a 12028d0f 1

 
9 may ​ 2003-cü il tarixdə gecə saat 2 radələrində Şəmkir rayonunun “SMU-28” adlanan ərazisindəki “Morul su” arxında Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı, mərhum Aslan Aslanovun oğlu Aslanov Ruslan Aslan oğlunun meyitinin tapılması, bəlkə də həmin vaxtlarda ölkə miqyasında baş verən qanlı hadisələr içərisində ən dəhşətli hadisə olur. Bəli, qeyd olunan vaxtda belə bir qanlı olay baş verir və ölüm hadisəsində iştirak edən, hətta ölüm hadisəsinin baş verməsinə bu və ya digər yollarla şərait yaradan şəxslərin hər biri həbs olunurlar. Onu da bildirək ki, 12 dekabr 1987-ci ildə Şəmkirdə anadan olmuş və rayonun İ.Məmmədov küçəsi, ev-70 ünvanında qeydiyyatda olan, hadisənin baş verdiyi vaxtlarda 8-ci sinifdə təhsil aldığı bildirilən Quliyeva Lamiyə Sahib qızı, baş verən cinayət işi üzrə 09 may 2003-cü il tarixdə № 66673 saylı şahidi dindirmə protokolunda qeyd olunan ifadələrində, məhz o, hadisənin hansı səbəbdən başverməsinin ətraflı izahını yazmış və ölüm hadisəsini şəxsən onun özünün törətdiyini etiraf etmişdir.
​ ​ ​ Qeyd edək ki, 10 may 2003-cü il tarixdə Şəmkir şəhəri, İsmət Qayıbov küçəsi, mən-7 ünvanında qeydiyyatda olmuş Əliyev Vüqar İbrahim oğlunun və Şəmkir şəhəri, İ.Məmmədov küçəsi, mən-70 ünvanında qeydiyyatda olan, həmin illərdə yetkinlik yaşına çatmamış Quliyeva Lamiyə Sahib qızının adam ödürməkdə şübhəli bilinərək həbs olunmaları, sanki ölkəmizin ən səs-küylü hadisələrindən birinə çevrilir.​ Baş verən olay 9 may 2003-cü il tarixdə gecə saat 2 radələrində rayonun “SMU-28” adlanan ərazisində baş verir. Belə ki, həmin günün axşam saatlarında “Morul su” arxında Şəmkirin sabiq icra başçısı, mərhum Aslan Aslanovun oğlu Ruslan Aslanovun meyiti tapılır və çox keçmir ki, baş verən qanlı olayla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanır və ibtidai istintaqın davam etdirilməsi üçün toplanmış iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə təqdim olunur. Belə bir olayla bağlı Lamiyə Quliyeva 2003-cü ildə keçmiş nişanlısı Vüqar Əliyevlə birgə Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilir və 10 il müddətinə azadlıqdan məhrum edilir. 2010-cu ildə Quliyevanın cəzası, cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma maddəsi əsasında 5 il 6 ay müddətinə artırılsa da, o, 20 fevral 2015-ci il tarixdə azadlığa çıxır. Əliyev Vüqar İbrahim oğlu isə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinir və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunur.
Artıq 17 ildir ki, Vüqar Əliyev Qobustan Qapalı Həbsxanasında cəzasını çəkməkdədir. Bir neçə gün bundan öncə bu şəxsin atası İsmayılov İbrahim Əli oğlu, anası İsmayılova Məlahət Adil qızı müəyyən dövlət qurumlarının rəhbərlərinə, bəzi xəbər portallarının redaksiyalarına Vüqar Əliyevin bağışlanmasına köməklik göstərilməsi məqsədilə yazmış olduqları ərizənin bir surətini də redaksiyamıza təqdim ediblər. Adı çəkilən bu şəxslər yazmış olduqları ərizələrində qeyd edirlər: “Övladımız Əliyev Vüqar İbrahim oğlu 2003-cü ilin may ayından ömürlük həbs cəzasına məhkum olunub. Buna səbəb, övladımızın və onun nişanlısı olmuş Quliyeva Lamiyə Sahib qızının Şəmkirin sabiq icra başçısı, mərhum Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinərək həbs olunmasıdır. Həmin vaxt Lamiyə Quliyevaya​ məhkəmənin hökmü ilə 10 il həbs cəzası verilmişdi. Baş verən ölüm faktı sırf namus üstündə baş vermiş və qanlı olay Lamiyə Quliyeva tərəfindən törədilmişdi. Keçirilən məhkəmə prosesində adı çəkilən bu