Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli
Mehriban xanım Əliyevaya
Surəti: Prezident Administrasiyasının rəhbəri
cənab Samir Nuriyevə
Surəti: Azərbaycan Respublikasının Baş naziri
cənab Əli Əsədov
Surəti: Azərbaycan Mətbuat Şurasının sədri
cənab Əflatun Amaşova
MÜRACİƏT
Möhtərəm Prezident!
Sizin, dövlət rəhbəri olaraq, bütün dünyanın bəlasına çevrilən “Covid 19”-la apardığınız mübarizəni, pandemiyadan əziyyət çəkən ölkə vətəndaşlarına diqqət və qayğınızı biz jurnalistlər birmənalı olaraq dəstəkləyir, gördüyünüz bütün alqışalayiq işlərin əhali arasında ətraflı təbliğatını aparırıq. Sizi tam əmin edirik ki, bu, hər zaman belə də olacaq.
Lakin bu həssas məqamlarda bizi narahat edən başqa bir vacib məsələ var ki, bu da, biz jurnalistlərin peşə fəaliyyətinin pozulmasına yönəlib. Bu hədsiz narahatlığımız “Evdə qal!” tədbirləri kampaniyası çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi son qərarla bağlıdır və birbaşa peşə fəaliyyətimizi yerinə yetirməyimizə qarşı yönəlib. Bu qərar biz jurnalistlərdən də, sadə vətəndaşlar kimi, evdə qalmağımızı tələb edir.
Operativ Qərargahın mətbuat deyəndə yalnız televiziya və radio işçilərini başa düşməsi təəssüf doğurur. Axı, sərt karantin rejimi günlərində təkcə onların sərbəst hərəkətlərinə icazə verilməsi nə dərəcədə düzgündür?! Demək istədiyimiz odur ki, mətbuat olaraq, belə çətin məqamlarda biz yazarların müşahidələr aparıb, yazılar qələmə alma fəaliyyətimiz, televiziya və radio işçilərinin fəaliyyətindən daha sərfəli olardı.
Möhtərəm Prezident!
İctimai nəzarəti həyata keçirməyə borclu olan biz jurnalistlərin “press” etiketli vəsiqə və ya gödəkçələrini görəndə nəinki polislər, hətta başqa orqanların əməkdaşları, sadə vətəndaşlar belə qanuna düzgün əməl etməyə çalışır, cəhd edirlər ki, qanunlar çərçivəsində hərəkət etsinlər. Belə demək olar ki, biz qəzetçilər həmişə cəmiyyətdə profilaktiki işlər aparmağa borclu olmuşuq. Tam əminliklə deyirik ki, sərt karantin rejiminin tətbiqi günlərində biz jurnalistlər əgər paytaxt ərazilərində olub, müşahidələr aparsaydıq, Yeni Yasamalda baş verən qarşıdurmalar və buna bənzər xoşagəlməz hadisələr baş verməz, nə polis əmkdaşları, nə də ki, sadə vətəndaşlar media nümayəndələrini görüb, ölkə qanunlarını belə kobud şəkildə tapdalamazdılar.
Möhtərəm Prezident!
Qəzet və xəbər saytı rəhbərləri olaraq, Sizdən xahiş edirik ki, bizim və redaksiya əməkdaşlarımızın da, həftəsonu sərt karantin rejimi günlərində, əsl mətbuat işçiləri olaraq, sərbəst gəzib, peşə fəaliyyətimizi yerinə yetirməyimizə
Operativ Qərargahın icazə verməsinə öz ciddi göstərişinizi verəsiniz!
Diqqətinizə görə, öncədən Sizə dərin təşəkkür və minnətdarlığımızı çatdırırıq!
Dərin hörmət və ehtiramla,
“Araz” Media Qrupunun və araz.az xəbər portalının Baş redaktoru Hüseyn Əzizoğlu,
“Gündəm Xəbər” qəzetinin və saytının Baş redaktoru Şirin Cəfəri,
“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucov,
“Araz Media” qəzetinin və arazmedia.az xəbər portalının Baş redaktoru Fariz Quliyev,
Atatv.az xəbər portalının Baş redaktoru, Rəsafil Bayramov,
“Ulusestv.az” internet televiziyasının rəhbəri Şamil Cəfərov,
“XezerTV.info” informasiya agentliyinin rəhbəri Fərid Səfərov,
“Xeberinmerkezi.az” xəbər portalının baş redaktoru Şamil Şamilov və başqaları.
Bakı şəhəri,
10.06.2020-ci il.
ARAZ.AZ
araz.az xəbər portalı.