Ceyhun müəllim, bilirsiniz ki, pandemiya başladığı ilk gündən etibarən dövlət tərəfindən çox mühüm qərarlar verildi. Sərt karantin rejiminə keçirildi.Təəssüf ki, yumşalmalardan sonra ölkə ərazisində koronavirusa yoluxanların sayı 300-ü keçdi. Yoluxma artım dinamikası ilə davam etsə, yenidən karantin rejimi sərtləşdirilə bilərmi?
-Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı. Cənab prezidentin bununla bağlı bir neçə sərəncamları oldu. Azərbaycanın Birinci vitse-prezidentinin müraciətləri oldu. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. 600 mindən çox insana maddi yardımlar verildi. İlk dövrlərdə nəticələr çox yaxşı idi. Dünya dövlətləri də Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirdi. Amma bir müddətdən sonra vətəndaşlarımızın bir hissəsinin məsuliyyətsizliyinə görə son günlər yoluxanların sayı heç də ürək açan olmadı. Bilirsiniz ki, başqa ölkələrdə vəziyyət yaxşı deyil. İnsanlarin meyitləri küçədə qalır, dəfn edilməyə yer tapılmır. Ona görə də biz diqqətli olmalıydıq. Təəssüf ki, bəzi vətəndaşlarımız bu məsələyə məsuliyyətsiz yanaşdı. Nəticədə göz qabağındadır. Bir neçə gündür ki, xəstəxanalarda xeyli sayda insan var. Dövlət vətəndaşları fikirləşərək müəyyən yumşalmalara getdi. İnsanlarımız məsuliyyətli olmalıydı. Hətta gündəlik yoluxanların sayı 300-dən çox olur. Vətəndaşlarımız diqqətli olsunlar. Çünki ikinci dalğanın ola biləcəyi ilə bağlı iddialar var. Ona görə arxayın olmaq olmaz. Çünki bizi gələcəkdə nəyin gözlədiyini bilmirik. Yeni dalğaların olması gözləniləndir. Unutmaq lazım deyil ki, sağlamlıq bizim milli təhlükəsizliyimizdir. Ona görə də insanlarımız karantin rejiminin qaydalarına əməl etməlidir. İnanıram ki, bu bəladan uzüağ çıxacağıq. Təbii ki, bu da insanlarımızın məsuliyyətindən çox şey asılıdır. Məsuliyyətsiz yanaşma davam etsə, biz müəyyən çətinliklərlə üzləşə bilərik. Dövlətin əsas məqsədi vətəndaşını qorumaqdır. Əgər virusa yoluxanların sayı artsa, dövlət karantin rejimin sərtləşməsi ilə bağlı məsələlərə yenidən baxa bilər. Hər şey insanların məsuliyyətindən asılıdır.
-Təəssüf ki, insanlarımız koronavirusun varlğına inanmadı və karantin rejimində edilən yumşalmalardan sui-istifadə etdilər. Nəticədə də ölkəmizdə koronavirusa yoluxanların gündəlik sayı 300-ü keçdi. Nəticədə qoruyucu tibbi maskadan istifadə etməyənlərin 50 manat cərimələnməsi üçün qanun qüvvəyə mindi. Cərimələrdən sonra insanlarımızın məsuliyyəti artacaqmı?
