Qafar CakmakliErmənişünas-alim, Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Qafar müəllim, iyulun 12-dən Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı nəticəsində cəbhədə vəziyyət yenidən gərginləşdi. Niyə təxribat Dağlıq Qarabağda yox, Tovuzda törədildi?

– Məlumdur ki, işğalçı ölkə əsas hədəfdən – Dağlıq Qarabağ münaqişəsindən yayınmaq üçün müxtəlif üsullara əl atır. Tovuz rayonunda baş verən bu insident də əsas hədəfdən yayınmaq cəhdlərindən biridir. Çünki son zamanlar Azərbaycan cəmiyyətində və hakimiyyətində Dağlıq Qarabağın azad olunması ilə bağlı fikirlər səsləndirilmişdi və anti-terror əməliyyatlarının keçirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdü. Bu da onunla əsaslandırılmışdı ki, 1994-cü ildən bəri ATƏT-in Minsk qrupuna həvalə olunmuş məsələ həll olunmamış qalır. Yəni Azərbaycanla Ermənistan arasındakı bu münaqişənin həlli ilə bağlı heç bir addım atılmayıb. Buna görə də Azərbaycan cəmiyyəti haqlı olaraq tələblər irəli sürdü ki, Dağlıq Qarabağda anti-terror əməliyyatları keçirilsin və işğal altındakı torpaqlarımız azad edilsin.

Əslində hakimiyyət də bu məsələni həll etmək üçün qərarlı addımlar atmaqda idi. Dəfələrlə dövlət başçısı belə fikirlər səsləndirmişdi ki, biz heç vaxt Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına izin verməyəcəyik. Azərbaycanda bu yöndə siyasi baxışlar formalaşmışdı. Təbii ki, erməni cəmiyyəti bundan narahat idi. Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın qərarlı addımlar atmasından ehtiyatlanaraq hadisələri başqa bir səmtə yönəltməyə cəhdi etdi.

– Erməni mətbuatının və müstəqil ekspertlərin mövcud vəziyyətlə bağlı qənaətləri necədir?

– Müxtəlif vaxtlarda ermənilərin necə bir cəmiyyət olduğu barədə fikirlər bildirmişəm. Ermənilər həddən çox şovinistləşmiş, milliyyətçilik xəstəliyinə düçar olmuş bir cəmiyyətdir. Belə bir toplumdan obyektiv bir fikir gözləmək ağılsızlıq olardı. Çünki ermənilər Azərbaycanın haqlı davasına, işğal altındakı torpaqlarının geri qaytarılmasına heç vaxt fikir bildirməyib. Hələ onlarda belə bir fikir olmayıb ki, biz başqalarının torpaqlarını işğal etmişik, geri qaytaraq və bölgədə bir barış, sülh olsun. Bu mənada erməni cəmiyyətindən hər hansı bir obyektiv qərar gözləmirəm.

Son zamanlar istər yerli, istərsə də xarici mətbuatda erməni ekspertlərin fikirləri yer alır. O çıxışlarda da Azərbaycan təcavüzkar ermənilərə atəş açan tərəf kimi göstərilir. Dünya ictimaiyyətinə o fikri təlqin etməyə çalışırlar ki, Azərbaycan Ermənistanı blokada vəziyyətində saxlayır və ölkənin iqtisadi inkişafına əngəl törədir. Ermənilər dünya ölkələrinə bu istiqamətə mesaj göndərirlər ki, Azərbaycana qarşı hər hansı sanksiyalar tətbiq edilsin. Hətta erməni ekspertlərdən biri 907-ci düzəlişi yada salır və Azərbaycana qarşı belə bir sanksiyanı yenə də gündəmə gətirməyə çalışırlar.

Xatırladım ki, bu, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Nə erməni, nə digər dillərdə olan mətbuatda erməni analitiklərinin obyektiv fikirlərinə rast gəlmişəm.

