Ermənistan Azərbaycana qarşı təcavüzünü, indi də, Tovuz istiqamətindəki dövlət sərhəddində törətdiyi təxribatlarla davam etdirdiyinə görə, respublikaçılar ALİ BAŞ KOMANDANIN HƏR BİR ƏMRİNƏ HAZIR OLDUQLARINI BƏYAN EDİRLƏR
Sübut ƏSƏDOV,
AZƏRBAYCAN RESPUBLİKAÇILAR PARTİYASININ SƏDRİ.
(İKİNCİ YAZI)
Şahidi olduğumuz son olaylarda və dövlət səviyyəsində görülən əksər işlərdə Dağlıq Qarabağ probleminin önəmli yer tutması artıq öz lazımi effektini verməkdədir. Baxmayaraq ki, bu münaqişənin arxasında Rusiya kimi hegemon bir ölkə durur və problemin əsas səbəbkarı Ermənistan məsələ ilə bağlı müstəqil qərar verə bilmir.
Məlum olduğu kimi, iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından mövqelərimizi atəşə tutdular. Görülən adekvat tədbirlər nəticəsində, şanlı ordumuz düşmənə ağır zərbələr endirdi və daşnak tör-töküntüləri ciddi itkilər verərək, geri oturduldu. Bütün bunlar, Azərbaycan Respublikaçılar Partiyasının coxminlik ordusuna böyük vətənpərvərlik ruhu verdi — hamı bir nəfər kimi, düşmənlə davaya ruhlandı. İndi hamı düşmənlə vuruş üçün ön cəbhəyə getməyə hazırdır. Yetər ki, bu barədə cənab Ali Baş Komandanın bir göstərişi olsun!
— İyulun 12-sindən Ermənistan hərbçilərinin Tovuz rayonu ilə həmsərhəd Tavuş bölgəsindən törətdikləri növbəti təxribatlarına qarşı Azərbaycan Ordusu öz layiqli cavablarını verməkdə davam edir. Rəsmi Yerevan Ermənistana aid itkiləri gizlətsə də, Feysbuk səhifələrində düşmən ölkə vətəndaşlarının yazışmalarından aydın görünür ki, qarşı tərəf yüz nəfərdən çox canlı qüvvə tələfatı verərək, artıq geri çəkilir;
— Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan cavab xarakterli video-görüntülərdə düşmən mövqelərinə güclü zərbə endirildiyi əksini tapıb. Bütün bunlar ona işarədir ki, erməni terrorçuları tərəfindən xeyli sayda canlı qüvvə və hərbi texnika məhv edilib;
— Erməni tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması, Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə, daxili narazılığın getdikcə sürətlə artdığı bir dövrə təsadüf edir. Paşinyan hökuməti yalan dolu təxribatlarla xalqın başını qatıb, beləcə müxalif qüvvələri də susdurmağa çalışır;
— Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq, son zamanlar ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırıb, Azərbaycanın düşmən obrazını qabardaraq, erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir;
— Ermənistanın atəşkəsi kobud şəkildə pozması, hələ də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmayıb. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik də, bu ciddi məsələyə münasibət bildirməyib;
— Artıq, bu, heç kəsə sirr deyil ki, Ermənistan tərəfi dünya ictimaiyyətinin COVİD-19 pandemiyası dövründə bütün münaqişələrin dayandırılması çağırışına məhəl qoymayaraq, beynəlxalq səviyyədə əldə edilən centilmensayağı razılığı kobudcasına pozur;
— Şəhidlərimizin dəfn olunduğu rayonlarda hərbçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət, dərin ehtiram və sevgilərlə qarşılanıb. İnsanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər. Bu ağır günlərdə, həm də əsl Ordu-Xalq Vəhdəti nümayiş etdirilir;
— Prezident İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi, Təhlükəsizlik Şurasının iclasını keçirdi. Azərbaycan tərəfi bununla bir daha nümayiş etdirdi ki, torpaqlarının işğalı və hansısa xarici ölkə hərbi qüvvələrinin öz ərazilərində mövcudluğu ilə heç vaxt barışmayacaq;
