WhatsApp Image 2020-07-07 at 05.25.18.jpg

Rayon Məşğulluq Mərkəzinin müdiri qanun çərçivəsinə sığmayan əməllərini davam etdirməkdən çəkinmir

Bir müddət əvvəl Ucar Rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qanunsuz və ağlasığmaz əməllərindən şikayətçi düşən ucarlılar, indi də, onun şantaj və hədə-qorxuları ilə üz-üzədirlər. Mərkəz rəhbərinin yaratdığı narahatlığın daha bir acısını yaşayan bir qrup rayon sakini tərəfindən araz.az-a göndərilən növbəti şikayət məktubu da, elə, bunlar barəsindədir. Vəli Məmmədovun, Kəklik və Esmira Əliyevaların, Böyükxanım Nəsibovanın, Qadir Qasımovun, Yaqub Səlimovun, Ehtiram Cəlilovun, Sona Kərimovanın, Səməd İbrahimovun, Rafiq Hüseynovun, Nazilə Qasımovanın, Sənan Əzizovun və Nəbi Həsənovun imzaları ilə təsdiqlənib, redaksiyamıza ünvanlanan bu məktubda, şikayətçilər, öncə qeyd edirlər ki, həmin rayon sakinləri mərkəzin müdiri Samir Nuriyevin xoşagəlməz əməllərindən bəhs edən şikayət ərizələrini bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriblər: “Lakin onların şikayət ərizələrində göstərilən ciddi faktların araşdırılıb, tədbir görülməsi üçün, Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin özünə göndərildi. Müdir də, etmədi tənbəllik və həmin şikayətçilərin hamısını iş otağına çağıraraq, video- çəkliş edib, qarşılarında şikayətiçi olmadıqları, ərizələrini isə, qərəzli yazdıqlarını izahatlarında qeyd etmələri tələblərini qoydu.

