“Prezident İlham Əliyevin sözlərindən belə qənaətə gəlmək olar ki, danışıqların davamının Azərbaycan üçün faydası yoxdur və torpaqların güc yolu ilə azad olunmasına hazırlıq gedir”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu söyləyib.
Onun fikrincə, dövlət başçısının ötən gün şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulaması təsadüfi deyil: “Prezident Türkiyə ilə strateji tərəfdaşlığa önəm verdiyini bir daha vurğuladı. Cənab İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın xüsusi olaraq ona söylədiyi fikirləri xatırlatdı:
“Azərbaycan və Türkiyə – iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Biz sona qədər bir yerdəyik”. Prezident İlham Əliyevin bu sözlərindən aydın oldu ki, Azərbaycan Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmağa hazırdır. Elə Ermənistanla sərhədin Tovuz rayonu istiqamətindəki insident zamanı Azərbaycan Müdafiə nazirinin iki müavininin – Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun Ankaraya göndərilməsi prezidentlərin telefon söhbətindən sonra reallaşmışdı”.
Ekspertin fikrincə, dövlət başçısı Azərbaycan cəmiyyətinin və beynəlxalq aləmin dəstəyindən məmnun qaldığını gizlətmir: “Prezident İlham Əliyevin daha sonra işğal altındakı torpaqlarla bağlı yanaşmasında diqqəti çəkən cümlələri oldu: “Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq sadəcə mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdırlar. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar”.
Dövlət başçısının sözlərindən bu qənaətə gəlmək olar ki, danışıqların davamının Azərbaycan üçün faydası yoxdur və torpaqların güc yolu ilə azad olunmasına hazırlıq gedir. Ancaq budəfəki hərbi əməliyyat 2016-cı ilin əməliyyatına bənzəməməlidir, yəni kiçik ərazinin azad olunmasıyla kifayətlənə bilmərik, Prezidentin də dediyi kimi “yarımçıq həll” Azərbaycanın maraqlarına cavab vermir. Bu mənada dövlət başçısının Şuşanı xatırlaması təsadüfi deyildi. Azərbaycanın Dağlıq Qarabağ istiqamətindəki zərbəsi Dağlıq Qarabağ ətrafındakı 5 rayonla yanaşı Şuşa, Laçın və Kəlbəcərin də azad olunmasını sürətləndirməlidir.
Prezidentin çıxışının bu hissəsi ona görə vacib idi ki, ictimaiyyət Tovuz döyüşlərindən sonra işğal altındakı torpaqların azad olunmasını tələb edir. İlk baxışdan Ermənistandakı daxili vəziyyət, o cümlədən beynəlxalq mühit də hərbi əməliyyata başlamaq üçün Azərbaycana münbit zəmin yaradır. Prezident də Azərbaycan cəmiyyətinin və beynəlxalq aləmin dəstəyindən məmnun qaldığını gizlətmir”.
Bununla belə, politoloq torpaqların işğaldan azad edilməsi üçün bir sıra amillərin gözə alınmasını vacib sayır: “Ancaq Prezident son qərarı vermək üçün başqa amilləri də nəzərə alacaq. Bu amillər içərisində Azərbaycanda qarışıqlıq yaratmaq istəyən güclərdən tutmuş xarici mərkəzlərin işğalçıya dəstəyinə qədər amillər var. Müharibə başlayacağı təqdirdə bu risklər ortadan qaldırılmalıdır.
Buna baxmayaraq, Azərbaycan Prezidentinin fikri qətidir: Müharibə qaçılmazdır. Bu, Ermənistan hakimiyyətinə və cəmiyyətinə də ciddi mesajdır ki, onlar Azərbaycan torpaqlarını azad etmək istəmirlərsə, müharibə və itkilərlə üzləşməli olacaqlar”
araz.az
araz.az xəbər portalı.