— Azərbaycan dövlətinin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycan tərəfi danışıqlar aparmaq xatirinə danışıqlar aparmayacaq. Danışıqların nəticəsi olaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz geri qaytarmalıdır. Əks təqdirdə, geniş miqyaslı hərbi əməliyyatların olması qaçılmazdır;
— Qardaş Türkiyə Cümhuriyyəti də, Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınadı və hər zamankı kimi, Azərbaycanın yanında olduğunu bildirdi. Türkiyə Xarici İşlər Nazirliyi bu təxribatdan dərhal sonra, 12 iyul tarixli, 149 saylı Bəyanatı ilə, Ermənistan tərəfinin təxribatını kəskin pislədi;
— İran İslam Respublikasının Xarici İşlər Nazirliyində mətbuat katibi vəzifəsini tutan Seyyid Abbas Musəvi, atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirib və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təkrarlayıb;
— İyulun 13-dən 14-nə keçən gecə, Azərbaycan — Ermənistan sərhədinin Tovuz istiqamətində erməni qüvvələrin bir gün öncəki təxribatından sonra, şiddətli döyüşlər davam etdi. Düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edildi. Qarşı tərəf canlı qüvvə ilə 100 nəfərdən çox itki verərək, geri çəkilməyə məcbur oldu;
— Ağır döyüşlər zamanı ordumuz da itkilər verib. General-mayor Polad Həşimov, onunla bərabər bir neçə zabit və əsgər şəhid olub. Generalın döyüş əməliyyatları zamanı şəhid olması, birbaşa, Azərbaycan generallarının əsgərlərlə birgə ön cəbhədəki döyüşlərdə Vətəni bərabər qoruduqlarını göstərir. Böyük Allah hərbçilərimizə bir daha rəhmət eləsin! Şəhidlərin qanı yerdə qalmayacaq!;
— Ermənistan tərəfdən Azərbaycanın Tovuz rayonu istiqamətində açılan artilleriya atəşləri nəticəsində Ağdam kəndinin sakini, 76 yaşlı Əziz İzzət oğlu Əzizov həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları qətlə yetirmək faşizmin və barbarlığın əyani təzahürüdür.
Ermənistan ordusu da özünü daha çox terrorçu təşkilat kimi aparır. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin ən aşkar və bariz nümunəsidir. Ermənistan tərəfi bilərəkdən artilleriya qurğularını mülki insanların yaşadığı kəndlərin yaxınlığına yerləşdirib ki, Azərbaycan Ordusu cavab atəşi açdıqda, bunu, mülki obyektlərin hədəf götürülməsi kimi təqdim etsin. Bu məsələnin diqqətdə saxlanılması vacibdir. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına rəğmən, düşmən danışıqların da formatını kobud şəkildə pozur;
— Ermənistan ordusunda ruh düşkünlüyü çox yüksəkdir. Zabitlər və əsgərlər döyüşməkdən imtina edib, qaçmaq istəyirlər. Lakin onlar məcburən saxlanılır və ya həbs edilirlər. Bunu erməni ordusundakı təlaşı, nəzarətsizliyi əks etdirən və dünyaya yayılan onlarla video-görüntülər də təsdiqləyir. Bu kimi videoları təkcə sadə ermənilər deyil, ordu zabitlərinin özləri də yayırlar;
— Neçə gündür başlayan bu döyüşlər onu göstərir ki, Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Bu, ordu, artıq, 90-cı illərin pərakəndə döyüşçü yığımı dəstələri yox, yüksək hazırlıqlı nizami ordudur. İndi güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan – Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir;
— Srağagün gecə minlərlə insanın iştirakı ilə paytaxtın müxtəlif yerlərində möhtəşəm aksiyalar keçirildi. İştirakçılar Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına, dövlətə dəstəklərini ifadə edərək, əllərində Azərbaycan Bayrağı dövlət himnini oxuyaraq, “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirdilər. Belə dəstək aksiyaları Xırdalanda, Sumqayıtda və ölkəmizin digər bölgələrində də keçirildi. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksək, Xalq-Ordu Vəhdəti sarsılmazdır! Xalq dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyir;
