Oliqarxımızın bu biznesinin aylıq dövriyyəsi 20 milyon civarındadır
Qəzetimizin ötən saylarından birində “Olimpik Star” idman-sağlamlıq kompleksinin direktoru Samir Camalovun dırnaqarası xeyriyyəçilik əməllərindən bəhs etmişdik. Həmin materialda biz qeyd etmişdik ki, S.Camalovu bu cür həyat tərzinə təhrik edən əsas amil onun müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğlu olmasıdır. Maraqlıdır ki, Y.Camalov məhz nazir postuna təyin olunduqdan sonra sürətlə ölkənin əsas oliqarxları sırasına inteqrasiyaya başladı.
Bu gün isə nazir “Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl tac”, “Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Daxil olan məlumatlarda bildirilir ki, Yavər Camalovun malik olduğu böyük biznes şəbəkəsi Rusiyanın paytaxtı Moskva şəhərində də kifayət qədər sahələri əhatə etmişdir. Belə ki, mənbələr bu şəbəkəyə “Elita” ticarət mərkəzinin və əlbəttə ki, bir neçə restoran-şadlıq evi kompleksinin aid olduğunu bildirirlər. Maraqlıdır ki, bu komplekslər də Y.Camalovun Bakıdakı şadlıq evləri ilə eyni adlarla, “Kral”, “Niaqara” və sairə adlandırılıb. Ümumilikdə isə, məlumatlara görə, Müdafiə Sənayesi nazirinin Moskvadakı biznesinin aylıq dövriyyəsi 20 milyon ABŞ dollarından artıqdır. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar ölkə mətbuatında Y.Camalovun təkcə Bakıda malik olduğu çoxsaylı mülklər barədə də maraqlı məlumatlar dərc olunmaqdadır. Hətta bəzi mənbələr nazirin Bakı və Bakıətrafı yaşayış məntəqələrində 50-yə yaxın villaya sahib olduğu bildirirlər: “Bakının Teymur Əliyev küçəsində 10-dan çox villası olan Camalov özü də ailəsi ilə birlikdə bu məhəllədə qalır. Bu villaların hər birinin dəyərinin minimum 5-6 milyon ABŞ dolları olduğu da şübhəsizdir. Nəzərə alınsa ki, «milyonçular məhəlləsi»ndə bir sot torpağın qiyməti 400 min manata yaxındır, onda Camalovun villalarının qiyməti aydınlaşar. Məlumatlı mənbələrin sözlərinə görə, Camalovun sözügedən küçədəki villalarının hər birinin həyətyanı sahəsi 10-15 sot təşkil edir. Bu villaların əksəriyyətinin də Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və diplomatik nümayəndəliklərin əməkdaşlarına yaşayış üçün icarəyə verildiyi bildirilir. Belə ki, Camalovun buradakı villalarının 9-da xarici ölkə səfirləri yaşayır ki, bunların sırasında da İran və Hindistanın Azərbaycandakı səfirləri də var.”
Lakin mənbələr Camalovun villalarının coğrafiyasının təkcə “milyonçular məhəlləsi” ilə məhdudlaşmadığını da vurğulayırlar: “Camalovların Mərdəkanda, Şüvəlanda, Pirşağıda, Novxanıda və digər Bakıətrafı qəsəbələrdə də dənizkənarı villaları var. Maraqlı məlumatlardan biri isə budur ki, Camalovun Mərdəkan-Şüvəlan yolunun üstündə, daha dəqiqi isə prezident İlham Əliyevin Şüvəlanda yerləşən rezidensiyasına gedən yolun hər iki tərəfində villası var. Və bu villaları sözügedən yolun altından keçən yeraltı tunel birləşdirir. Bu məlumatı bizə sözügedən villaların tikintisində usta işləmiş şəxslərdən biri verib. Onun sözlərinə görə, yeraltı tunel təşəbbüsü Y.Camalovun oğlu Elşəndən gəlib. Ustaların sözlərinə görə, Camalovun villalarını özünə məxsus tikinti şirkəti tikir və bu şirkət Müdafiə Sənayesi Nazirliyinin sifarişlərini də yerinə yetirir. Ustalarla söhbət zamanı məlum oldu ki, Camalov tikdirdiyi villalara nadir hallarda gəlib gedir. Bəzi villalarına isə ümumiyyətlə baş çəkməyib.” Məlumatlarda həmçinin Həsən Əliyev küçəsində yerləşən bir çox böyük ticarət və xidmət obyektlərinin də Yavər Camalova məxsus olduğu bildirilir. Bunlara misal olaraq “Aksessuar İnşaat”, “Çinar market” mağazalar şəbəkəsi, şəhərin mərkəzində böyük telefon mağazaları şəbəkəsi göstərilir. Əlbəttə ki, bütün bu var-dövlətə malik olan oliqarx məmurların özlərinə görə bir sıra narahatlıq doğuran hisslər yaşamaları da təəccüblü deyil. Bu narahatlıq isə bir çox hallarda onların ailə üzvlərinin də normal həyat tərzlərinə təsirsiz ötüşmür. Bu xüsusda mənbələr xəbər verir ki, Yavər Camalovun orta məktəbdə oxuyan nəvəsi də hər gün təhsil aldığı məktəbə çoxsaylı mühavizəçilərin müşayiəti ilə gedib-gəlməyə məcburdur..
Malik
araz.az xəbər portalı.