37260A2A 343C 406A AD7D 4E904EA141BA

Böyük Allahın insan övladına xatir yaratdığı dünyada — bizi əhatə edən yaşadığımız aləmdə bəşəriyyətin yaratdıqları müxtəlifdir. Bu müxtəliflik sadəcə maraqlı, təəccüblü və heyrətamiz deyil, həm də, öz rəngarəngliyi ilə, təsəvvür edə biləcəyimizdən də gözəldir. Məhz buna görə, yəni, anlayışı olduqca çoxşaxəli bu gözəl dünyanı onun üçün yaratdığından, insan övladı həmişə Ulu Tanrıya duaçıdır və bu gözəlliklər aləmində yaşadığından özünü xoşbəxt sayır. Bu xoşbəxtliklər əhatəsindəki hər bir insan onu əhatə edən dünyanı — yaşadığı aləmi, sadə dildə desək, ətrafındakı kainatı fərqli şəkildə təqdim etdiyindən, dünyadakı müxtəlifliklər də ilahi bir rəngarənglik alır. 

Bəli, bizi əhatə edən dünya müxtəlif olduğundan gözəl görünür hamıya. Elə, bu müxtəlifliyin başlıca səbəbi ondadır ki, bu mühit daxilində əsas varlıq olan insan övladının hər biri özünəxas fərqli kriteriyalara malikdir — dünyagörüşü, fikir və düşüncəsi, hətta yaşam tərzi belə müxtəlifdir. Tarix boyu cəmiyyətdəki bu müxtəlifliklər, adətən, assimilyasiya və ya izolyasiya siyasəti vasitəsilə tənzimlənib. Və sonda dünya dövlətlərinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər yaranıb. Cəmiyyətdəki bu mövcud müxtəlifliklərin formalaşması, həm də tarixi proseslərin inkişafının nəticəsi kimi, obyektiv xarakter daşıyır. Bundan başqa, bu müxtəliflik hər bir insan övladının mənsub olduğu xalqın etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə edir, onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir. Bir sözlə, etnik-mədəni müxtəliflik xalqların həyatında müsbət rol oynayır. Buna görə də, etnik-mədəni müxtəlifliyin qorunması hər bir dövlət tərəfindən həyata keçirilən tənzimlənmə siyasətində tərkib hissəyə çevrilib. Eləcə də, nüfuzlu beynəlxalq təşkilatlara üzv olan dövlətlər bu müxtəlifliyin, qeyri-maddi mədəni irsin — bayramların, ənənələrin, adətlərin və dillərin qorunması haqqında konvensiya, bəyannamə və qərarlar qəbul edib, onları
təsdiqləməklə mədəni müxtəlifliklərlə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını, eləcə də yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrinə götürüblər. Konkret desək, əsas məqsədləri hər bir insan övladının mənsub olduğu xalqa aid mədəni müxtəlifliyin əhəmiyyətini və dəyərini dərindən dərk etməyə imkan yaratmaq olub.
İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, mədəni fərqindən və cinsindən asılı olmayaraq, hər bir insan müxtəlif şərtlər altında dünyaya göz açır. Və dünyaya göz açdığı gündən, özünü tam tanıya bilmə anınadək, müxtəlif hadisələrlə üzləşir. Bu hadisələr onlara bəzən həyata qarşı sarsılmaz inam, bəzən dözülməz gücsüzlük, bəzən də ümidsizlik bəxş edir; Hərçənd ki, hər bir insan övladı üçün düzgün düşüncə anlayışı daha mühüm və önəmlidir. Bu isə o deməkdir ki, düzgün düşünən insan ətrafı düzgün dərk etmə qabiliyyətinə malik olur; Ətrafda baş verənlərə qulaq asıb, dinləyir, dinlədikcə anlayır və sonda, anlaşılan hər şeyə aid düzgün fikirlərini söyləyir.
