Aidiyyatı dövlət qurumları, barəsində vaxtında ölçü götürmədikləri BU ZƏRƏRLİ OBYEKTİ NƏDƏN NƏZARƏTSİZ QOYUBLAR?!
“Həm qonşunun bir ildi açdığı “moyka”nın yaratdığı hədsiz səs-küy, həm də burada istifadə edildikdən sonra, asfalta axıdılan və tərkibi insan səhhəti üçün mənfi təsirə malik zərərli kimyəvi maddələrlə zəngin olan yuyucu vasitələr, bu məhəllədə yaşayanların sağlamlığına mənfi təsir göstərir, ətrafa ciddi zərər vurur. Qonşu Əzizağa Səlimova burada “moyka” açmağın düzgün olmadığını dəfələrlə başa salsaq da, o, hətta xahişlərə belə məhəl qoymayıb. Özü də başa düşür ki, nə qədər səhv edib, həyətinin hasarını qanunsuz iki metr yarım irəli çəkərək, səkini daraltmaq hesabına açdığı bu obyektin yaratdığı səs-küylə neçə qonşu ailəsinin rahatlığını pozub. Hələ onun günahı ucbatından, “moyka”sı ətrafındakı səkinin daralmasına görə, gündə buradan zorla keçən qonşu arvad-uşaqlarının burada istifadə olunan yüksək təzyiqli su ilə islanmadan hədsiz narahat olmalarını demirəm. Ən pisi odur ki, “moyka”nın çirkli suları küçənin bu hissəsi ətrafındakı trotuar və qazonu da məhv edib.
Yeri gəlmişkən, onu da qeyd etməyi vacib bilirəm ki, Azərbaycan Mətbuat Şurasının ofisi bu “moyka”nın üç yüz metrliyində yerləşir. Hətta Bakının Nəsimi rayonu ərazisində, ölkə prezidentinin yaşaması və işləməsi, habelə xarici qonaqları qəbul etməsi üçün, on il əvvəl inşası başa çatan əzəmətli iqamətgahının ikinci giriş-çıxış darvazası da, bu avtoyuma məntəqəsinin təqribən dörd yüz metrliyində — Xan Şuşinski küçəsinin qurtardığı yerdədir. Bu iki nüfuzlu quruma gedib-gələn yüzlərlə insan da, belə bir narahatlıqla üzləşir. Di gəl ki, bu “moyka”nın qanunsuz fəaliyyətinə göz yuman məmurların xətirlərinə dəyən tapılmır ki, tapılmır. Obyekt sahibi isə, qorxub-çəkinmədən deyir ki, guya, onların arxasında duranlar da, elə, Mətbuat Şurasının rəhbər şəxsləridir. Bu səbəbdən, buranı bağlatdırmağa heç kəsin gücü çatmaz. Hətta etirazçı hər kəsə acıq verib, deyir ki, bu “moyka”nın bir ara fəaliyyətinə qoyulan qadağanı da, onlar ləğv etdiriblər. Bilirik ki, bu da bir cəfəngiyat, iyrənc özünümüdafiə üsuludur. Bəlkə də, onlar heç bunu tanımırlar. Sadəcə, həmin iki nüfuzlu qurumun yüzlərlə işçisi ilə bərabər, gələn nüfuzlu qonaqları gündə yollarını buradan salırlar. Di gəl ki, bu da onu qorxutmur və bunu başa düşmək çətindir”.
