 yaşında artıq ilk milyonunu qazanmışdı.

Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra, 1993-cü ildə ağır dövr başlamışdı. Ölkə rəhbəri Heydər Əliyevin çıxışlarından ilhamlanan İlqar Hacıyev Azərbaycana qayıtdı. O zaman ölkəyə təşəbbüskar, fədakar insanlar lazım idi.

2000-ci ilə doğru İlqar Hacıyev artıq respublikaya inşaat materialları gətirməyə və paralel olaraq yaşayış binaları layihələrinə investisiya qoymağa başladı. Gənc iş adamları öz istedad və bacarıqları ilə xalqın rifahı üçün böyük işlər görürdülər və əvəzedilməz “köməkçilər” arasında İlqar Hacıyev də vardı.

2005-ci ildə Hacıyev “Akkord” inşaat-sənaye investisiya korporasiyasını təsis etdi. Şirkət təkcə Azərbaycanda deyil, Gürcüstanda, Ukraynada, Qazaxıstanda, Özbəkistanda və Türkiyədə də uğurlu fəaliyyət göstərirdi. 2008-ci ildə Amerikanın “Kazimir” fondu “Akkorda” 4 milyard dollar qiymət qoydu!

Azərbaycandan Moskvaya səyahət

2012-ci il ərəfəsində İlqar Hacıyev, Qod Nisanovun yaxın adamları olan azərbaycanlılarla – German və İsay Zaxaryayev ilə tanış olaraq, Moskvada və Moskva vilayətində bir sıra layihələri nəzərdən keçirdi. Üç iş adamı birlikdə “Piroqovskaya Rivyera” nəhəng yaşayış kompleksinin inşasına qərar verdilər. Ancaq 2015-ci il ərəfəsində biznesmenlər arasında konflikt başladı. Hacıyev bu haqda deyir:

“Zaxaryayev ilə aramızda tikinti prosesinin necə aparılmasıyla bağlı fikir ayrılığı yarandı və mən müvəqqəti olaraq işlərdən aralandım. Sonradan Zaxaryayevlər öz komandaları ilə birlikdə “Piroqovskaya Rivyera” yaşayış kompleksinin ilk binalarının təhvil verilməsi müddətini pozdular“.

Yeri gəlmişkən, o zaman artıq payçılar Moskva vilayətinin qubernatoru Andrey Vorobyova müraciət etmək üçün imza toplayırdılar ki, tikintinin gedişinə təsir etməsini xahiş etsinlər.

Rusiyadakı milyarder soydaşlarımızın qarşıdurması yekunlaşmayıb
İ. Hacıyev

Təxminən elə həmin vaxt qəflətən Hacıyevin “Akkord.Smart-Kvartal” yaşayış kompleksi layihəsinin icazə sənədləri ilə bağlı problemlər yaranıb. Bunu görən Qod Nisanov problemlərin həlli ilə bağlı öz köməyini təklif edib. Ancaq bu köməyin müqabilində “Akkord.Smart-Kvartal” yaşayış kompleksi layihəsinin icrası ilə məşğul olan “SDI İxtisaslaşdırılmış İnşaatçı” MMC şirkətinin hissələrinin 50 faizini istəyib. Onun payını Nisanovun səlahiyyətli nümayəndəsi Albert İmanilov adlı şəxsin adına rəsmiləşdiriblər.

Bundan sonra münaqişə sanki səngiyib. Hacıyev tikinti üçün bütün “rıçaqları” əldə edib və ilk növbədə “Piroqovskaya Rivyera” yaşayış kompleksini başa çatdıraraq payçıları sevindirib. Sonra Nisanov ona yeni iş təklif edib: gəliri yarıbayarı bölməklə tikinti tenderlərində iştirak etmək. Layihəni reallaşdırmaq üçün Hacıyevin “Akkord Xüsusi İnşaat” şirkətini seçiblər və Nisanovun payını yenidən artıq tanıdıqları İmanilovun adına rəsmiləşdiriblər.

Bu zaman Zaxaryayevlər ailəsi İlqar Hacıyevə təzyiq göstərməyə başlayıb. Görünür, yeni inşaat layihəsindən kənarda qaldıqları üçün inciyiblər. Qod Nisanovla İlqar Hacıyev arasındakı münaqişənin səbəblərindən biri də elə bu dava-dalaş və təhdidlər olub. Ancaq başlıca səbəblərdən biri yenə Hacıyevin Zaxaryayevlərlə birlikdə həyata keçirdiyi uğurlu “VernadSKY” YK olub.

Yaşayış kompleksinə 3 mərtəbəli ticarət mərkəzi və 20 mərtəbəli yaşayış sahəsi daxildir. Mənzilləri 2018-ci ilin sentyabrında satmağa başlayıblar və iki ay ərzində yaşayış sahəsinin 40 faizini sataraq, bu rayonun tikinti bazarında görünməmiş uğurlu nəticə əldə ediblər. Kommersiya sahələrini almaq istəyən potensial müştərilərin siyahısı böyüməyə başlayıb. Nisanov və dostları da elə bu zaman “fəallaşıblar”.

Hacıyev deyir: “Nisanov layihədən gələn və ümumi məbləği 200 milyon dollara yaxın olmalı olan gəlirin bölüşdürülməsi üzrə əvvəlcədən danışdığımız şərtlərə yenidən baxmaq istədi.

