F4B58FF0 FCFA 45AC 87B6 998FADC13754
Zeynab Kazımova:
 
“Azərbaycanın yeganə fransızdilli nəşrinin fəaliyyətini davam etdirməsini istəyirəm” 

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin fəaliyyətə başlama tarixindən 13 il ötdü. Jurnalist jurnalisti təqdimatla təbrik edər. Azərbaycan oxucusu üçün ənənəvi olmayan “Le Carrefour”u yaxından tanıdaq. Bu da olsun bizim yaranma günü təbrikimizin
Sizə  “Le Carrefour”  qəzetinin qurucusu, Azərbaycan Jurnalistlər Birlyinin üzvü Zeynab Kazımovanın “Rupor”a verdiyi müsahibəsini təqdim edirik.

-“Le Carrefour” (Yol qovşağı) nə vaxt yarandı?

– Fransızdilli jurnalist olaraq 2007-ci ilin aprel-may aylarında Azərbaycanda fransız dilində qəzet təsis etmək üçün Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinə dörd dəfə müraciət etdim. Üç müraciətimə müsbət cavab verilmədi, mayın 14-də dördüncü dəfə müvafiq şöbənin əməkdaşı qəbul otağında mənə müraciət üçün doldurduğum anketi uzadanda, elə bildim yenə müraciətimə rədd cavabı verilib. Lakin üzərində “Qəbul edildi” sözünü görəndə bir müddət donub qaldım, sonra ətrafa göz gəzdirdim, sevincimdən qışqırmaq istəyirdim. Həmin gün çox xoşbəxt idim.   

– Fransız dilində qəzet nəşr etmək hansı ehtiyacdan irəli gəldi?

– İxtisasım beynəlxalq jurnalistikadır. Birinci xarici dilim isə fransız dilidir. Fransız dilində qəzeti yaratmaqla əsas məqsədim Azərbaycanı tanıtmaq, ölkəmizi təbliğ etmək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransızdilli auditoriyaya çatdırmaq olub. Fransa ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir. Bu ölkə ilə Azərbaycanın əlaqələri əvvəlki dönəmlərdə ürəkaçan olmayıb. Ermənilər Azərbaycana qarşı ərazi iddialarını lk dəfə dünya ictimaiyyətinə məhz Fransa televiziyalarında yayımlanan proqramlarda çıxışları zamanı dilə gətiriblər. Təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev Fransaya 1993-cü ildə səfər edərkən Parisdə çıxışı zamanı bu məsələni təəssüflə vurğulamışdı. Bilirsiniz ki, o vaxtlar Ulu öndər prezident seçildikdən sonra xaricə ilk səfərini məhz Fransaya etmişdi. Cənab Prezident İlham Əliyev də xaricə ilk səfərini Fransaya edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fransada Azərbaycanı təbliğ etmək üçün Heydər Əliyev Fondunun çoxsaylı layihələri həyata keçirilib. Əvvəllər isə Fransada ölkəmizi az tanıyırdılar, həmçinin ermənilərin uzun illər apardığı təbliğat bizə mane olurdu. Ona görə də fransızlara və fransızdilli oxuculara birbaşa öz dillərində informasiya verməklə, ölkəmizi tanıtmaq və təbliğ etmək bu nəşrin əsas missiyası olaraq irəli sürülüb.  

– Yol qovşağına özünüzlə nələr aparırsınız?

– Le Carrefour – qovşaq deməkdir. Əsasən “yol qovşağı” kimi, tərcümə olunsa da, əslində bu, həm də ideyaların, fikirlərin, mədəniyyətlərin, geniş mənada sivilizasiyaların qovşağıdır. O qovşağa öz qovşağımızdakı mədəniyyətimiz, milli kimliyimiz, Azərbaycanlı kimliyi ilə getmək istədim. Qəzetin səhifələrində hər zaman Azərbaycanı güclü görmək, ölkəmizi tanıtmaq, təbliğ etmək arzusu, xalqımızın milli-mənəvi, mədəni sərvətlərini qorumaq, yaşatmaq, tanıtmaq gələcək nəsillərə ötürmək, dövlətini sevmək, Vətənə, xalqa xidmət ruhu var. 13 illik yolumuza baxsaq, Azərbaycan-Fransa münasibətlərinin dinamik inkişafının bu qəzetin səhifələrində artıq tarixi sənədlərə çevrildiyini görərik. Fransa və fransızdilli ölkə səfirlərinin müsahibələri, ölkəmizə gələn fransızların təəssüratları, “Fransa Azərbaycanda”, “Azərbaycan Fransada” rubrikalarında qarşılıqlı səfər və tədbirlərin təşkili ilə bağlı məlumatlar, xüsusən də, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, Prezident İlham Əliyevin öz çıxışlarında vurğuladığı kimi, həm tarixi həqiqətlərin, həm də indiki vəziyyətin işıqlandırılması dediklərimin əyani sübutudur. 

– Fransız oxucusu qəzeti necə əldə edir?