– Ermənilər ölən hərbçilərin sayını niyə gizlədir? Ümumiyyətlə, cəbhədəki itkilərlər bağlı konkret rəqəmlər varmı?

– Erməni mətbuatını izləyirəm, orada yayımlanan videolarda fərariliyin geniş vüsət aldığı göstərilir. Həmçinin cəbhə boyu yaşayan erməni əhalinin təşviş içində olduğu kadrlarda yer alır. Amma cəbhədəki ölümlərlə bağlı konkret həqiqəti əks etdirən rəqəmlər yoxdur. Rəsmi məlumatlara görə, iyulun 12-də başlayan əməliyyatlarda 4 erməni hərbçi həlak olub. Son günlərdə bir neçə nəfərin də öldüyü xəbəri verildi. Amma ermənilərin sosial şəbəkələrdəki paylaşımlarında ölüm sayının daha çox olduğu yazılır.

Hesab edirəm ki, Ermənistan informasiya müharibəsində yenilməmək və əhalisini təşvişdən qurtarmaq üçün ölüm faktlarını gizlədir. Bu faktlar əsgər yaxınlarının küçələrə axışıb öz yaxınları barədə məlumat almaq istəyəndə üzə çıxacaq. Belə məlumatlar da verilmir. Bu da onu göstərir ki, erməni hökuməti bu məsələdə obyektiv deyil.

– Həm İran, həm də Rusiya Ermənistanla Azərbaycan arasında vasitəçilik təklifi ilə çıxış edib. Bu təşəbbüsləri necə qiymətləndirirsiniz?

– Biz həm İranın, həm də Rusiyanın vasitəçilik etdiyi dövrü yaşamışıq. Bu, uzaq bir tarix deyil. İranın vasitəçiliyi ilə Şuşanı itirmişik. Rusiyanın vasitəçiliyinin də nə demək olduğunu çox gözəl anlayırıq. Hesab edirəm ki, bu insidentin arxasında duran dövlətlərdən biri Rusiyadır. Rəsmi Moskvanın Azərbaycanla bağlı öz maraqları var.

Məlumdur ki, Tovuz rayonu önəmli strateji koridordur. Bakı-Tiflis-Ceyhan neft kəməri və TANAP qaz boru xətti Tovuz rayonu ərazisindən keçir. Eyni zamanda gələcəkdə müəyyən layihələrin buradan keçəcəyi ilə bağlı planlar da var. Buna görə Rusiyanın vasitəçiliyini yaxın qoymaq olmaz.

Nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanın tərəfindədir və bu dövlətlər arasında ikitərəfli hərbi ittifaq var. Eyni zamanda digər bir anlaşma da 49 illiyə bağlanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) çərçivəsində aparılmaqdadır. Bu təşkilata da Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan daxildir. Bu çərçivədə biz Ermənistanın müttəfiqini vasitəçi olaraq qəbul etsək, Rusiya öz maraqlarını həyata keçirməyə çalışacaq. Rusiyanın əsas məqsədlərindən biri, bölgədə öz hərbi varlığını yaşatmaq və buraya ordusunu hansısa formada yerləşdirməkdən ibarətdir. Buna qətiyyən izin vermək olmaz.

İran da zaman-zaman Ermənistana yardımlar edir, dəstək verir. Buna görə də bu iki dövlət vasitəçilikdə istisna olunur.

Əgər vasitəçilikdən söhbət gedirsə və belə bir alternativ qaçılmaz olarsa, Azərbaycanın ən böyük vasitəçisi, ən böyük dayağı Türkiyə ola bilər. Düşünürəm ki, Azərbaycan Türkiyə ilə çox ciddi danışıqlar aparmalıdır. Konfederativ əsaslarla dövlətlərin bütövləşməsi olmalıdır. Çünki Azərbaycanın indiki durumu və gələcəkdə olan təhlükələrin qarşısını almaq üçün olduqca vacib bir addım atılmalıdır. Türkiyə ilə konfederativ əsaslarda bütövləşməkdən başqa yolumuz yoxdur. Bu fikrimi də Azərbaycan cəmiyyətinin müəyyən təbəqələri dəstəkləyir.

