Aydin-Heyderov.jpgAğsaqqal müraciət müəllifləri, xalqımızı təhlükədən qoruduğuna və ölkəmizdə koronavirus pandemiyasını nəzarətə götürməyi mümkün etdiyinə görə, DÖVLƏT RƏHBƏRİNƏ ÖZ MİNNƏTDARLIQLARINI ÇATDIRIRLAR

Bəşəriyyətin bəlasına çevrilən, bütün dünyanı dəhşətə gətirən COVID-19 pan­demiyası ilə mübarizə prosesinin ayrı-ayrı ölkələrdə ürəkaçan olmadığı göz qabağındadır. Dünyanı iqtisadi qüdrəti, hərbi birləşmələri ilə fəth edən qüdrətli dövlətlər belə, hazırda, pandemiya nəticəsində yaranmış ölkədaxili gərgin vəziyyətdən çıxmaq üçün ciddi çətinliklərlə qarşı-qarşıyadırlar.

Diqqət yetirsəniz, hətta, öz siyasi, iqtisadi, mədəni və mənəvi birlikləri ilə, özlərini dünyaya örnək göstərən Avropa İttifaqı dövlətləri belə, gözlənilməz bu acı həqiqət qarşısında aciz qalıb, ittifaq birliklərini nümayiş etdirərək, dünyaya göstərə bilmədilər. Çox sevindiricidir ki, bir çox ölkələrlə müqayisədə Azərbaycan koronavirus pandemiyasının yayılmasına qarşı daha səmərəli mübarizə aparır, respublika hökuməti kifayət qədər sürətli və enerjili tədbirlər həyata keçirir. Bu uğurun memarı olan möhtərəm prezident İlham Əliyev cənablarının operativ şəkildə qəbul etdiyi qərarlar və hökumətə verdiyi tapşırıqlar Azərbaycanı korona­virus bəlasından uzaq tutmağa imkan verir. Statistik rəqəmlərdən də göründüyü kimi, Azərbaycanda bu qorxulu xəstəliyi lokallaşdırmaq mümkün olub.
Dünyanı cənginə alan korona qasırğasının ölkəmizə təsirinin azaldılması istiqamətində möhtərəm prezidentin və çox hörmətli Birinci vitse-prezidentin yürütdükləri müdrik və uzaqgörən siyasət, eləcə də onların tapşırıqları və şəxsi təşəbbüsləri nəticəsində görülən çox mühüm işlər, həyata keçirilən genişmiqyaslı yardım proqramları, bütün bunların hesabına isə, ölkənin bu bəla ilə mübarizədə daha az itkilərlə üzləşməsi xarici ölkələrdəki nüfuzlu beynəlxalq təşkilat və qurumlar tərəfindən ürəkdən alqışlanması, nümunə olaraq göstərilməsi də qürurvericidir. Onların bütün addımları­nı ürəkdən dəstəklədiklərini bildirən həmin təşkilat və qurumlar, həm də onların lazımi və vacib göstərişləri sayəsində, Azərbaycan hökumətinin bu istiqamətdə atdığı bütün addımları, kifayət qədər sürətli və enerjili tədbirlər həyata keçirməsini belə yüksək qiymətləndirirlər.
Ölkə rəhbəri tərəfindən düşünülmüş və vaxtında atılmış addımların Azərbaycanda koronavirusla mübarizə prosesinin uğurla idarə olunmasına imkan verməsi artıq hamıya məlumdur. Məhz bu səbəbdəndir ki, bu istiqamətdə dövlət səviyyəsində atılan bütün addımlar, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, ölkə vətəndaşlarının, ictimai-siyasi təşkilatların əksəriyyəti tərəfindən də yüksək qiymətləndirilir. Onlar, bu uğurun memarı olan Prezident İlham Əliyev cənablarının ünvanına öz təşəkkür məktublarını, müraciət və bəyanatlarını çatdırır, koronavirusla mübarizədə onun bütün addımları­nı ürəkdən dəstəklədiklərini bildirir, ölkənin bu bəla ilə mübarizədə daha az itkilərlə üzləşməsini alqışlayırlar. Xüsusi olaraq onu da qeyd edirlər ki, Azərbaycanın koronavirus­la mübarizədə ağır nəticələrlə üzləşməməsi möhtərəm prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev məktəbindən öyrəndiyi dərin siyasi, diplomatik biliyi və vətənsevərliyi, xalqımıza olan məhəbbət və sevgisi sayəsində mümkün oldu.
Bütün bunlar onu da sübut edir ki, cənab prezidentin apardığı uğurlu siyasətin,
göstərdiyi bu fədakarlığın, yüksək qayğının mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, xalqımızın sağlam­lığı, təhlükəsizliyi dayanır.
Bu günlərdə araz.az xəbər portalının redaksiyasına daxil olan eyni məzmunlu daha bir müraciət Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri adından verilib. Şura üzvləri adından sədr Aydın Heydərovun imzaladığı həmin müraciətlə, ağsaqqal müraciət müəllifləri bu böyük sınaq günlərində xalqımız qarşısında göstərdiyi böyük xidmətlərə görə, dərin minnətdarlıqlarını möhtərəm prezidentimiz İlham Əliyev cənablarına çatdırmağı özlərinə borc bilir, ona
möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırlar. araz.az həmin müraciəti olduğu kimi oxucularına təqdim edir:
“Möhtərəm Prezident!