— Bütün bu möhtəşəmliklərlə belə, bir qrup insan isə, aksiyanın gedişi zamanı vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışdı. Aksiyaçıların əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək, evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etmədi və orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq, qeyri-qanuni Milli Məclisin binasına daxil oldu. Bu qrupda birləşənlər binaya ağlagəlməz zərərlər vurdular. Onlar hərəkətlərini müşahidə edən jurnalistlərə qarşı da zorakılıq etdilər. Beləcə, Milli Məclisin foyesində peyda olan həmin təxribatçı gənclər “Allahu-Əkbər” şüarları qışqıraraq,
vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini başqa səmtə dəyişməyə çalışdılar. Yüz faiz əmin olmaq lazımdır ki, dövlətimiz belə təxribatların qarşısını qətiyyətlə almağa qadirdir və həmin təxribatçıların — “beşinci kolon” dediyimiz bir qurumun nümayəndələrinin hamısını tezliklə məyyənləşdirib, hüquq müstəvisində cəzalarını verəcək;
— Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərini, BMT-ni, Avropa Birliyini, aidiyyəti üzrə digər beynəlxalq təşkilatları Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki əhalinin ağır silahlardan bombalanması ilə bağlı məlumatlandırsa da, Ermənistana qarşı heç bir təzyiq edilmir. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, erməni hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar;
— Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan özünün Azərbaycandan zəif olduğunu dərk edir. Buna görə də, KTMT-ni münaqişəyə cəlb etmək üçün, Ermənistan tərəfi atəşkəs rejimini Dağlıq Qarabağ ərazisində deyil, Azərbaycan – Ermənistan sərhədini Tovuz rayonu istiqamətində pozur. Ermənistan ümid edir ki, sərhəddə baş verən münaqişəyə KTMT qurum kimi və ona üzv dövlətlər daha tez reaksiya verə bilərlər. Amma təxribatçı erməni rəhbərlərinin gözlədiyi kimi olmadı, KTMT və üzv dövlətlər olduqca təmkinli davrandılar və tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırdılar;
— Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Tovuz istiqamətindəki dövlət sərhədində törətdiyi son təxribatları ilə əlaqədar ölkənin 43 siyasi partiyasının milli həmrəyliyə dair Bəyanatı yüksək qiymətləndirilməlidir. Həmin Bəyanatda əsas olaraq deyilir ki, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiklərini bəyan edirlər. Partiyalar bu Bəyanatlarında xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyir və şərəfli tarixi olan Ordumuzla qürur duyduqlarını, onunla hər zaman bir olduqlarını ifadə edirlər: “Möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik!”.
Siyasi əqidəsindən və mövqeyindən asılı olmayaraq, həmin siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etdirmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları hamıya nümunə, düşmənə göz dağıdır. Bu, həm də təxribatçı ‘beşinci kolon”un vəziyyəti gərginləşdirməyə çalışması qarşısında qətiyyət nümayiş etdirmək deməkdir!..
…Ölkədəki son proseslərin və siyasi olayların yuxarıdakı qısa tezisləri də ona işarədir ki, Azərbaycan güclü dövlətdir. Əldə etdiyi təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah göstəriciləri müstəqillik dövrünün ən böyük nailiyyətidir. Məhz buna görə də, biz vətəndaşlar, DÖVLƏTİMİZİN xalqın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərin qanı bahasına qazandığı uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də, istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Bu həssas məqamda hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün, bütün səylərimizi səfərbər etməliyik.
araz.az xəbər portalı.