Axırda onlar məni layihədən çıxmağa məcbur etdilər və qərara gəldilər ki, xərclədiyim 5 milyon dolları mənə kompensasiya şəklində ödəyərək, həmin 200 milyonu özləri qazansınlar. Onlar maliyyə yoxlaması təşkil etdilər, nəticədə mənim komandam sərf olunan vəsaitlə bağlı 5 yox, 6 milyon dollarlıq hesabat təqdim etdi.

Ancaq bu, konfliktin bir qismidir. Bundan başqa, Nisanov vəd etmişdi ki, 2019-cu ildə ümumi dəyəri 20 milyard olan və 12 faizi guya Moskva meri Sergey Sobyaninə çatacaq kontrakrları mənim üçün udacaq. Nisanov hətta belə bir şərt irəli sürdü ki, əldə olunan gəlir bu şəkildə bölüşdürülsün: 50 faiz ona, 15 faiz Elman Bayramova (Nisanovun səlahiyyətli nümayəndəsidir), 35 faiz isə mənə. Ancaq kontraktların reallaşdırılması üzrə xərcləri öz üzərinə götürdü“.

Nisanov paytaxt merinə çoxdan “qulluq göstərir”?

Bu cür barbar şərtlər, təbii ki, Hacıyevin xoşuna gəlmir. Ancaq onun üzərinə təhdidlər yağmağa başlayır və buna görə iş adamı Rusiyanı tərk etməli olur. Elə həmin 2019-cu ildə “Vityaz” ÇOP-dan (Xüsusi Mühafizə Təşkilatı) olan qoluzorlular “VernadSKY”nin ofisinə, üç gündən sonra isə SDI qrupun baş ofisinə soxulublar. İdarə qəsb olunub və pulları onun strukturlarından nəzarətsiz şəkildə çıxarmağa başlayıblar. Tikinti meydançalarında isə Qod Nisanovun səlahiyyətli nümayəndələri peyda olub. Yeri gəlmişkən, Qod Nisanovun yaxın adamlarının zəbt olunmuş ofislərdə özlərini necə həyasızcasına aparmaları haqda aydın videkamera görüntüləri var. Lakin prokurorluq nədənsə cinayət işi qaldırmağa tələsmir! Qod Nisanovun “arxası” yəni belə möhkəmdir?”.

Rusiyadakı milyarder soydaşlarımızın qarşıdurması yekunlaşmayıb
Q. Nisanov

“The Moscow Post” qəsbkarların pulları SDI qrupun strukturlarından qaytarılmayan borclar adıyla və imzaları necə saxtalaşdıraraq çıxarması haqda ətraflı yazıb. Müxbirlər təkcə İlqar Hacıyevin şirkətlərinin baş direktorları ilə deyil, SDI qrupun tərəfdaşları ilə də danışıblar və hər yerdə tanış mənzərə ilə üzləşiblər: sənədlərin və imzaların saxtalaşdırılması, pulların “boş” firmalara köçürülməsi, layihələrin “dondurulması” və cinayətkar “repressiyalarla” müşayiət olunan təhdidlər.

İlqar Hacıyev hətta onun üçün ağır olan bir vaxtda işlərini qaydasına salmağa, oxşar vəziyyətə düşmüş digər iş adamlarına kömək etməyə çalışır. Odur ki, “Biznesin şəffaflığı və Rusiyada korporativ reydlər əleyhinə Mərkəz” yaradıb. İlqar Hacıyev deyir:

“Mənim məqsədim Rusiya ilə mübarizə aparmaq, yaxud Rusiya Federasiyasının reputasiyasını qaralamaq deyil. Mənim başlıca məqsədim biznesdə cinayətkarlığa qarşı mübarizə aparmaqdır. Mən özümə və heç bir qanunu pozmayan, ədalət arayan digər iş adamlarına kömək etmək istəyirəm”.

Artıq iş adamı İqor Bitkov Hacıyevin yaratdığı mərkəzə müraciət edib. Kommersantlar mərkəzi fəal surətdə inkişaf etdirirlər: “Artıq Avropa Parlamentində və Bundestaqda görüşlər keçirilib. Sonuncu görüş Brüsseldə Beynəlxalq Respublikaçılar İnstitutunun Avropa nümayəndəliyinin direktoru, Slovakiyanın AB Parlamentində keçmiş deputatı Miriam Leksman ilə olub. Berlində siyasətçi Markus Held ilə görüş keçirilib. Xeyli görüşlər keçirilməsi də planlaşdırılır. Biz Amerikada da görüşlər keçirməyi nəzərdə tuturuq, lakin koronavirusla mübarizə tədbirləri səbəbindən onları bir qədər təxirə salmışıq”.

Yəqin ki, Qod Nisanov, İlqar Hacıyevi biznesdən həyasızcasına çıxararaq və Londona “qovaraq”, “döyüşdə” qalib gəldiyini düşünür. Ancaq görünən odur ki, uzunmüddətli “müharibə” hələ başa çatmayıb.

Araz.az “The Moskow Post”dakı yazının linkini təqdim edir:

My Webpage

araz.az xəbər portalı.