-Dövlətin qəbul etdiyi qərar vətəndaşlarımız tərəfindən yerinə yetirlməlidir. Çünki dövlət strukturları cərəyan edən məsələləri düzgün analiz edərək qərarlar verir. Operativ Qərargah bu istiqamətdə öz tövsiyyələrini vermişdi. Mən hesab edirəm ki, insanlarımız zamanında maskalardan istifadə etsəydilər biz bu çətinliklərlə üzləşməzdik. Koronavirus təmasla yayılan xəstəlikdir. Təəssüf ki, bəzi insanlar ilk gündən yalnış təbliğat apardılar. Guya bu xəstəlik yoxdur. Əlbəttə, bu da insanlarımızın xəstəliyə məsuliyyətsiz yanaşmasına səbəb oldu. Hətta bəziləri bu cərimələrin tədbiq edilməsində məqsədin maskaların satılması olduğunu iddia etdi. Bu çox absurd iddiadır. Koronavirus var və təhlükəli xəstəlikdir. Tənəffüs və təmas yolu ilə keçir. Ona görə də insanlarımız çalışıb, qoyulan qaydalara əməl etməlidir. Maska 30 qəpikdir. Cərimə olunmaq istəmirsinizsə, maska taxın. Bəzi insanlar var ki, müqavimət göstərir. Bu yolverilməzdir. Hər bir vətəndaş dövlətin qoyduğu qayda-qanuna əməl etməlidir. Yoluxanların sayı artdığı üçün dövlət tərəfindən bu cərimələr tədbiq edildi.
-Ceyhun müəllim, ilk bağlanan müəssisələr təhsil ocaqları oldu. Distant təhsil gözlənilən nəticəni verdimi?
-Distan təhsili zərurətdən yaranan qərar idi. Azərbaycan pandemiyaya görə təhsil müəssisələrinin bağlanması ilə bağlı ilk qərar verən ölkələrdən oldu. Azərbaycandan sonra digər ölkələr də bu məhdudiyyətləri tədbiq etməyə başladı. Bakı Dövlət Universitetinin 25 mindən çox tələbəsi var. Elə universitet var ki, 13-15 min tələbəsi var. Ona görə də dövlət tərəfindən dərslərin dayandırılması ilə bağlı qərar verildi. Biz təhsili dayandırmasaydıq, yoluxanların sayı daha çox olardı. Auditoriyalarda, yeməkxanalarda və dəhlizlərdə nə qədər tələbə bir yerdə olur. Təbii ki, bu çox böyük problemlərə səbəb olacaqdı. Ona görə də dövlət bu qərarı verdi. Nəticədə distant təhsilə keçirildi. Biz tədrisdə heç bir ciddi problem yaşamadıq. Hansı tələbə dərslərə məsuliyyətli yanaşdısa, o heç bir problem yaşamadı. Burada da məsuliyyət öz sözünü dedi. Bəzi tələbələr fürsətdən istifadə edib, dərslərdən yayındılar. Nəticədə də o tələbələr tədrisdən geri qaldılar. Bəzi universitetlər imkansız tələbələrə internet kartı payladı. Məqsəd tələbələrin tədrisdən geri qalmaması idi. Universitetlər və Təhsil Nazirliyi maksimum çalışdı ki, tələbələrə tədris işini qura bilsinlər.
– Təəssüf ki, dərsliklərlə bağlı problem yenə də qalmaqdadır. Bəzən ibtidai siniflərə elə dərsliklər salırlar ki, bu onların yaşına belə uyğun deyil. Bu problemi necə həll etmək olar?
– Təhsil Nazirliyi dərsliklərin üzərində yenidən işləyir. Bu dərsliklər ictimai müzakirələrə açıqdır. Hətta Milli Məclisin Elm və Təhsil Komitəsinə də təklif gəlmişdi. Dərsliklərlə bağlı sayt yaradılıb. O sayta daxil olub, öz təklif və iradlarımızı bildirə bilərik. Nazirlik dərsliklərin üzərində işləyir. Onların düzəlməsi üçün lazım olan addımları atır. Yaxın günlərdə biz dərsliklərin formatında dəyişiklikləri hiss edəcəyik.
-Hər il təhsil haqqı ilə bağlı problemlər yaşanır. Bəzən aztəminatlı ailələr təhsil haqqına görə övladlarını təhsildən yayındırırlar. Bununla bağlı iş adamları, biznesmenlər, imkanlı şəxslər birləşib fond yarada bilərmi?
