Mətbuat Şurası qocaman jurnalist Teymur Əhmədovun 90 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirib
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə qocaman jurnalist, “Respublika” qəzetinin Baş redaktoru Teymur Əhmədovla bağlı “XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyyətinə bir nəzər” kitabının onlayn rejimdə təqdimatı keçirilib. Baş redaktorun 90 illik yubileyinə həsr olunmuş toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. araz.az-a qurumdan daxil olan məlumatda bildirilir ki, təqdimat mərasimini giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, “XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyyətinə bir nəzər” kitabı “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində yenicə çapdan çıxıb. O, milli ətbuatımızın 145 illik yubileyi öncəsi ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş qocaman qələm sahibi haqqında belə bir nəşrin ərsəyə gəlməsini əlamətdar hal kimi dəyərləndirib.
Ə.Amaşov vurğulayıb ki, 90 yaşlı yubilyar, “Respublika” qəzetinin baş redaktoru T.Əhmədov nəinki ölkənin media cameəsinin, həmçinin elm ictimaiyyətinin sevimlisidir. Bu yüksək statusu isə həm peşəkar jurnalistliyi, həm də tədqiqatçılığı ilə qazanıb. “Teymur müəllim həm də fədakar ziyalı obrazıdır. O, özünün dözümlülüyü, qətiyyəti və prinsipiallığı ilə istər sovet dövrü, istəsə də müstəqillik dövrü ictimai fikir tariximizə müstəsna töhfələr verib. Kitabın adına diqqət yetirirəm. XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi önə çəkilir. Onu deyim ki, mübarizə XIX-XX əsrlərin qovşağında da olub. Bunu müəyyən mənada alın yazısı kimi qiymətləndirmək mümkündür. Bizə məlumdur ki, həmin mübarizədə hansı ziyalılarımız öndə idilər. Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı,Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu. Siyahını genişləndirmək də mümkündür. Bu adamlar xalqın milli mənlik şüurunu oyatdılar. Həm yad təmayüllərə qarşı etiraz formalaşdırdılar, həm də etiraza ictimai-siyasi motiv gətirdilər, bir növ, onu dolğunlaşdırdılar. Nəticə etibarilə proseslər milli dövlətçiliyin yaranmasına, 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin timsalında itirilmiş dövlətçilik ənənələrinin bərpasına doğru apardı. Hesab edirəm ki, mətbuatımız eyni missiyanı XX əsrin sonlarında təkrarladı və o dövrdə öndə gedən ziyalılarımız oldu ki, onlardan biri də bu gün 90 illik yubileyini qeyd etdiyimiz Teymur Əhmədov idi. Bəli, həqiqtən də Əli bəy Hüseynzadənin “Füyuzat”ı, Cəlil Məmmdəquluzadənin “Molla Nəsrəddin”i hansı rolu oynamışdısa, Teymur müəllimin nəşrinə rəvac verdiyi “Ata yurdu”, “Vətən səsi”, “Elturan”, “Vətən həsrəti” və sair nəşrlər də eyni missiyanı daşıdılar. Onlar xalqı müstəqil dövlət qurmağa inandırdılar, müstəqillik ruhuna köklədilər. Bu mənada Teymur müəllimin xidmətləri olduqca böyükdür”, – deyə MŞ sədri əlavə edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, çoxşaxəli yaradıclıq diapazonuna malik yubilyar qələm sahibi jurnalistikanın gücünü dövlət və ictimai maraqlar naminə səfərbər edə bilməyin canlı nümunəsidir. O, T.Əhmədovun eyni zamanda alim və tədqiqatçı kimi son dərəcə üstün keyfiyyətlərə malik olduğunu önə çəkərək bildirib ki, onun fədakarlığı, vətənpərvər yanaşması nəticəsində Azərbaycanın ümumən XX əsr tarixinə aid son dərəcə vacib məqamlar üzə çıxarılıb, ölkəmiz və xalqımız üçün bir sıra qatı açılmamış həqiqətlər elmi müstəviyə gətirilib, tariximizdə vətəndaşlıq hüququ əldə edib.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin elm və təhsil redaksiyasının müdiri Gözəl Ağayeva, “Respublika” qəzetinin baş redaktor müavinin Hümbət Musayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və başqaları bildiriblər ki, T. Əhmədov böyük ziyalı obrazıdır, çətin dövrün dostudur. Dostluqda, yoldaşlıqda mərddir, ətrafdakılara münasibətdə qayğıkeşdir, xeyirxahdır. Bütün bunlar Teymur müəllimin portretinin xarakterik xüsusiyyətləridir. Bu xüsusiyyətlərə dəyər vermək, milli ruhlu ziyalılarımızın həyat və yaradıcılığını işıqlandırmaq mühüm mənəvi borcdur. Mətbuat Şurasının toplantısı da bu baxımdan əhəmiyyətlidir.
Toplantıda xüsusi vurğulanıb ki, 145 illik yubileyi keçirilən milli mətbuatımızın görkəmli xadimlərinin, eləcə də sovet dövrü mətbuatı xadimlərinin irsinin tətqiqində misilsiz xidmətləri olan T. Əhmədov müasir milli mətbuatımızın canlı klassikidir. Yubilyarın gənc jurnalist nəslinin formalaşmasındakı roluna toxunan natiqlər onun bundan sonra da əzmlə çalışacağına əminliklərini ifadə ediblər.
“XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyyətinə bir nəzər” kitabının müəllifi, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir T.Əhmədovu mətbuat fədaisi kimi xarakterizə edib. Onun fəaliyyətilə ötən əsrin 80-ci illərindən tanış olduğunu diqqətə çatdıran Ş.Nasir yubilyarı müstəqilliyin bərpası, milli oyanış dövrü mətbuatının yaradıcılarından biri kimi xarakterizə edib. “Onun jurnalistikasına nəzər salanda görürsən ki, “Sovet Ermənistanı” qəzetindən başlanmış yolda başlıca missiya Ermənistanda Azərbaycan ədəbi mühitinin qorunması kimi vacib işin reallaşdırılması təşkil edirdi. Qətiyyətlə demək olar ki, o, Həsən bəy Zərdabi ənənələrini davam etdirən ictimai xadimdir”, – deyən Ş.Nasir toplantı iştirakçılarına təşəkkürünü bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.