Yuxarıdakı sözlər, əli hər yerdən üzülən və son ümid yeri kimi, araz.az-a üz tutan paytaxt sakini Səyyar Hacıyevin redaksiyamıza ünvanladığı şikayət xarakterli müraciətindəndir. Bakının Nərimanov rayonu ərazisindəki Xan Şuşinski küçəsi, ev, 70 (hazırkı ünvan — ev, 150) ünvanında yaşayan həmin şikayətçi öz müraciətində xüsusi olaraq onu vurğulayır ki, qonşusu Əzizağa Səlimovun ötən ilin ortalarından açdığı bu avtoyuma məntəqəsi təkcə onun ailəsinin yox, bu ünvan ətrafındakı həyət evlərində məskunlaşan onlarla qonşu ailənin də rahat yaşaması qarşısında ciddi bir əngələ çevrilib: “Hətta insanların istifadə etdikləri səki belə qonşu tərəfindən zəbt olunub. Buna görə, ailə üzvlərimiz evdən küçəyə çıxanda və geri qayıdanda çox narahatlıq keçirirlər.
Mən özüm də, qonşum Əzizağa müəllimə, bütün bunlar barədə, dəfələrlə hədsiz narahatlıq ifadəsi olan sözlərimi çatdırmışam. Bildirmişəm ki, bura “moyka” yeri deyil, mövcud qanunlarımız da icazə vermir ki, məhəllədə belə bir obyekt açsın. Qanun tələbələrinə zidd hərəkət etməklə, həm də ətraf qonşuları özündən narazı salır. Çünki buranın yaratdığı səs-küy normadan artıq olduğundan, qonşuların sağlamlığına mənfi təsir göstərir, çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar, xroniki yorğunluğa, diqqət və yaddaşın zəifləməsinə,
yuxusuzluğa, nevroza, ateroskleroza səbəb olan, normal istirahətə və gücü bərpa etməyə maneçilik törədən,
xüsusilə də, zehni əməklə məşğul olanlara daha çox təsir edən müxtəlif xəstəliklər yaradır. Üstəlik, burada istifadə olunan maddələrin göz və dəri ilə təması çox təhlükəli hesab edilir və normanın aşılması insan səhhəti üçün çox ziyanlıdır.
“Moyka”nın yaratdığı hədsiz səs-küyün təsirinə reaksiya insanın yaşından, cinsindən və sağlamlığından da çox asılıdır. Bir sözlə, səs-küyün uşaqlara, ahıl yaşlılara və qadınlara, xüsusilə hamilə qadınlara özünəməxsus daha pis təsirləri var. Hətta ana bətnində olan körpələr belə səsin zərərli təsirindən kənarda qalmırlar. Bu səbəbdən də, bu məhəllədə anadan olacaq körpələrin sağlamlığı da, əvvəldən artıq sual altına düşmüş olur… Bütün bunları, ona, həm də ona görə demişəm ki, əvvəllər polis sistemində işləyib, bəlkə, qanun tələbləri anlamını başa düşüb, deyilənlərə əməl edə. Lakin heç nə onun vecinə olmayıb, deyilənlərə indiyədək məhəl qoymur.
Söhbət zamanı, ona, “moyka”dan öncə açdığı, indi qapısı bağlı qalan təndirə və bir ara burada bişirtdirdiyi dadlı çörəyə görə də, təşəkkürümüzü çatdırmışam. Demişəm ki, təndiri niyə bağlayıb, elə, “moyka” yerinə onu yenidən işlətsə, mənimlə bərabər, qonşuların hamısının da yenidən rəğbətimizi qazanar. O, bu xahişimə də məhəl qoymayıb. Qonşular da çox narahatdırlar. Sadəcə, qonşuluq anlayışı, mənim kimi, onları da susmağa vadar edir, pislik etməkdən çəkindirir. Mən, istərdim ki, o, daha çox pul qazansın, qonşumdur. Amma bütün qonşuları pis günə qoymaqla yox.
