Böyük Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunan 1918-ci ilin may ayının 28-i, Müstəqil Dövlətimizin hər bir vətəndaşı tərəfindən qürur, şərəf, ləyaqət… günü kimi qəbul edilib!
Respublika Günü olaraq, Müstəqil Azərbaycanımızın Şanlı Tarixində rəsmən özünə yer tutan bu günün əzəməti qarşısında hər il baş əyib, milli qürur hissi duyduğumuz və arzularımızın çiçək açdığı düşərli bir günümüz kimi, xüsusi təmtəraqla qeyd edirik. Məhz ona görə ki, dədə-babalarımız tariximizə qürurla həkk etdikləri həmin gün, Şərqdə ilk azad, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanı — Azərbaycan Xalq Cümhuriyyətini yaratdıqlarını bütün dünyaya bəyan edə biliblər. Çar Rusiyası kimi əzazil bir imperiyanın bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən zorla da olsa qurtara bilən Azərbaycan adlı demokratik yeni bir dövlətin təməli beləcə qoyulub. O vaxt böyük səlahiyyət sahibi olan Azərbaycan Milli Şurası isə, öz geniş iclasında qəbul etdiyi möhtəşəm İstiqlal Bəyannaməsi ilə, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu rəsmən bəyan etməklə, yeni yaradılan müstəqil bir məmləkəti bütün dünyanın diqqət mərkəzinə gətirib. Bu, həm də Böyük Xalqımızın ötən əsrdəki keşməkeşli həyatında yeni bir mərhələ, önəmli bir tarixi hadisə kimi öz layiqli qiymətini alıb.
Beləcə, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi, mədəni inkişafının, eləcə də Böyük Xalqımızın tarixində milli oyanış, dirçəliş proseslərinin məntiqi nəticəsi kimi meydana çıxaraq, onun siyasi şüur səviyyəsinin, intellektual-mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olaraq da, tarixin qızıl səhifələrində özünə xüsusi yer tutub. İndinin özündə belə qürurla deyə bilirik ki, vətəndaşı olduğumuz müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olaraq, üzərinə düşən öz şərəfli tarixi missiyasını bu gün də inamla davam etdirir və bu, əbədi olacaq!
Böyük Xalqımızı milli qürur, şərəf və ləyaqət günümüz olan 28 MAY — RESPUBLİKA GÜNÜ münasibətilə bir daha ürəkdən təbrik edir, Böyük Allahdan Azərbaycanımıza əbədi azadlıq və müstəqillik, onun hər bir vətəndaşına xoşbəxtlik, səadət və gözəl həyat arzulayırıq!
Səmimi duyğularla,
“ARAZ” MEDİA QRUPUNUN VƏ ARAZ.AZ XƏBƏR PORTALININ ƏMƏKDAŞLARI.
araz.az xəbər portalı.