Hətta, onda, müdir onları ağ kağıza imza atmağa da məcbur etmək istəyitdi. Əks təqdirdə, şikayətçilərin hamısını prokurorluğa verib, həbs etdirəcəyi ilə hədələyirdi”.
Şikayətçilər öz məktublarında, İlk növbədə, xüsusi olaraq onu vurğulayırlar ki, rayon sakinlərinin çoxsaylı şikayət məktublarında göstərilən xoşagəlməz halların, ciddi faktların araşdırılması üçün, həmin məktubları Samir Nuriyevin özünə göndərən mərkəzi orqanın özü də, kobud qanun pozuntusuna yol verib: “Axı, haqqında şikayət olunan bir məmurun özü, özünün qanun çərçivəsinə sığmayan bəd əməlləri barədə hansı ciddi araşdırma aparıb, hansı ciddi tədbiri görə bilər?! Bir də ki, belə şikayətlər onun üçün artıq adiləşib. Çünki 2019-cu ilin dekabr ayının 29-dan Ucar Rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsinə təyin olunan bu kreslo sahibi, buna qədər də, vəzifələr görüb. O, Kürdəmir Rayon Arxiv İdarəsinin müdiri olanda da, haqqında yaxşı heç bir söz deyilməyib. Özünün pis iş metodları ilə, yaddaşlarda qalıb. Ucar Rayon Məşğulluq Mərkəzinə müdir vəzifəsinə təyin olunduğu vaxtdan da, belə tanınır. O, bu vəzifə kreslosunu ələ keçirən gündən hər bir iş, hər bir sənəd üçün, yeni qiymətlər təyin edib. Bunun təsdiqi olaraq, yalnız onu demək kifayətdir ki, işə qəbul üçün qiymət, işin asanlığından asılı olaraq, 1500-3000 manat arasında dəyişir. Özünüməşğulluq proqaramına qoşulmağı isə, 1000 manata başa gətirə bilənlər Allaha dua edirlər. Pul verməyib, özünüməşğulluğa qoşulanlara isə, onun göstərişi ilə, xəstə keçilər verilir ki, onlar da, tezliklə tələf olurlar.
Bu yerdə, onu da qeyd etməyi lazım bildik ki, illərlədi, Ucar Rayon Məşğuluq Mərkəzində işsiz kimi qeydiyyata alınan yerli sakinlər var ki, rüşvət verməyə maddi imkanları olmadığı üçün, indiyə qədər işsiz qalıblar. Ancaq istədiyi pulu Samir Nuriyevə verən şəxs, işsiz kimi qeydiyata alınıb, dərhal işlə təmin olunur.
Bunu subut etməyin də çox asan və sadə yolu var. Yetər ki, 2020-ci ilin yanvar ayından Ucar rayonunda işə qəbul olunan şəxslərin işsiz kimi qeydiyyata nə vaxt alındıqları yoxlanılsın. Lakin çox adamlar var ki, uzun illərdi işsiz kimi qeydiyyatdadırlar. Di gəl ki, istənilən rüşvəti verə bilmədikləri üçün, onlara daha ağır fiziki güc, eləcə də daim günün altında olmağı tələb edən iş yerləri təklif olunur. Ancaq istənilən rüşvəti verənlər, dərhal işsiz kimi qeydiyyata alınaraq, qısa bir müddət ərzində ən yüngül və maaşı çox olan işlə təmin olunurlar.
Özünüməşğulluq proqramı ilə aktivlər — iri və xırda buynuzlu heyvanlar alan şəxslərin çoxunun yaxşı həyətyanı sahəsi, mal-qarası, qoyun-quzusu, avtomobili, üstəlik, yaxşı gəlirləri var. Ancaq həmin şəxslər Samir Nuriyevə verdikləri rüşvət hesabına, özünüməşğulluq proqramına qoşularaq, aktivlərlə təmin olunurlar. Rüşvət vermiş şəxslərin həyətyanı sahəsinə baxış keçirmək kifayətdir ki, bunun şahidi olasan. Lakin bunu etməyə məcbur yüksək vəzifəli komissiya üzvləri, bu zaman “bığı altdan keçmə” olur deyə, hər şeyi görməməzliyə vurub, bu barədə yalan və qanunsuz aktlar tərtib edirlər. Beləcə, bu aktivlərə sahib olmaq, eləcə də iş tapmaq arzumuz puça çıxır. Nəticəsi isə, göz qabağındadır — kasıblığın daşını uzun zamandır ata, normal yaşaya bilmirik”.
Məktub müəllifləri şikayətlərinin sonunda onu da bildirməkdə israrlıdırlar ki, Samir Nuriyev bu vəzifə başında az müddət ərzində olmasına baxmayaraq, çəkinmədən talan etdiyi külli miqdarda dövlət vəsaiti hesabına yaxşı varlana bilib: “Psixoloji cəhətdən probleminin olduğu yüz faiz təsdiqini tapan bu adamın buna necə nail olması isə, rayon əhalisi tərəfindən, onun hiyləgərlik və biclik xasiyyətinə malik kreslo sahibi olması ilə izah olunur. Axi, başqa cür də ola bilməz, çünki anormal kobud hərəkətləri, vətəndaşlarla yerisz mübahisələri, hətta onlarla əlbəyaxa davalara çıxması rayon sakinlərini bezdirib. Əgər biclik və hiyləgərlik sarıdan bəxti gətirməsəydi, vəzifə də tuta bilməzdi. Deməli, bu xüsusiyyətləri var ki, o, hətta, idarə etdiyi olduqca bahalı şəxsi minik avtomobilini görməsinlər deyə, mərkəzin binasının qarşında deyil, həmişə ona yaxın yaşayış binalarının arasında saxlayır. Belə bir xasiyyət və xüsusiyyətlərə malik vəzifə sahibi ilə dil tapmaq, bizim üçün, olduqca çətindir. Bu səbəbdən, məktubumuzu ölkə başçısı möhtərəm İlham Əliyev cənablarına və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya, eləcə də, bir daha, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə göndərmək qərarına da gəlmişik. Əvvəlcədən isə, mətbuat vasitəsi ilə, şikayətimizi onlara çatdırmağı lazım bildik. Ona görə ki, öncə onlardan media vasitəsi ilə bir daha xahiş edəcəyik ki, heç olmasa bu şikayət məktubumuzda göstərilənlərin araşdırılmasını və icrasını, barəsində şikayət etdiyimiz Ucar Rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin özünün üstünə göndərib, günahkarın özünə həvalə etməsinlər”.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.