Naziri ermənilərə hansı tellər bağlayır
Qəzetimizin ötən saylarında biz bəzi məmur-oliqarxların ailə üzvlərinin və yaxın qohumlarının üstünlük verdikləri həyat tərzinin cəmiyyətdə hansı fəsadlara yol aça biləcəyinə dair bəzi mülahizələri əks etdirən yazılar dərc etmişdik. Həmin materiallarda belə bir fikir vurğulanmışdı ki, bu gün Azərbaycanda “məmur özbaşınalıqları” ifadəsini təkcə vəzifəli şəxslərin bilavasitə özləri tərəfindən törədilən qanunsuz əməllərə şamil etmək düzgün deyil.
Məlumdur ki, bu şəxslərin yaxın qohumları, onların himayəsində olanlar bəzən həmin məmurun özündən belə daha artıq ambisiyalarını ortaya qoymaqla daha ciddi hüquq və qanun pozuntularına yol verirlər. Bu xüsusda ölkənin Müdafiə Sənayesi naziri Yavər Camalovun biznes imperiyasını idarə etməkdə ona kömək edən bəzi qohumlarının yol verdikləri müxtəlif qanun pozuntularının araşdırılması da maraqlı faktların ortaya çıxmsına səbəb olur. Artıq qeyd olunduğu kimi Y.Camalov “Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl tac” kimi şadlıq evləri, bir sıra otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Bundan başqa nazirin malik olduğu böyük biznes şəbəkəsi Rusiyanın paytaxtı Moskva şəhərində də kifayət qədər sahələri əhatə etmişdir.
Belə ki, mənbələr bu şəbəkəyə “Elita” ticarət mərkəzinin və əlbəttə ki, bir neçə restoran-şadlıq evi kompleksinin aid olduğunu bildirirlər. Ümumilikdə isə, məlumatlara görə, Müdafiə Sənayesi nazirinin Moskvadakı biznesinin aylıq dövriyyəsi 20 milyon ABŞ dollarından artıqdır. Bəzi mənbələr isə nazirin həm də Bakı və Bakıətrafı yaşayış məntəqələrində 50-yə yaxın villaya sahib olduğunu bildirirlər. Təbii ki, bu qədər sərvətin qarşısında özünə, davranışına nəzarəti qoruyub saxlamaq hər adama nəsib olmur. Elə ötən yazılarda da biz Y.Camalovun qardaşı oğlu Samir Camalovun misalında bu mülahizəni kifayət qədər araşdırmışıq. Lakin bu yaxınlarda ölkə mətbuatı üçün yeni müzakirə mövzusuna çevrilmiş digər bir olay S.Camalov barədə də yeni (ən azından bizim üçün yeni olan) məlumatların aşkara çıxmasına səbəb oldu. Ölkə mətbuatında yayımlanan məlumatlarda da qeyd olunduğu kimi bir neçə gün bundan əvvəl Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev öz ərizəsi ilə işdən çıxarılıb. Buna səbəb isə R. Nəbiyevin oğlu Elvin Nəbizadənin “facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması olduğu bildirilir. Maraqlıdır ki, məhz qalmaqala səbəb olmuş bu olayın araşdırılması zamanı Samir Camalovun da Bakı Şəhər Prokurorluğunun əməkdaşı olduğu məlum olub. Məlumatı təqdim edən mənbə iddia edir ki, bu haldan hətta Prokurorluğun bəzi əməkdaşları belə xəbərsiz olublar. Belə ki, başı daha çox əmisinin biznes strukturlarını idarə etməyə qarışan Samir Camalov “əsas” iş yerinə nadir hallarda gəlirmiş. Lakin buna baxmayaraq öz şəxsi həyatının dadını çıxarmağa S.Camalov hər zaman vaxt və imkan tapa bilir. Bu xüsusda mənbə bildirir ki, Yavər Camalovun qardaşı oğlu bir vaxtlar Bakıda yaşamış erməni əsilli Alina adlı bir qadınla çox yaxın münasibətlərdə olmuşdur. Daha dəqiq desək, öz beynəlmiləlçilik ruhuna hər zaman sadiq qalan Samir Camalov, hazırda Sankt-Peterburq şəhərində yaşayan Alina ilə münasibətlərini indi də qoruyub saxlayır. Bu münasibətlərin qarşılıqlı və davamlı olmasını təmin edən əsas amil kimi isə S.Camalovun Alina üçün Sankt-Peterburqda açdığı estetik klinika göstərilir…
Talıb
araz.az xəbər portalı.