– Hazırda Ermənistana açıq dəstək göstərən ölkələr varmı?

– İndiki halda Ermənistanın bu təcavüzkar hərəkətinə açıq dəstək verən ölkələri görmürəm. Bu da bizim çox böyük üstünlüyümüzdür ki, Ermənistanın bu təcavüzü dəstəklənmir. Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul olunub. BMT-yə üzv ölkələr bu qətnamələrin yerinə yetirilməsinə çalışmalıdırlar.

Amma biz bilirik ki, Ermənistanı müdafiə edən imperialist güclər var. Bu dövlətlər Tovuz hadisələrində açıq şəkildə ortaya çıxmasalar da, bəllidir ki, onların bəziləri Ermənistanın arxasında olacaq.

– Bəs Azərbaycana necə?

– Bu məsələdə Azərbaycanı dəstəkləməyən dövlətlər elə Ermənistanın yanında olan deməkdir. Ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət edib özlərinin haqlı olduğunu göstərməyə çalışırlar. Təcavüz nəticəsində mülki vətəndaşlarımızın, generalımızın şəhid edilməsi Ermənistanın haqlı olduğunun göstəricisidirmi?

Ermənistanı dəstəkləyən ölkələr müəyyən mənada tərəddüd içərisindədir. Vəziyyət durulandan sonra kimin Azərbaycanın, kimin Ermənistanın tərəfində olduğu aydınlaşacaq. Amma Türkiyə və Pakistan açıq şəkildə Azərbaycanın yanında olduqlarını bildiriblər. Ermənistan bilməlidir ki, onun bu təcavüzünün dərsi çox ağır ödəniləcək.

– Son hadisələrə xaricdə yaşayan soydaşlarımızın dəstəyini necə dəyərləndirirsiniz?

– İndiyə qədər Azərbaycandan kənarda olan soydaşlarımız, o cümlədən Güney Azərbaycanda yaşayan 35 milyondan çox cənublu qardaşlarımız tərəfindən heç vaxt bu dərəcədə dəstək olmamışdı. Azərbaycana hədsiz dərəcədə çox böyük dəstək var. Hətta Moskva bazarlarında olan soydaşlarımız ermənidən mal almamaqla bu dəstəklərini bildirirlər. Bu, çox qürurvericidir.

İki aydan çoxdur ki, mənim sədrliyimlə Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurası fəaliyyət göstərir. Bu məsələdə öz mövqeyimizi ortaya qoymuşuq. Bəyanat vermişik ki, Azərbaycan dövlətinin, hakimiyyətinin bu məsələdə tutduğu mövqeyi dəstəkləyirik və hər cür töhfə verməyə hazırıq. Qərbi Azərbaycanda, Rusiyada, Qazaxıstanda, Türkiyədə olan insanlar bizə zəng edib Azərbaycanın haqlı davasına dəstəklərini bildirirlər. Bu o deməkdir ki, Azərbaycan xalqı Dağlıq Qarabağı heç vaxt unutmayacaq və ərazi bütövlüyünün təmin olunması üçün əlindən gələn hər şeyi etməyə hazırdır.

İndiyə qədər Ermənistanda belə bir ovqat var idi ki, Dağlıq Qarabağ məsələsi onların xeyrinə həll olunub. Tovuz olayları bu fikri tamamilə dəyişdirib. Artıq ermənilər inandılar ki, torpaqlarımızı tərk etməsələr, biz İrəvana qədər gedib onların dərsini verəcəyik və Qafqazda ermənilərin vəziyyəti çox pis olacaq. Ermənilərin ideoloji aparıcıları da artıq fərqli fikirlər söyləməyə başlayıblar.

araz.az xəbər portalı.