frenk-600x330.jpgMəlum olduğu kimi, hazırda Rusiyadakı diasporumuzun vəziyyəti heç də ürəkaçan deyil. Azərbaycan disporunun Rusiyadakı yeganə böyük hüquqi təmsilçisi olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvindən sonra diaspor qurumları arasında əsl pərakəndəlik hökm sürür.

Məhz bu cür vəziyyət Rusiyadakı bəzi şəxsləri Azərbaycan diasporunun vahid lideri iddiası ilə üzə çıxmağa, həmin boşluğu doldurmağa şirnikləşdirdi. Düz bir il əvvəl Rusiyada yaşayan əslən azərbaycanlı iş adamı Füzuli Məmmədov (Frenk Elkapone) Rusiya Azərbaycanlıları İttifaqı adlı bir qurum təsis etdi.

İlkin anda böyük iddia ilə çıxış edən iş adamı yaratdığı qurumun Rusiyadakı azərbaycanlıları öz ətrafında birləşdirəcək yeganə böyük diaspor təşkilatı olacağını bəyan etdi. Maraqlıdır ki, sözügedən qurumun təsis iclasında nə Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin, nə də ölkəmizin Rusiyadakı səfirliyinin nümayəndələrinin iştirak etmədiyi diqqətimizi çəkmişdi.

Həmin vaxt olan yazılarımızda yeni yaranan quruma istər Rusiya, istərsə də Azərbaycanın hakim dairələrinin ciddi dəstəyinin olmadığı ilə bağlı şərhlərimiz oldu. Ancaq tənqidə dözümlü yanaşmağı bacarmayan Füzuli Məmmədovun tərəfdarları və ona sosial şəbəkə üzərindən trolluq edən saxta profillər ittihamları cavablandırmaq əvəzinə, bizi təhqir etməyi, hədələməyi üstün tutdular.

Əslində biz Füzuli Məmmədovdan aprelin 27-sində bir illik fəaliyyəti ilə bağlı geniş hesabat gözləyirdik. Əvəzində isə onun Samara Vilayətindəki diaspor fəalı Şirvan Kərimovla söyüş üzərində qurulan qarşılıqlı polemikalarının şahidi olduq. Yaşananlar Azərbaycan diasporu adına bir rəzalətiydi.

Vəziyyyət o yerə çatdı ki, Füzuli Məmmədovun tərəfdarları ilə Şirvan Kərimovun adamları arasında gedən söyüş kompromatı bütün sosial şəbəkələrin “bəzəyinə” çevrildi. Tərəflər arasındakı qalmaqalın səbəbi indi məlum olur. Sən demə, hər iki şəxs hazırda başsız qalan Rusiyadakı diaspor təşkilatımız AzerRosun sədrliyinə iddialıdırlar.

Frenk Elkaponeninin Kərimovla mübarizəni məhz indiki məqamda açıq müstəviyə keçirməsinin başlıca səbəbi Diaspor Komitəsinin rəhbəri Fuad Muradovun tərəflər arasında qoyduğu ayrıseçkilikdi. Fuad Muradovun koronavirus pandemiyası ilə bağlı Rusiyadakı diaspor fəalları ilə videokonfrans formatında keçirdiyi görüşə Füzuli Məmmədovun dəvət olunmmaması ikincini lap özündən çıxarıb.

Bunun da nəticəsində Füzuli-Şirvan qarşıdurması daha da dərinləşərək əndazəni aşıb. Füzuli Məmmədov iddia edir ki, o, Rusiyada ölkəmiz və diasporumuz üçün daha böyük xidmətlər göstərib və bunun müqabilində ona hətta Şirvan Kərimov səviyyəsində yerin verilməməsi böyük ədalətsizlikdir.

Şirvan Kərimovun rəhbəri olduğu təşkilatın “Ocaq” adlı qəzetində Azərbaycan dövlətinin simvollarının felyetonlar formasında təhqir edildiyinə dair kifayət qədər materiallar sosial şəbəkələr üzərindən paylaşılır. Həmin qəzetin sayt versiyasında isə Şirvan Kərimovu tənqid edən jurnalistlərin ən pis formada təhqir olunduğuna dair materialalar mövcuddur.

AzerRos adlı quruma rəhbər gəlməyə çalışan Şirvan Kərimova qurumun Ağsaqqlara Şurasının sədri olmuş Abbas Abbasov tərəfindən də ciddi dəstəyin verildiyi bildirilir. Hansısa qurumun rəhbərliyinə məhz soydaşlarımızın iddialı olması normaldır. Ancaq bunu itriqalar üzərindən etmək lazım deyil. Şirvan Kərimovun fəaliyyəti göstərir ki, o, həmin quruma rəhbər seçilərsə, çox güman ki, özü ilə felyeton yazanınını da aparıb, bu dəfə AzerRosun adından tənqidçi jurnalistləri, ölkəmizin simvollarını təhqir etdirəcək.

Bəs Füzuli Məmmədovun sədrliyindən nəsə gözləməyə dəyərmi? Birmənalı şəkildə yox! Bu adamdan yaxşı xeyriyyəçi çıxar, ictimai-siyasi xadim yox! Onun xeyriyyəçiliklə bağlı etdikləri danılmazdır. Ancaq adamda ictimai-siyasi xadimə xas olan xarizmatik xüsusiyyətlər yoxdursa, yanız xeyriyyəçiliklə, pul xərcləməklə özünü dünyanın ən nəhəng ölkəsində azərbaycanlıların lideri kimi qəbul etdirə bilməzsən.

Frenk Elkaponenin belə bacarığı olsaydı cəmi bir il ərzində yaratdığı qurumumn vitrini bu şəkildə dağılmazdı. Biz hazırda onun ətrafında qurumu təsis edənlərdən: Mirkazım Seyidovu, Anar Həsənovu hətta ən yaxın silahdaşı Səftər Rəhimlini belə görmürüksə, deməli, Rusiyadakı diasporumuza liderlik etmək həm onun, həm də Şirvan Kərimovun imkanları xaricindədir. Yaxşı olar ki, oradakı diasporumuz və Fuad Muradov özünü silkələyib, ortaya itriqalardan uzaq olan bir lider çıxarsınlar…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

araz.az xəbər portalı.