Onun belə bir anlamda olan adam olduğunu biləndən sonra, məcburiyyətdən, ilk olaraq, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisinə müraciət etdim. Bildirdim ki, qonşumuz ötən ilin aprel ayından başlayaraq, həyət darvazasını 2,5 metr qabağa, yəni gediş-gəlişin çox olduğu səkinin içinə çəkərək, qanunsuz həyətinə qatdığı sahəni yüngül tikinti materialları ilə bağlayaraq, avtoyuma məntəqəsi açıb. O gündən etibarən, onlarla ailənin rahatlığına son qoyulub. Ora gələn maşın sahiblərinin və digər toplaşanların, eləcə də onlar tərəfindən küçədəcə təşkil edilən çay qonaqlığı süfrəsi ətrafına yığışanların, üstəlik də, avtoyuma avadanlıqlarının, yüksək təzyiq müqabilində işləyən su nasosunun, tozsorannın hay-küyündən evdə oturmağımız mümkün deyil. Ailə üzvlərimiz də, evdən bayıra rahat çıxa bilmirlər”.
Şikayət müəllifi onu da yazır ki, Əzizağa Səlimov əvvəllər polisdə işlədiyindən, bu polis bölməsində onun xətrinə dəyən tapılmayıb. Məcburiyyətdən, ötən ilin oktyabr ayının 3-də Nərimanov Rayon İcra Hakimiyyətinə də bu barədə şikayət məktubu ünvanlayıb. Şikayətində qeyd edib ki, yaşadığı evin iki addımlığında — Xan Şuşinski küçəsi, ev, 115 ünvanında yaşayan, əvvəllər polisdə işləyən qonşusu qanunsuz tikinti işləri apararaq, həyat yoldaşı Könül Səlimovanın adına avtoyuma məntəqəsi açıb. Səkini daraltması bir yana, burada avtoyuma məntəqəsi də açıb. İcra Hakimiyyətindən isə, şikayətçinin bu müraciəti, baxılıb, müvafiq ciddi tədbirlərin görülməsi üçün rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilib. İcra Hakimiyyətindən buna ciddi tapşırıq verilsə də, təəssüf ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi E. Həşimovun imzası ilə, şikayətçiyə başdansovdu cavab məktubu göndərilib. Guya, şikayətçinin narazılığına səbəb yaradan hallar, Birlik tərəfindən, “moyka”nın sahibi Könül Səlimovanın nəzərinə çatdırılıb və təkrarlanmaması üçün, zəruri tədbirlərin görülməsi ondan tələb edilib. Rəis həmin məktubunda, həm də, onu qeyd edib ki, guya, hazır tikililərin sökülməsi məhkəmə qərarı və İcra Şöbəsinin iştirakı olmadan mümkün deyil. Məhz buna görə də, rəis, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulduğu kimi, hüquq və azadlığının, eləcə də qanunla qorunan maraqlarının təmin olunması üçün məhkəmə müdafiəsindən istifadə hüququna malik olduğunu şikayətçinin nəzərinə çatdırıb.
Birlik rəisi tərəfindən şikayətçi məktubuna belə bir başdansovdu cavab absurd yanaşmadır, deyilmi?! Çünki, elə, şikayətçinin özünün də yazdığı kimi,
başdansovdu belə bir cavabın bir qaranlıq səbəbi var: “Təəssüf ki, aidiyyatı bu dövlət qurumu da, bu barədə şikayətimə başdansovdu cavab verdi. Buna səbəb, əvvəllər polisdə işləyən Əzizağa Səlimovun bütün idarələrlə “dil tapma” bacarığına malik olmasıdır. Elə, bu bacarığına görə də, o, qanunsuz yerdə “moyka” aça bilib. Buna şifahi razılıq verib, göz yuman da, rayonun Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri olub. İcra Hakimiyyəti isə, baxılıb, ölçü götürülməsi üçün, şikayət məktubumu, bu qanunsuzluğa münbit şərait yaradan günahkar bir dövlət qurumu rəhbərinin özünün üstünə göndərir. Gülməlidir, deyilmi?!
Məhz bu səbəbdən də, əlimiz hər yerdən üzülüb və son ümid yeri olaraq, redaksiyalara üz tutmağı qərara almışıq. Belə qənaətdəyik ki, bəlkə bu ciddi məsələ ictimailəşdikdən sonra öz həllini
tapa bilər”.
