“Dövlət Neft Fondunun aktivləri 70 milyard 210 milyon manata bərabərdir (1 aprel 2020-ci il tarixinə). Onu adambaşına böləndə hər adama 7000 manat düşür. Hamısını əhaliyə paylamağa ehtiyac yoxdur. 10 faizini – 7 milyard manatını 10 milyon əhaliyə böləndə adambaşına 700 manat, 5 faizini böləndə isə hər bir vətəndaşa 350 manat çatar. Mən nə 10, nə də 5 faiz təklif etmirəm, təklifim budur ki, xalqın sərvəti hesabına formalaşan Neft Fonunun 3,75 faizi əhali arasında bərabər bölünsün və hər adama minimum əmək haqqı qədər – 250 manat ödənilsin”.
Reyting.az xəbər verir ki, belə bir təkliflə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu çıxış edib.
İqtisadçı-alim hesab edir ki, təklif etdiyi bu bölgü sosial baxımdan ədalətlidir, bununla əhali gec də olsa, neft və qaz adlı təbii sərvətlərə malik olduğunu hiss edər, hazırkı çətin dövrdə ən zəruri ehtiyaclarını həmin vəsait hesabına qarşılayar. Həm də bu bölgü ilə Neft Fondunun aktivləri yalnız 3,5 faiz azala bilər.
Q. İbadoğlu bildirib ki, təklif etdiyi bu bölgü həm də ölkədə məcmu tələbi və alıcılıq qabliyyətini artırar, büdəcəyə dolayı vergilərdən daxilolmanı çoxaldar, bir sözlə, Azərbaycan iqtisadiyyatının böhrandan çıxmasında əhəmiyyətli rol oynaya bilər.
Q. İbadoğlu
Professorun fikrincə, bu təklifini Azərbaycan hakimiyyəti mümkün qədər tez həyata keçirməlidir.
İqtisadçı-alim qeyd edib ki, onsuz da Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri sürətlə dəyərsizləşir, həmin pullar hər gün dəyər itirir:
“İzləsək, 3 aydan sonra görəcəyik ki, Neft Fondunun itkiləri xalqa mənim paylamaq üçün təklif etdiyim hazırkı məbləğdən çox olacaq. Neft Fondu yaxın aylarda ən azı 5 milyard manat itirəcək, bunu itirməkdənsə, xalqla bölüşmək daha düzgün iqtisadi yanaşma deyilmi?”.
Səsləndirdiyi təklifi populizmdən uzaq sayan Q. İbadoğlu diqqətə çatdırıb ki, əgər dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ, Kanada, neft ölkələrindən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar, Liviya, qonşumuz kasıb Gürcüstan bunu edirsə, Azərbaycan niyə etməsin?
Q. İbadoğlu səsləndirdiyi təkliflə bağlı Azərbaycan vətəndaşlarına belə bir müraciət də ünvanlayıb:
“Siz necə fikirləşirsiniz? Mən təklif edirəm ki, bu müraciəti imzalayaq, hazırsınızmı? Hazırsınızsa yazın, harda və necə imzalamaq barədə əlavə məlumat verəcəyəm”.
Reyting.az
araz.az xəbər portalı.