WhatsApp Image 2020-06-23 at 20.41.55.jpg

Şirin CƏFƏRİ: “Əsassız olan 71.000 manat məbləğində cərimə qərarı üzərimdə saxlanıldı”

Tanınmış media kapitanı Şirin Cəfəri bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru cənab Əhməd İsmayılova Müraciət ünvanlayıb. Açıq şikayət məktubu xarakterli bu Müraciəti, bir vaxtlar ölkənin populyar qəzetinə çevrilən “Gündəm Xəbər”-in təsisçisi və Baş redaktorunun özünün və rəhbəri olduğu redaksiyanın başlarına gətirilən haqsızlıqlar barədədir. Qəzet rəhbəri araz.az-ın redaksiyasına da daxil olan həmin Müraciətinin əvvəlində xatırladır ki, “Gündəm Xəbər”, 2009-cu ilin iyun ayının 1-dən müstəqil ictimai-siyasi qəzet kimi işıq üzü görərək, fəaliyyətə başlayıb. Bu qəzet ilk öncə həftədə bir, bir müddət keçdikdən sonra iki, daha sonra üç, dörd, beş, çox keçmədən isə, altı dəfə nəşr olunub. Mətbu vasitələrin yayımını təşkil edən qəzet köşklərində və o vaxtlar fəaliyyət göstərən əldə yayımlarda “Gündəm Xəbər” qəzetinin ümumi tiraj sayının satış nüsxələri 70-80 faiz civarında olub. Göründüyü kimi, çap mediasında öndə gedən bu qəzetin işgüzar kollektivi, böyük zəhmət hesabına, “Gündəm Xəbər”-i çox keçmədən ölkənin ən populyar və oxunaqlı media orqanlarından birinə çevirməyi bacarıb, üstəlik, əldə olunan satış gəlirləri hesabına, redaksiya rəhbərliyi, hər bir əməkdaşının ailəsi üçün lazım olan xərcləri də ödəyə bilib. Lakin redaksiyanın bu uğurlarını, eləcə də demokratik mövqeyini qəbul edib, gözləri götürməyən qüvvələr həmişə ona qarşı olublar.