Şikayət məktubunda yazılanların ciddiliyini nəzərə alan araz.az-ın əməkdaşı, narazılıq ünvanına çevrilən həmin ərazidə olub. Müxbir müşahidələrinin nəticələri də deməyə əsas verir ki, doğrudan da, burada yaşayan sakinlərin ayrı-ayrı qurumlara şikayət etmələrinə çox səbəblər var və
onlar bunu etməyə məcburdurlar. Çünki
həmin avtoyuma məntəqəsinin ətrafa vurduğu zərər, birbaşa, məhəllə sakinlərinin səhhətinə qarşı tuşlanıb.
Üstəlik, buradakı bu ciddi məsələnin həm hər gün səhərdən-axşamadək yaranan səs-küylə bağlı görünən, həm də istifadə olunan kimyəvi maddələrin zəngin suya qarışıb, küçəyə axmasıyla bağlı
görünməyən tərəfləri də var. Bu ciddi məsələnin görünməyən tərəfinin insan səhhətinə daha ciddi zərər vurduğunu anlayan ailə başçıları, bu səbəbdən, özlərindən daha çox, evlərində böyüyən uşaqlarının talelərindən daha çox narahatdırlar.
Müxbirimizin həmin obyekt ətrafında çəkdiyi fotolardan da məlum olur ki, burada avtoyuma məntəqəsi açmaq üçün mövcud qanunlarımızın tələblərinə belə məhəl qoyulmayıb. Elə, bu hallara aydınlıq gətirmək üçün də, əməkdaşımız bu sahə üzrə mütəxəssis və ekspertlərlə əlaqə saxlayıb. Onların fikrincə, bu, xırda məsələ də deyil: “Əgər xırda məsələ olsaydı, yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə nüfuzedici səs-küyün yolverilməz səviyyəsinə qarşı tədbirlərin həyata keçirilməsi barədə ölkə başçısı fərmanlar verməz, Azərbaycan Respublikasının ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarını təmin edən “Ekoloji təhlükəsizlik haqqında”, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Qanun və digər qanunvericilik aktları olmazdı.
Həmin qanunlarla və aktlarla səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri müəyyən edilir. Məhz bu parametr və səviyyələr də,
nüfuzedici səs-küy yaradan belə obyektlərin yaşayış və ictimai binaların ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə açmağı qəti qadağan edir.
Belə bir obyekt açmaq istəyən hər kəs də bilməlidir ki, həmin normalar yaşayış və ictimai binaların ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrinin tələblərini müəyyənləşdirir.
Çox təəssüf ki, paytaxtın məhəllədaxili yollarında və yaşayış binalarının qarşısında belə, ancaq, daha çox avtomobil təmizləyib, çox pul qazanmaq məqsədi güdən belə məntəqə sahibləri var. Onların yaratdıqları mənzərə isə ürəkaçan olmur. Çünki belə yerlərdə avtomobillərin yuyulduğu su kanalizasiya deyil, birbaşa, küçəyə axıdılır. Bu da, küçədə insanların hərəkətinə ciddi mane törətməklə yanaşı, antisanitariya vəziyyəti yaradır. Çirkli suyun uzun müddət bir yerdə qalması isə, pis qoxu yaratması ilə yanaşı, müxtəlif həşəratları da bu ərazilərə toplayır. Bu məntəqələrin məhz yaşayış evlərinin yaxınlığında yerləşməsini nəzərə alsaq, nəticəni təxmin etmək çətin deyil. Onların küçələrə axıtdıqları çirkli sular, həm də asfalt örtüklərini sıradan çıxarır. Onsuz, bizdə asfaltın ömrü çox da uzun olmur, mütəmadi axıdılan sular isə, bu az müddəti yenə də qısaldır. Nəzərə alsaq ki, bu suların tərkibi kimyəvi maddələrlə zəngindir, onların zərəri bir az da artır. Çünki tərkibi kimyəvi maddələrlə zəngin su buxarlanır, lakin tərkibindəki digər maddələr yer səthində qalır. Sonra Günəş şüaları və küləyin sayəsində bu maddələr toz halında havaya qalxıb, birbaşa, insan səhhətini korlayır. Bu səbəbdən, qanunla müəyyən edilmiş bütün normalara, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. Əslində, paytaxtda avtoyuma məntəqələrinin konkret yerləşmə yerləri var və onlar qapalı yerlərdə olmalıdır ki, onların istifadə etdikləri çirkli sular şəhərin ümumi kanalizasiya sisteminə axsın”.
