“İcra başçılarının həbs edilməsinin necə mürəkkəb olduğunu çoxlarından yaxşı bilirəm. Başqaları kimi “əşşi, nə var ki, tutub hamısını basmaq lazımdır” deyənlər kimi düşünmürəm”.
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov icra başçılarının həbsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, Azərbaycanda elə bir idarəetmə sistemi qurulub ki, bir JEK müdirini tutanda ölkənin yarısı silkələnir.
“İndi təsəvvür edin, icra başçısının həbsindən sonra nələr baş verir?! Onların hər birinin balaları ən azından hüquq-mühafizə orqanlarında yüksək vəzifə tuturlar. Hələ bunların vəzifələrdə qardaş-bacıları, qohum-əqrəbaları, qudaları da var. İndi təsəvvür edin ki, bir icra başçısının tutulması, nə deməkdir?!
İllərdir elə-belə Ramiz Mehdiyev – Əli Həsənov cütlüyündən danışmırdım. Bu, hansısa şəxsi münasibətim ilə bağlı deyildi. Ramiz Mehdiyev bu günkü idarəetmənin Arxitektoru- Xaç Atasıdır! Onun nə üçün bu səlahiyyətlər sahibi olmasını da çoxları bilir. Əli Həsənov isə idarəçilikdə ən mühüm sahə olan – ideoloji və təbliğat sahəsinə başçılıq edirdi. Əminəm ki, bu iki nəfər vəzifədən gedəndə “bu Azərbaycan dövlətçiliyinin idarə edilməsində dönüş nöqtəsidir” deməyimə lağ edənlər də mənim elə qəti fikir söyləməyimdə səhv etmədiyimin hələ çox şahidi olacaqlar.
Bu gün bir daha hamını gedən proseslərə dəstək olmağa çağırıram. Gedən proseslərin asan və maneəsiz davam edəcəyimi də düşünmək səhvdir. Bu prosesi durdurmağa hazırlaşan qruplar az deyillər və hələ də güc sahibidirlər. Bu dövrdə maksimum çalışıb stabilliyi qorumaq, hüquq-mühafizə orqanlarına yardımçı olmaq, vəziyyəti gərginləşdirməkdən qaçmaq lazımdır.
Hakimiyyətdən də xahiş edirəm ki, ölkədə həqiqətən bir tikə çörəyə möhtac olanların mövcudluğunu bilsinlər. Yerlərdə icra başçıları təcili onların siyahısını tərtib edib maddi köməklik etməlidirlər. Ölkədə gedən proseslərin mahiyyətini anlayan, dəyişiklik istəyən imkanlı şəxslər də bu prosesdə aktiv iştirak etməlidirlər. Hər bir insan ehtiyacı olan öz qohum-əqrəbasına, kəndlisinə, qonşusuna yardım etsə bunun özü də böyük iş olar.
Biz hamımız bilməliyik ki, bu gün bizim ən ağır günlərimizdir. Əgər bir olsaq, baş verənlərin mahiyyətini anlayıb bu proseslərin davam etməsinə yardımçı olsaq, hamımız qazanacayıq.
Hakimiyyət bilməlidir ki, bu gün həbs edilən icra başçıları yerlərdə bütün qanunsuzluqları təkbaşına etməyiblər. Bu işlərdə onların ən yaxın köməkçiləri – yerlərdə olan prokurorlar, məhkəmə sədrləri, hakimlər və polis rəisləri olublar. Bunları hamısı icra başçıları ilə bir yerdə məsuliyyət daşımalıdırlar. Bilirəm ki, bu çox çətindir. Ancaq baş verənlərin təsadüfi olmadığını, görülən tədbirlərin sistemli olmasını məni kimilərə sübut etmək üçün bu addımlar atılmalıdır.
Əminəm ki, nə qədər çətin olsa da xalq bu addımları atanların arxasında duracaq. Xalqa söykənən hakimiyyəti isə heç kim yıxa bilməz!”.
araz.az xəbər portalı.