Vüqar Məmmədov 768x432“Azərbaycan mətbuatı inkişafdan çox, yaşamaq üçün çalışır”
 
“Tanıdığım bir çox jurnalistlər var ki, ev almaqlarına baxmayaraq, haqq və ədalətin yanından ayrılmayıblar
 

“Əgər biz bu gün milli mətbuatımızın 145 yaşını qeyd ediriksə, deməli, binanın təməli düzgün qoyulub. Məhz buna görə, biz böyük ustad Həsən bəy Zərdabiyə minnətdar olmalıyıq”

 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Hansı ki, 1875-ci ilin bu tarixində dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Hürriyyət” qəzetinin Baş redaktoru Vüqar Məmmədovla müsahibəmizdə bu günün əhəmiyyəti və Azərbaycan mətbuatının mövcud vəziyyəti ilə bağlı söhbətləşdik.

– Vüqar bəy, bu gün Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur. İlk olaraq bilmək istərdik ki, bu günün Sizin üçün nə kimi özəlliyi var?

– Əvvala onu deyim ki, ixtisasca rəssam olmağıma baxmayaraq, mən bu peşəni daha çox sevirəm. Çünki mən özümü azdan-çoxdan ədalətli və mübariz insan saydığımdan, bu peşə mənim xarakterimə daha çox uyğun gəlir.

145 il bizim üçün kifayət qədər ciddi bir tarixdir. Əgər biz bu gün milli mətbuatımızın 145 yaşını qeyd ediriksə, deməli, binanın təməli düzgün qoyulub. Məhz buna görə, biz böyük ustad Həsən bəy Zərdabiyə minnətdar olmalıyıq.

Bu günün mənim üçün nə kimi özəlliyi var? Bilirsiniz ki, 1997-ci ildən “Hürriyyət” qəzetində müxtəlif vəzifələrdə çalışıram. Nəzərə alsaq ki, 51 illik həyatımın 24 ilini bu sahədə külüng vurmaqla keçirmişəm, mənə elə gəlir ki, bu günün – Milli Mətbuat Gününün mənim üçün sıradan bir tarix olmadığını açıqlmağa ehtiyac qalmır. Ən azı ona görə ki, ömrümün böyük bir hissəsini bu sahəyə həsr etmişəm. Hazırda da, bir gün belə, özümü bu sahədən kənarda təsəvvür edə bilmirəm.Mətbuat günü

– Sovet dönəmində mətbuatımız müstəqil olmasa da, jurnalistikaya və jurnalistlərə daha böyük dəyər verilirdi. Sizcə, son illər müstəqil mətbuatımızın nüfuzdan düşməsi nə ilə bağlıdır?

– Mən sizin kimi düşünmürəm. Jurnalistika şərəfli bir peşə olmaqla yanaşı, həm də məşəqqətli bir peşədir. İstər sovet dönəmində, istərsə də günümüzdə verilən dəyər demək olar ki, eynidir.

Qaldı ki, nüfuzdan düşmə məsələsinə, məncə burda səbəblər müxtəlifdir. Burada durub səbəbləri aydınlaşdırmağa başlasaq, sadalamaqla bitməyəcək. Lakin əsas səbəb ölkədəki sosial-iqtisadi durumun pis olmasıdır ki, başqa yerdən qazanc əldə edə bilməyənlər bu sahəyə üz tutur və öz dolanışıqlarını təmin etmək üçün müxtəlif yollara əl atır. Bu da nəticədə jurnalistikanın nüfuzunu zədələyir.

– Son vaxtlar mətbuatın bir qrupu üzərində dolayısı ilə dövlət nəzarətinin olması, yəni əksər qəzetlərin KİV DF tərəfindən maliyyələşdirilməsi onun müstəqilliyinə və nüfuzuna xələl gətirirmi?

– Qətiyyən belə deyil. Qəzetlərin dövlət tərəfindən maliyyələşdirilməsi tək bizdə deyil, bir çox Avropa ölkələrində də belə qurumlar var. Nəzərə alsaq ki, mətbuat cəmiyyətin güzgüsüdür, onda bu güzgünün nə sınmasına, nə də ləkələnməsinə hakimiyyət imkan verməməlidir.

Hələ mən deyərdim ki, ayrılan yardımlar yetərli deyil. İllərlə bəzi mətbuat orqanlarının SOROS fondu və yaxud da başqa fondlar tərəfindən maliyyələşdirilməsinin acı nəticələrini gördük. Ona görə də mən şəxsən bu məsələdə fərqli düşünürəm.

