Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlər var. “Yeni Müsavat”a maliyyə-bank sektorundan daxil olmuş məlumatlarda şok adlar yer alıb. Bildirilir ki, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları prezidentin yeni komandasının siyahısında olmayacaq. Vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir.
Hakimiyyət üçün arzuolunmaz sayılan kadrlar arasında maliyyə naziri Samir Şərifovun, eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun adı çəkilir. Ölkənin maliyyə və bank sektorundakı vəziyyətdən sorumlu olan bu şəxslər neftin dünya bazar qiymətinin düşdüyü dövrdə qeyri-peşəkar yanaşmalarıyla iqtisadiyyatda böyük problemlərin yaranmasına rəvac veriblər. Belə ki, böhranın başlandığı ilkin dövrdə yerli və xarici ekspertlərin təkidli çağırışlarına rəğmən Azərbaycanda manatın məzənnəsi sərbəst buraxılmadı. Maliyyə-bank sektorunun başbilənləri Mərkəzi Bankın vəsaitləri hesabına manatın məzənnəsini süni surətdə saxlamağa cəhd göstərdilər. Nəticədə, qısa bir müddətdə Mərkəzi Bankın 18 milyard dollar təşkil edən valyuta ehtiyatları 4 milyard dollara düşdü. Manatın devalvasiyalarından sonra məlum oldu ki, manatın məzənnəsinin böyük zərər hesabına saxlanması heç də səbəbsiz deyilmiş: müəyyən qüvvələr Azərbaycanda dolların ucuz olmasından istifadə edərək milyardlarla dollar qazanc əldə ediblər. Dövlət başçısı səviyyəsində açıqlanan məlumatlardan aydın oldu ki, bu qüvvələr gündə yüz milyonlarla dollar əldə etməyi bacarıblar.
Məlum oldu ki, devalvasiyadan günlər əvvəl kimlərsə irihəcmli əməliyyatlar həyata keçirərək yüz milyonlarla dollar alıblar. Bu alqı-satqıdan xüsusilə Elman Rüstəmovun xəbərsiz olması mümkün deyildi çünki ölkədə məzənnə tənzimlənməsini həyata keçirən əsas orqan Mərkəzi Bank idi. Ölkədə dolların əsas satıcısı da Mərkəzi Bank idi. Hansı bankın nə qədər dollar aldığını, aldığı dolları qısa müddət ərzində necə xırıd etdiyini baş bankirdən yaxşı kimsə bilə bilməzdi. Ölkə rəhbərliyinin də dilə gətirdiyi bu əməldən E.Rüstəmov, əlbəttə, xəbərsiz deyildi. Xəbərinin olması və mane olmaması onun dövlət maraqlarına ən böyük zərbəsi idi. Bu susqunluğuna görə də sonrakı dövrdə Mərkəzi Bankın banklarla bağlı əsas səlahiyyətlərinin demək olar ki, hamısı əlindən alındı.
Ötən ilin payızında mətbuatda gedən məlumatlardan aydın oldu ki, Mərkəzi Bankın rəhbərini həm də rahatca “kredit oliqarxı” hesab etmək olar. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.
Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği “Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. Baş bankirin heç bir reaksiya vermədiyi, yəni həm də təkzib etmədiyi bu məlumat onun devalvasiyalardan az əvvəl müxtəlif banklar vasitəsilə yüz milyonlarla dolların alınmasına niyə göz yumduğunu açıqlayır.
Eyni zamanda aydın məsələdir ki, uzun illər Mərkəzi Banka rəhbərlik etməklə ölkənin bank sektorunu əlinin içi kimi tanıyan E.Rüstəmov, maliyyə sisteminə rəhbərlik edən S.Şərifov proseslərin belə xarakter alacağını görməmiş deyildilər. Bu halda onların hansı maraqlardan çıxış edərək dolları ucuz saxlamağa çalışdıqları sıravi vətəndaşlardan tutmuş, ölkə rəhbərliyinə qədər hamını düşündürəcək sualdır.