Müşahidələrimizdən isə məlum olur ki, bu “moyka”da məlum qaydalara əməl edilmədiyi üçün, adətən, su kanalizasiyaya yox, asfalta axıdılır. Eyni anda daha çox müştəriyə xidmət etmək məqsədi güdən işçilər, obyektin içərisində yer olmayanda, avtomobilləri açıq havada yuyur, elə, bu zaman da çirkab suları yola dağıdırlar. Eyni yerə intensiv su axıdılması isə, ətrafdakı asfalt-beton örtüyünü sıradan çıxarır. Bir də ki, buradan asfalta axıdılan adi, təmiz su deyil, kimyəvi maddələrlə zəngindir. Bu maddələr adi kimyəvi maddələrdən daha kəskin təsirə malik olduğundan, yolları daha tez sıradan çıxarır. Belə halların qarşısını almaq əsas vəzifəsi olan yolları mühafizə edən aidiyyatı dövlət qurumları da, bu obyektdəki belə xoşagəlməzliklərə göz yumur, onu nəzarətsiz qoyur. Bu xoşagəlməz halın məhəllədaxili küçələrə, binalar qarşısına mənfi təsiri isə, göz qabağındadır.
Doğrudan da, həmin məntəqədən axıdılan kimyəvi maddə qarışıqlı suyun mütəmadi yola axıdılması asfalt-beton örtüyünün sıradan çıxmasına səbəb olub, həm də küçəətrafı səkini dağıdıb.
Ekspert və mütəxəssislərin dediklərinə görə, belə bir obyekt açmaq istəyən hər bir fiziki şəxsin, öncə, aidiyyatı dövlət qurumlarına ərizə ilə müraciət edib, rəy alması vacibdir. Qanun bunu tələb etsə də, bu avtoyuma məntəqəsinin sahibi bu tələbə də məhəl qoymayıb. Ortada, habelə müvafiq dövlət orqanları ilə razılaşma haqqında qərarlar və obyektə aid zəruri olan digər eskiz, sxem və çertyoj kimi texniki sənədlər də yoxdur.
Müşahidələrimizin nəticəsi olan bu ciddi faktı da qeyd etməyi vacib bilirik ki,
normal iş şəraiti baxımından bir çox problemləri olan bu məntəqədə işləyənlərin özlərinin belə əmək və sağlamlıq hüquqları kobud şəkildə pozulur. Burada, demək olar ki, tələb olunan vacib təhlükəsizlik tədbirləri belə həyata keçirilməyib. Hətta koronavirusla bağlı mübarizədən də əsər-əlamət yoxdur. Qorxulu pandemiyanın bu həssas məqamında maşın yuyanları maska və əlcəklə təmin etmək də, obyekt sahibinin yadına düşməyib.
Bir mətbu orqan olaraq, müşahidə etməklə, şikayət məktubunda bütün bunlar barədə yazılanları özümüz də gördük. Bəs, görəsən, aidiyyatı dövlət qurumları qanunsuz yaradılan bu obyektdə baş verən qanunsuzluqları nədən görmək istəmir?! Axı, bütün göstərilənlər, bu məntəqənin ləğv edilməsi üçün haqlı şikayətçi tələblərinə əsas verir…
Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.