23062020-01qelebe.jpgİkinci Dünya Müharibəsində faşizm üzərində tarixi qələbədən 75 il keçir. Yüz milyonlarla insanın fiziki cəhətdən məhvi, sağlamlığını itirməsi, əsir alınması, itkin düşməsi, aclığa, xəstəliyə və səfalətə düçar olması, bütün Avropanın dağılması ilə nəticələnən 6 illik məşum, faciələrlə dolu hərbin başlanma səbəbləri, 1941-ci ilin iyun ayının 22-dən etibarən bizlərdən ötrü Vətən müharibəsi mərhələsinə keçməsi, qələbəni təmin edən səbəblər barədə fikirlər birmənalı deyil. Amma danılmaz bir həqiqət var ki, sözügedən savaşda Azərbaycanımız da keçmiş İttifaqın bir üzvü kimi, ümumi düşmənlə — Şərqə doğru şığıyan nasist cəlladları ilə üzbəüz dayandı. İgid xalqımız ön və arxa cəbhələrdə canını, qanını əsirgəmədən çalışıb, vuruşdu. Lakin Bakı “Qəhrəman şəhər” statusuna layiq görülmədi. Lakin bu tarixi qələbədə böyük rol oynayan neftini, ərzaq məhsullarını ürəkdən verməsi, bu ərazilərə köçürülən xəstələrə, yetimlərə dostcasına sahib çıxması, alimlərimizin hərbi texnikanın yanacağını donmağa qoymayan kəşflərə imza atması əsl qəhrəmanlıq nümunəsi kimi tarixin yaddaşına həkk olundu…

Müharibənin ilk günündən silaha sarılan 600 min Azərbaycan övladının – şücaətli oğul-qızların tən yarısı geri qayıtmadı. 123 nəfər ən yüksək mükafatla – Sovet İttifaqı Qəhrəmanı fəxri adıyla (general-mayor Həzi Aslanov iki dəfə), 178 min döyüşçümüz isə, müxtəlif orden və medallarla təltifləndilər. O dövrdə qələbənin əsas təminatçısı sayılan bütün SSRİ üzrə neftin 70, benzinin 80, motor yağının 90 faizini də zəhmətkeş neftçilərimiz tərəfindən göndərilirdi.
Bir sözlə, özgə torpaqlarını ilhaqa məruz qoyub, qurduqları rejimdə satqın faşist tulası Qaregin Nijdeyə abidə ucaldanlardan, babaları həmin xəyanətkar, əclaf qruplaşmalara yalmananlardan fərqli olaraq, tarixin də, sülhsevər xalqların da qarşısında üzümüz ağ, alnımız açıqdır.
Doğrudur, ötən əsrin 92-ci ilində hakimiyyətə gələn qüvvələr tərəfindən 9 Mayın – Qələbə Gününün ləğvi az sayda qalan və ömürlərinin ixtiyar çağlarını yaşayan veteranlara böyük mənəvi-psixoloji zərbə vurdu. Lakin Ümummilli lider Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra, Böyük Vətən Müharibəsi iştirakçılarının hüquqlarını bərpa etdi, onları “Xalqımızın Qızıl Fondu” adlandırdı. Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş veteranlarımızın və onların ailələrinin sosial-tibbi problemləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir — elə, Qələbə Bayramı ərəfəsində də, onlara maddi yardım göstərildi.
Bütün sadalanan mətləblər barədə isə, “Tarixi şəxsiyyətlər” jurnalının qələbənin 75-ci ildönümünə həsr olunmuş 49-cu sayında geniş məlumat verilib. Jurnalın təsisçisi və Baş redaktoru istedadlı jurnalist Xəlil Qarəhmədovdur.
Maraqlı material və şəkillərlə nəfis şəkildə tərtiblənmiş dərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsi ilə açılır. Daha sonra, Rusiya Prezidenti Vladimir Putinin Qələbə Bayramı münasibətilə Naməlum Əsgərin Məzarı önünə güllər qoyması və önündən fəxri qarovulun keçməsi, hava paradını seyr etməsi, veteranlara, Rusiya vətəndaşlarına və bu savaşdakı qalibiyyətdə payı olan bütün xalqlara ünvanlanan təbrik nitqi verilib.
Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin 1941 ci ilin 3 iyulunda əhaliyə müraciəti, almanların “Barbarossa” planının mahiyyəti, müharibənin gedişində ayrı-ayrı məşhur (Moskva, Stalinqrad, Kursk) döyüşlər, SSRİ və müttəfiqlərin müxtəlif mərhələlərdə birgə hərəkət planları, Berlinin götürülməsi… tarixi materiallar sırasındadır.
Jurnalın “Dahi sərkərdələr” rubrikasındakı marşallar Jukov, Konev, Vasilyevski barədə bilgilər və 110 yaşlı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor rütbəli görkəmli soydaşımızdan bəhs edən “General Həzi Aslanov – Azərbaycan vətənpərvərliyinin güzgüsü”, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun portret cizgilərinin canlandırıldığı “Böyük əfsanənin izi” məqalələrinin də oxucuların marağına səbəb olacağı şübhəsizdir.
“Azərbaycan Böyük Vətən Müharibəsi illərində…”, “Soydaşlarımızın qələbə töhfələri”, “Azərbaycanın qəhrəman təyyarəçiləri” və digər yazılarda, eləcə də Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun, həmin qurumun sədr müavini polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun qeydlərində dünyanı bürüyən fazizm kabusuna qarşı xalqımızın qəhrəmanlıq salnamələrindən söhbət açılır.
Ümidvarıq ki, bu mövzular və II Dünya savaşına aid maraqlı, maraqlı olduğu qədər də faciəli statistik məlumatlar “Tarixi şəxsiyyətlər” jurnalının bu sayını hər birimizin stolüstü mənbəyinə çevirəcək.

23062020-01Untitled-4.jpg

23062020-01Untitled-3.jpg

Qurban CƏBRAYIL

araz.az xəbər portalı.