ayaz mt“Onunla Vəzirovu müqayisə etməklə də Qabil Hüseynli yenə riyakarlığa yol verir..”
“Ayaz Mütəllibov Moskvanın adamıydısa, niyə Kreml onu yox, sizi hakimiyyətə gətirirdi?..”

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibovu 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Əbdürrəhman Vəzirovla müqayisə edərək belə bir fikir işlədib:

“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha hədsiz itaətkarlıq edirdi…”

Azərbaycanın adları çəkilən hər iki rəhbərinin hakimiyyəti dövründə yaşayıb-işləmiş politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:

“Əvvəla, Qabil Hüseynlinin belə bir müqayisə aparmağa heç mənəvi haqqı da yoxdur. Çünki bu, həmin Qabil Hüseynlidir ki, sovet dövründə Kommunist partiyasını ən çox təbliğ edən, Azərbaycan televiziyasında Lenini, Brejnevi, Andropovu, Çernenkonu, Qorbaçovu ən çox tərifləyən azərbaycanlılardan olub. Daha sonra bu, Ana Vətən partiyasından keçdi YAP-a. Heydər Əliyev də ona vəzifə verdi. Amma sonda biabırcasına həmin vəzifədən uzaqlaşdırıldı. Heydər Əiyevin hakimiyyəti və yəqin ki, Azərbaycan dövlətçiliyi tarixində ilk hal idi ki, bir vəzifə adamı “riyakarlığına görə” izahatıyla tutduğu postdan azad edilirdi…

Elə Ayaz Mütəllibovla Əbdürrəhman Vəzirovu müqayisə etməklə də Qabil Hüseynli yenə riyakarlığa yol verir. Vəzirovla Mütəllibovu müqayisə etmək qətiyyən doğru deyil. Vəzirov sovet dövründə komsomolda, kommunist partiyasında yetişmiş qatı kommunistlərdən biri, Azərbaycanda böyüməmiş, Azərbaycan xalqını tanımayan, onun dilini, adət-ənənələrini, xarakterini bilməyən bir adam idi. Odur ki, Moskvanın göstərişlərini, o cümlədən Qarabağla, ermənilərlə bağlı göstərişlərini canla-başla yerinə yetirirdi…

Mütəllibov isə Azərbaycanda, bu xalqın arasında böyümüş, öz əziyyəti, işi, bacarığı hesabına vəzifələrə gəlmiş bir mükəmməl kadr idi. Azərbaycan dilini də gözəl bilirdi, üstəlik, iqtisadiyyatı da… Bu, birmənalıdır…

Və belə düşünürəm ki, bu günədək Qabil Hüseynli kimi Mütəllibovu sevməyənlərin psixoloji bir xəstəliyi var. Çünki bu adamlar heç cür qəbul edə bilmirlər ki, Mütəllibov Azərbaycan Respublikasının Müstəqillik aktını imzalamış birinci Prezidenti olub. Mütəllibov Azərbaycanı BMT-yə daxil edən, İslam Əməkdaşlıq Təşkilatında təmsil edən və həmin quruma üzv edən bir dövlət başçısı olub. Mütəllibov Qarabağda əməliyyat təşkil edib 33 kəndi erməni terrrorçularından azad etmiş bir dövlət adamıdır… Yəni bu dövlət adamı Azərbaycanın müstəqilliyinin yenicə bərpa olunduğu, həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən çox çətin, mürəkkəb aylarda, hər tərəfdən hakimiyyət həvəslilərin hücuma keçdiyi bir dövrdə dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsi üçün bacardığını etdi… Mütəllibov bu gün də mütəmadi və məntiqli, ağıllı çıxışlarıyla Azərbaycan dövlətçiliyini, onun rəhbərliyini müdafiə edir…”

Politoloq bəzi özünü siyasətçi, politoloq hesab edən adamların Ayaz Mütəllibova qarşı hücum kampaniyalarının Azərbaycan xalqı, onun dövlətçiliyi üçün çox təhlükəli olan regionçuluq mərəzindən qaynaqlandığını ifadə edib.

“Mütəllibov Moskvanın adamıydısa, niyə Kreml onu yox, sizi hakimiyyətə gətirirdi? Bəsdirin… Artıq bu qədər şər-böhtan olmaz…

Onu da bilirəm ki, bunlarda olan bu Ayaz Mütəllibov nifrəti ümumilikdə Şirvan bölgəsinə olan nifrətdən, ayrı-seçkilikdən qaynaqlanır… Nə təhər olur, ay Qabil Hüseynli, sənin yerlilərin hamısı vəzifələrdə təmsil olunur, amma milyon yarımlıq Şirvandan bir adam yoxdur yüksək vəzifədə?.. Vəzifə ancaq sizin alnınıza yazılıb? Əgər Azərbaycanı, bu xalqı, bu dövləti doğrudan sevirsənsə, niyə bu amillərdən, bu gerçəklikdən danışmırsan?..

Yaşı 70-i haqladığı bir vaxtda da Qabil Hüseynli içində bu qədər kin-küdurət daşıyırsa, mənim ona yazığım gəlir. Bədbəxt adamdır… İndiyədək Qabil Hüseynli haqqında heç nə deməmişdim… Amma Allah Heydər Əliyevə qəni-qəni də rəhmət eləsin, ona tam düzgün qiymət vermişdi…

Maraqlıdır ki, bu saat Mütəllibovu vəzifəyə, siyasət meydanına gətirən olmadığı, özünün də belə bir niyyəti olmadığı halda belə adamların məqsədi nədir?

Artıq açıq şəkildə bəyan edirəm, Qabil Hüseynli və onun kimilər Mütəllibova hücumları dayandırmasalar, bunun ardınca başqa məsələlər ortalığa çıxacaq. Yəni, mən də məcbur olacam, çox şeyləri açıqlamağa… Özü də faktlarla bunların xəyanətlərini açıqlayacam… Bunların necə vəzifəyə gəlməsi, hətta hazırda da hökumətin içində kimlərlə əlaqə quraraq nələr planlaşdırması haqda danışacam… Odur ki, qoy getsinlər, əvvəla, öz ayıblarına kor olsunlar… Adamın bir mənliyi olar…” –deyə C.Nuriyev təəssüf hissi ilə fikrini tamamlayıb.

Sultan Laçın

araz.az xəbər portalı.