Baş bankirlə baş maliyyəçinin mütləq və mütləq görməli olduqları digər cinayət, əlbəttə ki, Beynəlxalq Bankdan oğurlanan on milyardlarla manat dövlət vəsaitidir. Biri bank sektorunun, digəri isə maliyyə sisteminin tənzimləyicisi, biri banklardan verilən kreditlərə, digəri birbaşa Beynəlxalq Bankdan verilən kreditlərə nəzarət edən iki məmurun gözləri önündəcə dövlətin pulu talan edilirsə və onlar bunu görmürlərsə, demək ki, ya tutduqları vəzifəyə uyğun bilik-bacarıqları yoxdur, ya da baş verənlərdə hansısa maraqları və iştirakları olub. Bu, sübuta ehtiyacı olmayan aksiomdur.Hazırda Azərbaycan dövləti Beynəlxalq Bankın 10 milyard manatlıq toksik aktivlərini, 3,3 milyard dollarlıq xarici borcunu üzərinə götürüb. Ölkəyə qarşı Beynəlxalq Bankın borclarının restrukturizasiyası prosesi ilə bağlı London məhkəməsində iki iddia təmin olunub. Bu isə restrukturizasiya prosesini yubatmaqla yanaşı, 3,3 milyard dolların qısa müddətə ödənməsi kimi arzuolunmaz vəziyyətə gətirib çıxara bilər.
S.Şərifovla E.Rüstəmovu komandadan uzaqlaşdırılmağa namizəd məmur “postu”na gətirən daha bir amil böhran dövründə ölkədə dollar qara bazarının yaradılması faktıdır. Xatırladaq ki, dollar qara bazarının hədsiz genişlənməsi Milli Məclisdə belə müzakirələrin açılmasına səbəb oldu. 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkilləri ölkədə “qara bazar”ın tüğyan etməsindən narahatlığını ifadə etdilər.
“Qara bazar”da dollar satışına münasibət bildirən deputat Yevda Abramov bildirmişdi ki, əlaqədar qurumlar vəziyyətə nəzarəti itirib: “Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Haradandır bu adamların maşınlarında bu qədər dollar?”
Az sonra məlum oldu ki, dollar qara bazarının təchizatçıları iki dövlət bankının – Beynəlxalq Bank və “Azər-türk Bank”ın rəhbərləridir. Dövlətin bütün imkanlarını səfərbər edib manatın məzənnəsini sabitləşdirməyə çalışdığı bir zamanda bu şəxslərin arxasındakı qüvvələrin qara bazarda qaz vurub qazan doldurması çox böyük narazılıq və qəzəbə səbəb olmuşdu. Həmin vaxtlar hətta maliyyə nazirinin özünün də prosesin içərisində olduğuna dair məlumatlar yayılmağa başlamışdı. Lakin proseslərin daha da dərinləşməsinə imkan verilmədi və Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədov, “Azər Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov da daxil olmaqla qrupun iş başından alınması ilə kifayətlənildi.
Azərbaycanda dövlət xərcləmələri sahəsində ciddi nöqsanların olduğu heç kimə sirr deyil. Elə Hesablama Palatasının son 2 ildə apardığı audit yoxlamalarına dair məlumatlarına baxmaq yetər ki, büdcədən irihəcmli vəsait alan əksər dövlət qurumlarında nə qədər böyük mənimsəmələrə yol verildiyini görmək mümkün olsun. Qeyd edək ki, ölkədə büdcə hesabına xərcləmələrə ilkin maliyyə nəzarətini məhz S.Şərifovun rəhbərlik etdiyi qurum – Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidməti həyata keçirir. Necə olur ki, bu xidmətin illər boyu heç bir nöqsan aşkarlamadığı qurumlarda Hesablama Palatası yüz milyonlarla manatlıq pozuntular tapır?! Bu sualların ölkə rəhbərliyini də narahat etdiyi göz önündədir. Bunun nəticəsidir ki, Hesablama Palatası haqqında yeni qanun layihəsi hazırlanır, o qanunla Palataya çox geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Maliyyə-bank sektoruna rəhbərlik edənlərin yarıtmaz fəaliyyətlərinin nəticəsidir ki, bu gün Azərbaycan bankları düşdükləri ağır böhrandan qurtula bilmirlər. Bankların kredit siyasətinin nəzarətsiz buraxılması nəticəsində yaranan problemli kreditlərin həcmi 2 milyard dollara, ümumi kredit portfelindəki payı isə 15 faizə çatmaqdadır. Ölkə böhrandan çıxmaq üzrədir, lakin bank sektoru bu prosesi əngəlləyir.
Bütün qeyd olunanlar göstərir ki, seçki hər iki kadrdan qurtulmaq, iqtisadi blokda komandanın yenilənməsi üçün ölkə rəhbərliyinə əlverişli fürsət yaratmış olacaq. Turkustaninfo
araz.az xəbər portalı.