Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) beynəlxalq təşkilatları Ermənistan rəhbərliyini və silahlı qüvvələrini Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi növbəti təcavüz aktına görə sərt şəkildə qınamağa çağırıb.
AZƏRTAC bəyanatın tam mətnini təqdim edir:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisinə qarşı növbəti təcavüzü barədə beynəlxalq təşkilatlara ünvanladığı
BƏYANAT
İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub və Ermənistanla Azərbaycan arasında dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub.
Qısa müddət ərzində iki yüksək rütbəli hərbçi də daxil olmaqla on bir Azərbaycan hərbçisi şəhid olub. Bir neçə əsgər yaralanıb. Qeyd etmək lazımdır ki, Tovuz rayonu 1991-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində qanunsuz olaraq işğal edilən Qarabağ bölgəsi və ətraf 7 rayona daxil deyil.
Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquq və prinsiplərə məhəl qoymadan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək və genişləndirmək niyyətini açıq şəkildə bəyan edir.
Atəşkəs rejimi elan olunandan bəri Ermənistan həm Azərbaycan silahlı qüvvələrinin mövqeləri, həm də mülki yaşayış məntəqələri istiqamətində atəşkəs rejimini davamlı şəkildə pozub. 2017-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı qız və nənəsi öldürülüb. Təkcə 2019-cu ildə sərhəddə 6 vətəndaş qətlə yetirilib.
Hər kəsin koronavirus pandemiyası ilə mübarizə apardığı bu çətin dövrdə Ermənistan rəhbərliyi ölkələrindəki sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirməyə çalışaraq cinayət törətməyə davam edir. Ermənistan, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini uzun illərdir Azərbaycana məxsus Dağlıq Qarabağ və ona bitişik 7 rayonunun qanunsuz işğalından yayındırmaqla münaqişəyə yeni istiqamət verməyə çalışır. Üstəlik, bu açıq şəkildə KTMT-nin nüfuzunu qlobal miqyasda artıraraq ikitərəfli münaqişəyə cəlb etmək cəhdidir. Unutmayaq ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 1,2 milyondan çox qaçqın və məcburi köçkün hələ də doğma yurdlarına qayıda bilmir.
Son iki gündə Ermənistan silahlı qüvvələri dəfələrlə Azərbaycanın qərbində yerləşən Tovuz rayonunda dinc kəndləri bombalayaraq, 120 mm-lik minaatanlardan və D-30 tipli haubitsalardan istifadə edərək mülki şəxslərin həyatını təhlükə altında qoyur və qətlə yetirir. Tovuzda artilleriya atəşi nəticəsində 10-dan çox yaşayış binasına ciddi ziyan dəyib. İyulun 14-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonunun atəşə tutulması nəticəsində 76 yaşlı vətəndaş Əziz Əzizov həlak olub. Ermənistanla 29 km uzunluğunda sərhədə malik Qazax rayonunun qərbində yerləşən Xanlıqlar kəndi də erməni hərbçiləri tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Ötən gün Ermənistan Cenevrə Konvensiyasının 18-ci maddəsini pozaraq Tovuz Mərkəzi Xəstəxanasına hücum edib.
Azərbaycan bir neçə onilliklər boyu münaqişəni sülh yolu ilə, beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həll etməyə çalışsa da, Ermənistan bütün danışıqlar prosesini pozaraq atəşkəsi davamlı olaraq pozur. İndi biz Ermənistan rəhbərliyinin Azərbaycan ərazilərini ələ keçirmək kimi tamamilə qəbuledilməz olan yeni bir məqsədlə hücuma keçdiyini görürük. BAMF, Ermənistanın təcavüzkar və qəddar hərəkətlərini kəskin şəkildə pisləyir və beynəlxalq birliyi, BMT-ni, sülhməramlı təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, Avropa ictimaiyyətini Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı açıq mövqe sərgiləməyə və Ermənistan silahlı qüvvələrini azərbaycanlı mülki şəxslərə hücumlarına görə qəti şəkildə qınamağa çağırır. Nəhayət, təcavüzkar və işğalçıya qarşı konkret tədbirlər görülməlidir. Əgər Beynəlxalq birlik reaksiya verməsə, bu qarşıdurma regional təhlükəsizlik üçün ciddi hədə olmaqla Ermənistan və Azərbaycan arasında genişmiqyaslı toqquşmaya səbəb ola bilər.
Təşəkkür edirəm
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
araz.az xəbər portalı.