Düzgün düşünən insan, həm də optimist hesab edilir. Optimist insan çətinliklərdən qorxmayandır, sabahın bu gündən daha yaxşı olacağına inanandır, qarşılaşdığı problemləri təbii sayan və bunu özünə dərd etməyəndir. İnsani xüsusiyyətləri optimistin tam əksi olan insan isə, pessimist hesab olunur. Bir sözlə, pessimist insan neqativ düşüncə sahibidir və düzgün düşüncə anlayışının əhəmiyyətini dərk edə bilmir. Bütün hadisələrə keçmişin pis xatirələri ilə baxır və xoş gələcəyə inamı yox dərəcəsindədir.
Doğrudan da, uğur qazanmaq, nailiyyətlər əldə etmək, bununla da xoşbəxt olmaq istəyən insan düzgün düşünməli, həyatda rastlaşdığı problem və çətinlikləri unudaraq, ən azı, bir gözəl hadisəni xatırlayıb, uğurlu addımları üçün yol aça bilməlidir. Düzgün düşüncə ilə addımlanan hər bir yol, həm də xeyirli nəticələr üçün yol açır. Elə, buna görədir ki, düzgün düşünən insanın həyatı düzgün şəkildə davam edir, yaşamı daim xoş düşüncələrindən ibarət olur. Fikrimcə, düzgün düşüncələrlə var olmağın özü də bir xoşbəxtlikdir insan həyatında. Həyatdakı bütün seçimlər insan övladının öz əlində olduğu kimi, düşüncələrini davranışlarında əks etdirmək də öz əlindədir. İnsan düşüncələri ilə var olur, davranışları ilə özünü tanıdır. Buna görə də, davranış və düşüncə bir-biri ilə bağlı olan amillərdir.
Düzgün düşüncə anlayışının əhəmiyyətliliyini isə, davranışın insan həyatındakı rolundan anlamaq mümkündür ki, o nə qədər vacibdir. Davranışlara təsir edən düşüncələrin açarı isə, yalnız, insan beynində yerləşir ki, o da doğru və ya yalnış qapıları çox aydın şəkildə görməkdə çətinlik çəkmir. Bəzən isə, çətinlik çəkməsə də, yalnış qapının verdiyi mənfi nəticələri, sonda olsa belə, görməyə müvəffəq ola bilir.
Duyğular isə, 3D adlanan duyğu, düşüncə, davranış üçbucağının başlanğıc nöqtəsidir. Hər bir insan düşüncə və davranışlarından öncə, duyğularına diqqət yetirməli, davranışlarına və düşüncələrinə təsir edəcək duyğularına hakim olmağı bacara bilməlidir. Çünki bəzən duyğular işıqlı görünən bir yolun əslində zülmət qaranlıqdan ibarət olduğunu görə bilmir. Bu yola belə davam edə biləcəyini düşünüb, elə davranır ki, sanki çox rahatdır belə davam etmək, çünki zülməti işıq görür. Və bu yolda yeriyərkən, heç özü də bilmədən yıxılır.
Getdiyimiz yolda yıxılaraq dərs almaq yerinə, yolun zülmətini əvvəlcədən görüb, onu dəyişmək daha xeyirli olduğu kimi, yalnış duyğuların da düşüncələrimizə təsir edib, davranışlarımızda pis nəticələrə yol açacağının fərqinə vararaq, onu əvvəlcədən dəyişdirə bilməyi bacarmalıyıq.
Düzgün düşüncə, davranış və duyğularla var olan insan işıq qədər parlaqdır həyatda! İçində işıq olmayan insan isə, əslində yoxdur bu dünyada! Bir də ki, hərə öz işığını üzə çıxartsa, dünya heç vaxt qaranlıq görünməz kainatdan!

63FCE0F7 A07E 4B6F 954B 4ABDFEB4A0A4

Şəbnəm VERDİYEVA,
Azərbaycan Dillər Universitetinin filologiya fakultəsinin jurnalistika ixtisasının 1-ci kurs tələbəsi.

araz.az xəbər portalı.