Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı KİVDF-nin keçmiş İcraçı Direktoru Vüqar Səfərlinin dövlətə vurduğu ziyanın 100 min manatını ödəməsinə münasibət bildirib.
Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında deyib ki, Hesablama Palatasının Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa təqdim etdiyi 400 səhifəlik hesabat bu quruma rəhbərlik etmiş Vüqar Səfərlinin fəaliyyətində yol verdiyi qanunsuzluqları bir daha təsdiqləyir:
“Əslində, Hesablama Palatası tərəfindən açıqlanan bu rəsmi məlumat bizim ötən il Vüqar Səfərlinin fəaliyyətində ciddi cinayət əməllərinin olması barədə söylədiyimiz fikirlərin doğru olduğunu bir daha təsdiq etdi. Çox təəssüf ki, həmin vaxtı KİVDF-dəki qanunsuz faktlarla bağlı mən həqiqətləri söyləyəndə Vüqar Səfərli və onun ətrafında olan bəzi KİV rəhbərləri mənə qarşı hücumlar təşkil edirdilər. Təəssüflər olsun ki, mənə qarşı edilən hücum kampaniyasında “Xalq”, “Bakı xəbər” və digər qəzetlər də yer alırdılar. İndi onların Vüqar Səfərli ilə bağlı mövqeylərinin necə olacağı çox maraqlıdır”.
Deputat Vüqar Səfərli hələ vəzifədə olan zamanı onun fəaliyyətində yol verdiyi ciddi nöqsanları tənqid etməkdən çəkinmədiyini söyləyib:
“Biz hər zaman fikirlərimizdə doğru və dürüst olmağa çalışmışıq, dövlətçilik mövqeyini hər şeydən üstün tutmuşuq, istənilən vəzifəli şəxsin ən birinci dövlətçiliyə və xalqımıza xidmətlərini əsas götürmüşük.
Artıq Hesabalama Palatasının da məlumatında qeyd olunduğu kimi, Vüqar Səfərlinin fəaliyyəti ilə bağlı həqiqətlər və faktlar ortadadır. Açığı mən istəməzdim ki, Vüqar Səfərli bu dərəcədə zəlil vəziyyətə düşsün. Heç kimin bu vəziyyətə düşməsini arzulamıram. Əgər hər hansı vəzifə daşıyan şəxs ölkə Prezidenti tərəfindən ona göstərilən etimaddan sui-istifadə edərək dövlətin vəsaitini dağıdırsa, ona tapşırılan vəzifələri şərəf və vicdanla yerinə yetirmirsə, bu adamlara qarşı biz öz mübarizəmizi ortaya qoymalıyıq. Bu baxımdan sağ olsun ki, “Demokrat.az” xəbər saytı da zamanında özünün prinsipial və ciddi mövqeyini ortaya qoydu və beləliklə Vüqar Səfərlinin KİVDF-yə ayrılan dövlət vəsaitini dədəsinin malı kimi xərcləyən faktları çəkinmədən ictimailəşdirdi.
Bilirsiniz, illər boyu jurnalistika sahəsində çalışan, lakin evi olmayan vətənpərvər jurnalistlərimiz qala-qala, Vüqar Səfərli öz qohumlarına və yaxınlarına, ona yaxın olan şəxslərin sürücüsünə və katibəsinə dövlətin bağışladığı evləri verməsi bağışlanan hal deyil. Ona görə də bu cür faktlar ortaya çıxıb. Bundan hamı nəticə çıxarmalıdır. İstənilən qurumun rəhbəri düşünməsin ki, vəzifəyə getdiyi təşkilatda dövlətin malını talan edib varlanacaq və sairə. Əks halda bunu edənlər indi rəzil duruma düşən şəxslərin aqibətini yaşayacaqlar. Mən çox arzu edərdim ki, hər kəs baş verənlərdən nəticə çıxarsınlar”.
Qeyd edək ki, Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib.
Bu barədə “Report” məlumat yayıb.
Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib. Bundan sonra Hesablama Palatası qurumda yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə noqsanlar aşkar edilib və bununla bağlı materialların “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
Zaur Hacılı
Demokrat.az
araz.az xəbər portalı.