-Bilirsiniz ki, pandemiya ilə bağlı cənab prezidentin çox mühüm sərəncamı oldu. 20 min tələbənin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Türkiyədə bu sistem mövcuddur. Orada bir çox universitetlərin arxasında vəqflər durur. Onlar universitetləri yaradırlar. İş adamları o vəqflərə yardımlar edirlər. Bizdə də Gənclər Fondu var. İmkansız ailələrlə bağlı müxtəlif layihələr icra edir. Amma onlara da maliyyə yardımı dövlətdən edilir. Düşünürəm ki, biz hər bir yükü dövlətə yükləmək lazım deyil. Bizim iş adamlarımız var ki, bu məsələdə dəstək olmağa hazırdılar. Hesab edirəm ki, fondlar yaradaraq şəffaf şəkildə imkansız ailələrin uşaqların təhsilinə yardım etmək olar. Türkiyədə təhsil haqqını ödəməyən tələbələr vəqflərə müraciər edir. O vəqflər müəyyən araşdırmalardan sonra tələbələrin təhsil haqqını ödəyir. Düşünürəm ki, bizdə də gələcəkdə bu mexanizmin üzərində işləyib, həyata keçirmək olar.
-Bilirsiniz ki, koronavirusa görə Azərbaycanda toy və yas mərasimlərin keçirilməsinə qadağa qoyulub. Ümumiyyətlə toy və yas mərasimlərində ifratçılıq məsələləri zaman-zaman gündəmə gəlib. Toy və yasların keçirilməsi ilə bağlı qaydalar qanunla tənzimlənə bilərmi?
-Pandemiyaya görə insanlar toy və yas mərasimlərini əvvəlki qaydada keçirə bilmədi. Yas mərasimlərinə qadağalar qoyulsa da bəzi insanlar buna əməl etmədi. Bir çox insanlar düşünür ki, bu ictimai məsələ olduğu üçün qanunla tənzimlənməməlidir. Ümumiyyətlə, bir insan öləndə ona 3, 7, 40, 52 keçirirlər. Hələ bahalı baş daşları və gümbəzlərini demirəm. Bəziləri hətta az qala baş daşı əvəzinə ev tikdirir. Təbii ki, yaxınını itirənin ailəsi üçün böyük bir yükdür. Düşünürəm ki, yaslarla bağlı insanlarımızın düşüncəsi dəyişməlidir. Yasda o qədər meyvə və şirniyyata ehtiyac yoxdur. Naxçıvan modeli daha məqsədə uyğundur. Gəlib bir stəkan çay içib, başsağlığı vermək yetərlidir. Eləcə də toylarımız. 20 cür soyuq qəlyanaltı, yeməklərə ehtiyac yoxdur. Bu gün bir çox insan toy və yas mərasimlərindən böyük yüklə çıxırlar. Ölən insan sağlığında 3-4 min manat pul yığmışdısa həmin vəsait onun yas mərasiminə xərclənir. Halbuki o pul həmin insanın övladlarının bir ehtiyacına və təhsilinə sərf edilə bilərdi. Eləcə də toy edənlər küli miqdarda borcun altına girirlər. Buna nə ehtiyac var. Bir sıra ölkələrdə toylarla bağlı müəyyənləşdirilmiş qaydalar var. Ola bilsin ki, gələcəkdə Azərbaycanda da bu məsələyə baxılsın.
-Ceyhun müəllim, seçiciləriniz daha çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?
-Mən deputat kimi Milli Məclisdə Qarabağın ətraf rayonlarını təmsil edirəm. Bizim hər birimizin arzusu torpaqlarımızın geri qaytarılmasıdır. Əminik ki, biz cənab prezidentin rəhbərliyi ilə o torpaqlara geri qayıdacağıq. Bu arzu hər bizimizin ürəyindədir. Müraciətlərin bir hissəsi işlə bağlıdır. Son illər xeyli sayda iş yerləri yaradılıb. Hesab edirəm ki, Azərbaycanda məsuliyyətli və öz üzərində işləyən insanlar hər zaman özünə iş tapıb. Müraciətlərin bir hissəsi də evlər və qeydiyyatla bağlıdır.(Sonxeber.az)
araz.az xəbər portalı.