Bu günün problemlərinin keçmişə baxaraq çözülməsi bir mifdir.
Hər bir dövr təkrarolunmazdır.
Ancaq keçmişi təhlil etmək bu gün üçün sağlam bir həll yolu tapmaqda ipucu ola bilər.
Cəlil Məmmədquluzadənin sağlam və parlaq bioqrafiyası da bu mənada xarakterikdir.
Yazıçı ömrü boyu maarifçilik ideyalarından çıxış edib, demokratik ənənələri yayıb, siyasi jurnalistika ilə məşğul olsa da, siyasətə heç zaman qarışmayıb.
Daban-dabana zidd fikirdə olduğu Əli bəy Hüseynzadə Tiflisə gələndə jurnalın redaksiyasını ziyarət edirdi.
Onun Cəlil Məmmədquluzadəyə dediyi “yaxşı yazırsınız” sözlərini yazıçı özünə böyük bir fəxr saydığını “Xatiratım”da yazmışdı.
Lakin bir problemi olduqda Nərimanovun qapısını döyə biləcək qədər doktorun yanında nüfuzu da vardı.
Cəlil Məmmədquluzadə “Kokoreçi” jurnalının üz qabığında xoruz şəklinə çəkilmiş çarın karikaturasını görəndə “ruslar çarlarını xoruz kimi çəkir, biz niyə jurnal buraxıb mollaların, tacirlərin iç üzünü açmayaq” demişdi.
Redaktor çar hökumətinə qarşı hər zaman loyal davranmış, daha artıq dərəcədə Osmanlı və İran hakimiyyətini tənqid etmişdi.
Molla Nəsrəddin jurnalı bağlananda Tiflis mətbuat işləri komitəsinin sədri qubernatora yazırdı:
“Jurnalın bağlanmasının səbəbi qonşu ölkələrin padşahları haqqında kəskin məqalələr olubdur. Daxili siyasət məsələlərində bu jurnal nəzakətlidir”.
Bu gün bunlar olsa, bu çar məmurunun “nəzakət” adlandırdığı şeyi köşə yazarları şübhəsiz “xəyanət, məddahlıq, yaltaqlıq” adlandıracaqdı.
Lakin çar hökuməti jurnala nəzakət göstərməmiş, jurnala dəfələrlə qısamüddətli bağlanma cəzası vermiş, hətta Osmanlı sultanı Əbdüləziz haqda çap olunan bir karikaturaya görə jurnalın redaktoru Ömər Faiqi həbs etmişdi.
Cəlil Məmmədquluzadənin jurnal buraxmaqda məqsədi əlbəttə ki, çara yaltaqlanmaq deyildi.
Açıqca yazırdı ki, biz filan qəzet kimi hər nömrəmizdə qubernatora tərif vuranlardan olmayacağıq.
Eyni zamanda qəzetlərində mollaları, milyonçuları mədh edən redaktorlara da nifrət edirdi.
Dəfələrlə vurğulayırdı ki, jurnalın məqsədi müsəlmanlar arasında maarifi yaymaq, elmi təbliğ etməkdir.
Müsəlmanlar doğurdan da maarifdən çox uzaq idilər.
Azərbaycanda bir klişe var: Cəlil Məmmədquluzadənin yazdığı hər şey hələ də aktualdır.
Halbuki, yüz il ərzində heç bir dəyişikliyin baş verməməsini iddia etmək gülünc olardı.
Cəlil Məmmədquluzadənin vaxtında yazıb-oxumaq bilməyən adamların sayı 99 faiz idisə, indi rəsmi statistikaya görə, bu, 1 faizdir.
Lakin bununla belə, varlığını bir əsr qorumuş problemlər də mövcuddur.
Söhbət Cəlil Məmmədquluzadənin əsas ideyasından, yəni maarifçilik ideyasından gedir.
Bu gün Azərbaycan cəmiyyətinin ciddi bir maarif problemi olduğunu heç kim inkar edə bilməz.
Bu gün hamı teatra tamaşaçı gəlməməyindən danışır.
Halbuki Cəlilin “Ölülər” dramınının Bakıda bircə dəfə tamaşaya qoyulmasından 2000 manat pul götürülmüşdü, jurnalın aylıq abunəsi isə o zamanlar 45 qəpik idi.
Ölkədə hətta dünya klassiklərinin də kitabları 500 tirajdan artıq satılmır.
Azərbaycanda incəsənətin inkişafı ideoloji Sovet dövlətinin statistik rəqəmlərindən belə arxaya düşüb.
O zamanlar hər şey başqa cür idi.
Cəlil Məmmədquluzadə doktor Nəriman Nərimanov kimi sərt çarizm müxalifətçisi, siyasi məhbus olsaydı, “Molla Nəsrəddin” jurnalında gördüyü misilsiz işləri görə bilərdimi?
Elə Nərimanov da Molla Nəsrəddinin mənəvi-ideya mühitində yetişməmişdimi?
Azərbaycan yazıçısı siyasiləşmə mərəzindən xilas olmalı və xalqın ruhunu aydınlığa çıxartmalıdır.
Cəlil Məmmədquluzadə kimi, Molla Nəsrəddinçilər kimi…
Siyasətə bulaşan yazıçı məhvə məhkumdur.
O dövrün şərti olaraq sağ-sol yazıçılarını götürək.
Nərimanov böyük istedadının arxasınca getmədi, getsəydi, bəlkə də Cəlil Məmmədquluzadə olardı.
O öz yaradıcılığını marksizmin təbliğat vasitəsinə çevirdi.
Ömrünün son illərində onu sıxışdırmağa başladılar, 1925-ci ildə müəmmalı şəkildə öldü.
Ölümündən bir az əvvəl Stalinə yazdığı “Ucqarlarda inqilabımızın tarixinə dair” məqaləsinin hər sətrindən təəssüf hiss olunur: “Biz belə danışmamışdıq”.
Ya da Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadənin aqibəti.
Ömrü boyu ədəbiyyatı, fəlsəfəni ideoloji vasitəyə çevirdilər.
Tez-tez düşüncələrini dəyişdirdilər.
Gah irançı oldular, gah islamçı, gah türkçü, gah liberal.
Türkiyəyə mühacirət etdilər.
Hər ikisi ömrünü unudulmuşluqla başa vurdu.
Onlar da elə danışmamışdılar.
Yusif Vəzir tərif edilməz bir nisgillə gündəliyinə yazırdı: “Məni siyasət məhv elədi”.
Yazıçının peşəsi qələmdir.
Onun estetik idealı gözəllikdir.
Onun bircə yolu var, məqalələriylə xalqın problemlərini yazmaq.
Cari məsələlərdə yazıçı təcrübəsizdir.
Məmməd Əmin də məhz yazıçı olmadığına görə leninizmin mahiyyətini düzgün anladı və öz tərəfini zamanında düz seçdi.
O öləndə Nərimanov kimi nisgillə ölmədi.
Onun ölümündə əlindən gələn hər şeyi etmiş bir siyasətçinin rahatlığı vardı.
Bir sözlə, sənətkarın öz problemləri var və Mirzə Cəlilin böyük irsi də bu mənada da ibrətlidir.
araz.az xəbər portalı.