Sizə bir misal göstərim. Məsələn, Rusiyada qəzetlərə birbaşa yardım olunmasa da, bütün dövlət qurumlarına öz elanlarını yüksək məbləğdə qəzetlərədə çap etdirmələri tapşırılıb. Bunun nəticəsində də qəzetlər kifayət qədər vəsait əldə edir ki, bu da onların inkişafına müsbət təsir göstərir. Bizdə isə məbləğ az olduğundan, inkişafdan çox, yaşamaq üçün çalışırıq.

– Bu gün ölkə mediası üzərində bəzi məmurların hökmranlığı da etiraf olunmalıdır. Hansı ki, bu məmurlar böyük vəsait xərcləyərək, əllərində çoxsaylı media orqanı saxlayırlar.  Bu məsələyə necə baxırsınız?

– Əslində hansısa bir oliqarxın media qrupunun olması təəccüblü deyil. Amma bir şərtlə, əgər bu oliqarx həmin media qrupunu xalqdan taladığı pullarla yox, öz şəxsi vəsaiti hesabına maliyyələşdirirsə. Bizdə isə tam fərqlidir. Oliqarx dediklərimiz  yaratdıqları media qrupunu rüşvət və korrupsiya yolu ilə qazandıqlarını qorumaq, həm də rəqiblərini nüfuzdan salıb, məhv etmək üçün istifadə edir. Bunun da bariz nümunələri var. Məsələn, Ziya Məmmədov vəzifədən kənarlaşdırılandan sonra nəzarətində olan media qrupu başqa bir oliqarxın himayəsinə keçdi. Bu da o deməkdir ki, bizimkilər heç vaxt öz şəxsi vəsaitlərini millətin, xalqın və dövlətin yolunda xərcləməzlər. Xərcləyirlərsə, demək, qazandıqları pul xalqın puludur, yəni halal deyil.Mətbuat günü 1

– Jurnalistlərə mənzil verilməsi məsələsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi media ekspertləri hesab edir ki, dövlət jurnalistə ev verməklə onun müstəqilliyini əlindən alır. Bu haqda “Hürriyyət” qəzetinin mövqeyi nədən ibarətdir.

– Müti, yaltaq, mənliksiz insan hər yerdə olduğu kimi, bizim sahədə də var. Onların işi mənliklərini satmaq hesabına gəlir əldə eləməkdir. Amma mənim tanıdığım bir çox jurnalistlər var ki, ev almaqlarına baxmayaraq, haqq və ədalətin yanından ayrılmayıblar. Yəni bəzi ekspertlərin dedikləri mütləq həqiqət deyil. Təbii ki, onlara da belə ifadələri işlətməyə əsas verən səbəblər var. Mənzillərin bölüşdürülməsində kifayət qədər saxtakarlıqlar olduğundan, onlar bəzi məqamlarda haqlı sayılırlar.

– Media nümaynədlərinə müxtəlif fəxri adların verilməsi məsələsi haqda hansı fikirdəsiniz, sizcə, bu seçim ədalətli aparılır?  Bu suala tam dəqiqliyi ilə cavab vermək çətin olar.

– Təbii ki, bura Azərbaycandır, tanışlıq mütləq rol oynayır. Amma içərilərində layiq olanlar da az deyil. Yəni anlayacağınız, “biri sizdən, biri bizdən”.

– Yeri gəlmişkən, KİV DF rəhbərliyində həyata keçirilən dəyişikliyin perspektivini necə görürsünüz? Sizcə, mətbuat sahəsində mövcud olan çatışmalıqları bu qurumun yeni rəhbərliyi ortadan qaldıra biləcək?

– Yeni rəhbərlik pandemiyadan irəli gələn səbəblərdən tam gücü ilə işləyə bilmədi. Ona görə də hələlik köhnə siyahıda bəzi dəyişikliklər etməklə, bir çox şeylərə toxunmadılar. Bu səbəbdən də onlarla bağlı nəsə demək çox tezdir. Amma  Əhməd bəylə görüşümüzdə gəldiyim qənaət məni ziyadəsilə qane elədi. Əgər dediklərini həyata keçirə bilsə, ümid edirəm ki, bir çox problemlər öz müsbət həllini tapacaq. Təbii ki, kimlərsə əngəl olmasa.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.