– Qəzet nəşr olunarkən, bir müddət abunə yazılışı həyata keçirilib. Lakin sonradan abunəlik ləğv edilib. Çünki qəzet yaranandan indiyədək heç vaxt heç bir maliyə dəstəyi olmayıb. Həmişə bu qəzeti öz gücümə yaşatmışam. Bu isə qəzetin davamlı nəşr olunmasında müəyyən çətinliklər yaradıb   Bu baxımdan da, qəzetə davamlı abunə tətbiq etmək mümkün olmayıb. Bununla belə, qəzeti yenə də öz maaşımla nəşr etdirmişəm və pulsuz olaraq Azərbaycanda akkreditə olunmuş səfirlik, diplomatik korpuslara, bir sıra beynəlxalq təşkilatların Bakıdakı ofislərinə, fransız dili tədris olunan universitetlərə, fransız şirkətlərinə, o cümlədən fransızdilli ölkələrin səfirliklərinə, mədəniyyət mərkəzlərinə paylatmışam. Bundan əlavə, qəzetin çap versiyasının hər nömrəsindən poçt vasitəsilə Azərbaycanın Fransada və fransızdilli ölkələrdə olan səfirliklərinə, beynəlxalq təşkilatların baş ofislərinə (YUNESKO, AŞPA, Avropa Birliyi və s.), həmçinin fransızdilli beynəlxalq jurnalist təşkilatlarına göndərmişəm.  

– Fransızdillilərə daha çox nəyi çatdırmaq istəyirsiniz?

– Bu çox yaxşı sualdır. Daha çox erməni yalanlarını çatdırmaq istəyirəm. Çünki Fransada ictimai və siyasi dairələrdə ermənilərə rəğbət bəsləyənlər yetərincədir. Bunun səbəbləri dərin və çoxşaxəlidir. Özüm Fransada ermənipərəst fransız jurnalistlərlə çox mübahisələr etmişəm. Onlar sadəcə inanırlar, çünki əsrlər boyu ermənilərin apardığı təbliğatın qurbanına çevriliblər. 2004-cü ildə Fransada jurnalistika üzrə yay məktəbində olduğum müddətdə orada rastlaşdığım fransız jurnalistlərlə söhbətlərdə mənə erməniləri “niyə incitdiyimizi” soruşurdular, qondarma erməni soyqırımından danışırdılar. Mən onlara ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında danışan kimi mənə Sumqayıtda guya “qırılan” ermənilərdən söz açırdılar. Bununla bağlı dəfələrlə mübahisəyə çevrilən müzakirələr edirdik. O zamanlar təbii ki, indiki kimi sosial şəbəkələr yox idi. Ona görə bir daha əmin oldum ki, Azərbaycan dilində özümüz yazıb özümüz eşitməməliyik. Biz ölkəmiz haqqında əcnəbilərin öz dilində məlumat verməliyik ki, qavrasın, öz dilində oxusun, anlasın, gözü ilə məlumatı görsün. Qəzetin müxtəlif saylarında, həmçinin internet saytında Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyətimiz, incəsənətimiz, muğamımız, milli rəsqlərimiz, teatrımız, qəhrəmanlarımız, Azərbaycan elmi, mədəniyyəti, incəsənətinin görkəmli şəxsiyyətləri ilə bağlı yazılar çap edilib. Hətta milli mətbəx nümunələrimizin resseptlərini, yeməklərin məxsus olduğu bölgələr barədə yazaraq ölkəmiz təbliğ edilib.

– Əsas çətinliyiniz yəqin ki, maliyyə sarıdandır?

– Maddi-texniki bazamız çox zəifdir, qəzetin heç bir maliyə dəstəyi yoxdur. Təəssüf ki, hazırda qəzetin çap versiyası maliyə dəstəyi olmadığı üçün nəşr edilmir. Açığı, mən dəfələrlə təklif edirəm ki, ölkəmizdə xaricidilli medianın fəaliyyəti ilə bağlı ayrıca konsepsiya hazırlanmalıdır. Çünki bu istiqamət bizim həm də milli təhlükəsizlik məsələrimizlə bağlıdır, informasiya müharibəsində işimizi asanlaşdıra bilər. Bu konsepsiyaya müvafiq olaraq, dövlət tərəfindən xüsusi istiqamət üzrə bu cür nəşrlərə, mediaya dəstək göstərilməlidir. Burada beynəlxalq media qurumları ilə əlaqələr yaratmağımız, dünya mediasına inteqrasiyamız, xarici jurnalistlərin səfərlərinin təşkili, digər bu kimi məsələlər nəzərə alınmalıdır. Eyni zamanda, ölkəmizdə fransızdilli jurnalist barmaqla sayılacaq dərəcədədir, açıq desək, iki-üç nəfərdir. Bu da qəzetdə çalışmaq üçün fransız dilli jurnalistlər tapmaqda çətinlik yaradır. Fransız dili üzrə tərçüməçilər, fransız dili müəllimləri qəzetlə əməkdaşlıq edirlər, maraq çox böyükdür, lakin onlar jurnalist deyillər. Jurnalistlər isə dili bilmir. Ümumiyyətlə, dediyim kimi, xüsusi konsepsiyada bütün bu məsələlərin nəzərə alınması vacibdir.  

– Planlarınız haqqında soruşmaq istəyirdim, məncə ciddi maliyyə sıxıntısı yaşayan və bu üzdən nəşrini dayandırmağa vadar olan analoqsuz mətbu orqanın rəhbərinə belə sual vermək düz gəlməz…

– Qəribə deyirsiz, amma doğru deyirsiz. Ancaq cəmi bir olan planımızı deyim. Bu unikal layihənin – Azərbaycanın yeganə fransızdilli nəşrinin fəaliyyətini davam etdirməsini istəyirəm. 
 
Ceyhun Musaoğlu

araz.az xəbər portalı.