Müraciətinin bu yerində Baş redaktor xüsusi olaraq onu vurğulayıb ki, fəaliyyət göstərdikləri ötən illər ərzində başlıca amalları dövlətimizə və xalqımıza xidmət, milli dövlətçiliyimizi qorumaq, müstəqilliyini yenicə qazanan dövlətimizin ümummilli baxımdan maraqlarına xəyanət edən hər kəsi ifşa etmək olub: “Möhtərəm Prezident! Məhz, bu gün də, həmin istək üzərində düşünürük və gələcəkdə fəaliyyətimizi bu yöndə davam etdirmək arzusundayıq. Belə bir mövqe varlığımıza baxmayaraq, dövlətçilik amallarının müdafiə olunub, yaşadılması yolunda uğurlu addımlarını atan “Gündəm Xəbər” qəzeti, məhz Sizin sabiq köməkçiniz Əli Həsənov tərəfindən olmazın təzyiq və təpkilərlə üz-üzə qaldı. Belə ki, 2011-ci ildə Əli Həsənov hansısa maraqları çərçivəsində Mətbuat Şurasına göstəriş verdi ki, bizim qəzeti susdurmaq üçün istintaq-əməliyyat tədbirləri həyata keçirilməsinə münbit şərait yaratsın. Verilmiş belə bir tapşırıqdan sonra, Mətbuat Şurası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə rəsmi məktub göndərdi ki, “Gündəm Xəbər” qəzetinə qarşı korrupsiya adı altında istintaq işi qaldırılsın. Belə bir əsassız məktubu adı çəkilən idarənin sabiq rəisi Kamran Əliyev heç bir araşdırma işləri aparmadan geri qaytardı.
Onu da qeyd edim ki, həmin vaxt Mətbuat Şurasının Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə göndərdiyi məktub bizdə narahatçılıq yaratdığından, bununla bağlı bir neçə dəfə Sizə də müraciət etməli oldum. Düzdür, ünvanladığım müraciətlərin heç birinin nəticə vermədiyini görüb həm özümü, həm də təsisçisi və Baş redaktoru olduğum “Gündəm Xəbər” qəzetini müdafiə etmək məqsədilə, mətbuat konfransı keçirməyə qərar verdim. Bundan sonra, Azərbaycanda “Diffamasiya Qanunu”nun qəbul olunması üçün, Mətbuat Şurasının binasında Bakıya dörd günlük səfər edən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin iştirakı ilə tədbir keçirildi. Keçirilən tədbirdə belə qənaətə gəlindi ki, mətbuat tam şəkildə azad və toxunulmaz olmalıdır. Belə bir halın varlığına əsaslanaraq, jurnalistlər Əli Həsənova sual ünvanladılar. O isə cavabında bildirdi ki, “mətbuat toxunulmaz və azaddır”. Bu cür cavabı eşidən jurnalistlər ”Gündəm Xəbər” qəzetinə qarşı baş verənləri ona xatırladırlar. Əli Həsənov bu dəfəki cavabında isə qeyd etdi ki, bəzi qəzetlərin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə verilməsinə səbəb, məmurların fəaliyyətlərinin araşdırılması yönündə mətbuat səhifələrində dərc olunan əksər məqalələrin varlığı olub. Biz, ilk əvvəl, belə bir hiyləyə inansaq da, iki aydan sonra bunun tam şəkildə yalan olmasının canlı şahidi olduq. Yəni, Əli Həsənovun vermiş olduğu sifariş əsasında Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetini təftiş etməyə başladı və haqqımızda, heç bir əsası olmadan, saxta qərar çıxarıb, bizi 71.000 manat məbləğində cərimə etdi. Beləliklə, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində istintaq prosesi başladı və yekun qərar Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinə göndərildi. Məhkəmə araşdırmalarından sonra, 71.000 manat məbləğində cərimə qərarı üzərimdə saxlanıldı və barəmdə üç il şərti cəza hökmü elan olundu.
Əli Həsənov səlahiyyət sahibi olarkən, “Gündəm Xəbər” qəzetinə qarşı göstərdiyi təzyiqlərini sonrakı illərdə də davam etdirdi. Belə ki, bu şəxs, gecə-gündüz yuxusuz qalıb, minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz və gündəlik nəşr olunan “Gündəm Xəbər” qəzetini iflic etdirmək üçün, dövlətin müxtəlif qurumlarının təsir imkanlarından istifadə edib, bizə qarşı qeyri-qanuni basqılar həyata keçirtdi. Yəni, bu şəxsin verdiyi tapşırıqlar əsasında, redaksiyamız, hətta “Azərbaycan” nəşriyyatındandakı ofisindən də çıxarıldı. “Gündəm Xəbər”in çap işlərini həyata keçirən mətbəələrin rəhbərliyinə tapşırıq verdirdi ki, qəzetimizi çap etməsinlər, əgər çap edərlərsə, o halda mətbəələrini bağlatdıracaq. Beləcə, qəzetimizin çap versiyası dayandırıldı. Hətta, qəzetimizin onlayn versiyası olan GundemXeber.Az saytının bloklanması yönündə “Delta Telekom”a da tapşırıq verildi ki, saytımızı bloklasın.
Xüsusi olaraq, onu da vurğulamaq yerinə düşər ki, Əli Həsənov “Gündəm Xəbər” qəzetinin heç bir layihə proqramına salınmaması üçün, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə də öz lazımi tapşırıqlarını vermişdi. Baxmayaraq ki, bu qəzet KİVDF-dən yardım almaq üçün bütün göstəricilərə cavab verirdi və adıçəkilən quruma üç dəfə layihə təqdim etsək də, Vüqar Səfərlinin diktəsi ilə, sənədləri qəbul edən komissiya üzvləri layihə sənədlərimizin heç üzünə belə baxmırdılar. Bundan əlavə, hal-hazırda yataqxanada müvəqqəti yaşamağıma və 22 il ərzində Azərbaycan mətbuatında çalışmağıma baxmayaraq, bir neçə dəfə sənədlərimi təqdim etsəm də, Sizin tapşırığınız əsasında jurnalistlərə tikilən binadan mənə mənzil də vermədilər. Baxmayaraq ki, həmin binalardan mətbuata aidiyyatı olmayan çoxları evlə təmin olunublar. Bu kimi məsələlərlə bağlı dəfələrlə Əli Həsənova yazılı müraciətlərimi təqdim etsəm də, sonra başa düşmüşəm ki, bu cür çirkin oyunların başında elə onun özü dayanıbmış. Biz, ”Gündəm Xəbər” qəzetində və eyni adlı saytımızda Əli Həsənov başda olmaqla, qruplaşmaya daxil olan digər şəxslərin büdcə oğurluqları, korrupsiya əməlləri və digər qanunsuzluq əməlləri haqda dəfələrlə tənqidi açıqlamalar yayımladıq ki, köməkçinizin hansı əqidə sahibi olduğunu biləsiniz. Siz peşəkar jurnalistləri özünüzə yaxın dost bilirsiniz. Bizim də dostumuza yardımçı olmağımız həm vacibdir, həm də borcumuzdur!”.
Baş redaktor Müraciətinin sonunda,
əlavə olaraq, onu da qeyd edib ki, “Gündəm Xəbər” qəzeti bir ildən artıq müddətdir ki, fəaliyyətini məcburi şəkildə dayandırıb. Qəzet rəhbəri, buna da əsas səbəb kimi, Əli Həsənov başda olmaqla, Vüqar Səfərlinin və bu sahəyə məsul olan digər şəxslərin həmişə bu qəzetə qarşı qərəzçilik mövqeyində durmalarını göstərib: “Cənab Prezident! Bu gün qəzetimizi yenidən çap etmək və geniş ictimaiyyətin təkrar görüşünə gəlmək istəyində olsaq da, maliyyə çatışmazlığı bizə belə bir addımı atmağa heç cür imkan vermir. Ona görə də, kollektivimiz adından yazıb Sizdən xahiş edirəm ki, məmur qərəzi məngənəsində iflic edilən qəzetimizin fəaliyyətinin bərpa olunması və bizə lazım olan köməkliyi etməsi üçün, KİVDF-yə öz ciddi göstərişlərinizi verəsiniz! Edəcəyiniz köməyə görə, Sizə, qabaqcadan minnətdarıq!”.

Rüfət RƏHMANOĞLU,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.