Bütün dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi çətin bir vaxtda təcrübəli dövlət başçısına məxsus müdrik siyasətinizi nümayiş etdirirsiniz. Pandemiyaya garşı mübarizədə Sizin təklifinizlə Qoşulmama Hərakatı Təmas Qrupunun video-konfrans şəklində Zirvə Toplantısı keçirildi. Keçən il Bakida qəbul edilmiş tədbirlər planına uyğun olaraq, təşkilatın sədri kimi irəli sürdüyünüz təşəbbüs Azərbaycanın qüdrətli ölkə oldugunu göstərir. Ölkəmizdə pandemiyaya qarşı qabaqlayıcı və əsaslı tədbirlərin görülməsində Azərbaycanın nümunəsini Ümumdünya Səhiyyə Təşkilatı və Avropa İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar da təqdir edir.
Öncə Türk dövlətləri, daha sonra isə, Qoşulmama Hərəkatının Təmas Qrupunu təmsil edən ölkə başçıları səviyyəsində Sizin təşəbbüsünüzlə keçirilən birləşdirici tədbir dünyanın böyük bir hissəsində, hazırki ümumi bəlaya qarşı mübarizədə həmin ölkələrin bir araya gəlməsində mühüm addımdır. Bu yolda Birləşmiş Millətlər Təşkilatının növbəti tədbirinin COVİD-19-a qarşı mübarizəyə həsr edilməsi haqqında təşəbbüsünüz çox əhəmiyyətlidir. BMT-nin Baş katibi, Avropa Komissiyası, Afrika Birliyinin yüksək nümayəndələri, habelə çıxış edən digər ölkə başçılarının Sizə ünvanladiqları minnətdarliq sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir.
Möhtərəm Prezident!
Bir əsr bundan əvvəl tanınmış bir ədibimizin təəssüflə qeyd etdiyi sözləri — «Xalqımızın imzasının dünya xalqlarının imzaları arasında olmadığını» xatırladıqca, müstəqilliyini əldə etmiş, Ulu Öndərin qurdugu və Sizin rəhbərliyinizlə inkişaf edən Azərbaycanın adını şərəfləndirməyiniz hamını sevindirir; Xalqımızın imzası nəinki dünya xalqlarının imzaları arasında var, eyni zamanda onun nüfuzlu lideri ölkələr arasında həmrəylik yaradır, təşəbbüs qöstərir, onları ümumi mübarizədə birləşdirir.
Dünya əhəmiyyətli işləri yerinə yetirməklə yanaşı, Siz, hər bir azərbaycanlının Prezidenti kimi xalqımızın qayğısına qalır, onun sağlamlığını qorumaq, cəmiyyətin hər bir üzvünün sosial vəziyyətini yaxşılaşdırmaq və çətinliklər şəraitində ölkəmizin davamlı iqdisadi inkişafını təmin etmək üçün böyük işlər görürsünüz. Pandemiya ilə mübarizədə qətiyyətli addımlarınız, xalqın Sizə olan sevgisini və inamını daha da artırır.
Hörmətli Prezident!
Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkəmizdə aparılan islahatlar belə bir çətin şəraitdə də davam etdirilir. Bu islahatlar həyatın tələblərindən doğur və xalqımızın istəyinə cavab verir. İslahatlar fəaliyyətimizin bütün sahələrini əhatə edir. Sizin qətiyyətli yanaşmağınız nəticəsində, idarəetmənin bütün mərhələlərində yeniliklər tətbiq edilir və bu tələblərə cavab verməyən və ya onların pozan məmurlar layiqli şəkildə cəzalandırılır.
Sizin göstərdiyiniz qayğının nəticəsidir ki, aztəminatlı ailələr, şəhid ailələri, işsizlər, ehtiyacı olan insanlar dövlət tərəfindən nəzərdə tutulan yardımlarla təmin olunurlar. Çox təəssüf ki, aramızda elə məmurlar və məsul işçilər vardır ki, onlar həmin yardımları lazım olan ünvanlara çatdırmır və ya onları mənimsəyirlər. Lakin müvafiq dövlət orqanları tərəfindən onların iç üzləri açılır, pis hərəkətləri ifşa olunur. Mətbuatda elan edildiyi kimi, Neftçala, Biləsuvar, Yevlax, Saatlı, Salyan, İmişli, İsmayıllı rayonlarının icra başçıları, eləcə də bəzi rayonların ərazi nümayəndəliklərinin rəhbərlərinin yaramaz əməllərinin üstü açılmlş və günahkarlar vəzifələrindən azad edilməklə, məsuliyyətə cəlb edilmişlər.
Dövlət idarə strukturlarında və cəmiyyətin bütün sahələrində məsuliyyətsizlik və əliəyriliklə mübarizədə hamı iştirak etməli, aramızdaki yaramaz ünsürlər cəzalarına çatmalıdırlar. Dəyişən və irəliyə doğru gedən ölkəmiz üçün, islahatlar qaçılmazdır.
Möhtərəm Prezident! Azərbaycanımızın qüdrətinin və dünyada nüfuzunun yüksəlməsi, xalqımızın rifahının yaxşılaşdırılması yolunda fəaliyyətinizi yaxından dəstəkləyir, sıravi bir vətəndaş, ziyalı və ağsaqqal kimi, dərin səmimiyyətilə Sizə təşəkkürümüzü çatdırırıq!

Dərin hörmət və ehtiramla,
Nəsimi Rayon Ağsaqqallar Şurası adından:
Aydın Heydərov, İmamverdi Həmidov və başqaları.
6 may, 2020-ci il”.

araz.az xəbər portalı.