xanım etdiyi əməllərini açıq-aşkar şəkildə etraf etsə də, Aslan Aslanov daşıdığı vəzifəsindən sui-istifadə etdi, namus üstündə törədilmiş qanlı olayı torpaq sahəsinin zəbt olunması faktı üzərində düzüb qoşduraraq, məhz ailə üzvlərimizə olmazın divanı tutdurdu. Guya ki, biz rayonun Nizami küçəsindəki torpaq sahəsini özbaşına zəbt etmişik və Aslan Aslanov həmin sahəni bizdən almaq istədikdə, bizim onunla mübahisəmiz düşüb. Belə bir səbəb üzündən də, guya ki, biz oğlumuz Vüqarı öyrədib “get nişanlın Lamiyə Quliyevanı götür və Ruslan Aslanovu öldür” demişik. Sual oluna bilər ki, hansı normal valideyin öz övladını belə bir əməli törətməyə təhrik edər? Onu da bildirək ki, guya mübahisə predmetinə çevrilmiş pay torpaq sahəsi mərhum prezident Heydər Əliyev tərəfindən bizim ailə üzvlərinə verilmişdi və bu gün də rəsmi sənədlər əsasında həmin torpaq sahəsi bizim ailə üzvlərinə məxsusdur. Hadisə baş verdikdən sonra, Aslan Aslanov qanlı olayı zorla Vüqarın boynuna qoymaq üçün bizi ailəlikcə deyil, nəsillikcə həbsə atdırdı. İlk olaraq Vüqarı Gəncə həbsxanasından Şəmkir rayon Prokurorluğuna gətizdirir və qardaşı Elsevər Aslanovla birlikdə onu o qədər döyür ki, övladımızın ağzından üç ədəd azı diş düşür. Bu azmış kimi, Vüqarın başına şüşə butulka ilə vururlar, bir sözlə onu ölümcül vəziyyətə salıb “kepeze”yə atdırırlar. Aslan Aslanov görüb başa düşür ki, nə qədər işgəncə versələr də, Vüqar etmədiyi cinayəti boynuna alan deyil. Belə olan halda o, bizim ailə üzvlərimizi bir-bir həbsə atdırdı. Məsələn, birinci gün digər oğul övladımız Eynuru, üç gündən sonra məni, on gündən sonra anasını və xalalarını, iyirimi gündən sonra dayısını həbs etdirdi. Aslan Aslanovun belə bir addımını atmaqda əsas məqsədi, Vüqara etmədiyi cinayəti boynuna qoydurmaq idi. Elə ki, baş verən olayla bağlı cinayət işi tam yekunlaşdı, o halda​ Vüqar Əliyevə ömürlük, Lamiyə Quliyevaya 10 (on) il, bir valideyin olaraq mənə AR CM-nin 304.3-cü maddəsini tətbiq etdirib, məni 4(dörd) il müddətinə azadlıqdan məhrum etdirdi.​ Hansı ki, bu maddə heç bir halda ata və anaya, nə də ki, qardaş və bacıya şamil oluna blməzdi. Qanunun belə bir tələbinə baxmayaraq, həmin vaxtlarda Aslan Aslanov həm daşıdığı vəzifəsindən, həm ona arxa-dayaq olan məmurların təsir imkanlarından lazımınca yararlanıb, ailə üzvlərimizə olmazın divanı tutdurdu. Bu şəxs Lamiyə Quliyevaya verilmiş 10 il cəza müddətinin üstünə daha 5 il 6 ay cəza müddəti verilməsinə də nail oldu. 11 il 6 ay cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyə Quliyeva, atası bəlli olmayan bir kimsədən dünyaya övlad gətirdi və o, az sonra azadlığa çıxdı.
​ Lamiyə Quliyeva həbsdən çıxdıqdan sonra bizə gəldi və hər şeyi bir daha ətraflı danışıb bildirdi ki, “Baş verən qanlı olayda Vüqarın iştirakı olmayıb, hadisəni özüm törətmişdim. Mən birinci dəfə verdiyim ifadəmdə, dindirilmə protokolunda, istintaqa verdiyim yazılı izahatımda, hətta keçirilən məhkəmə proseslərində də cinayəti namus üstündə törətdiyimi, atdığım addıma görə heç də peşiman olmadığımı bildirmişəm. Bu cür açıqlamalarıma görə Aslan Aslanov mənə verilmiş 10 il həbs müddətinin 5 ilini “kars”da keçirməyimə nail oldu. Mən belə bir olmazın müsibətlərdən sonra azadlığa çıxa bilmişəm. Azadlığa buraxılarkən heç bir dövlət qurumuna şkayət ünvanlamamaq, Vüqarın həbsdən çıxmasına köməklik göstərməmək məqsədilə məndən yazılı izahat aldılar və “Hansısa bir addımını atacaqsansa, o halda yenidən həbs olunacaqsan” deyə tapşırıq verdilər. “Odur ki, mən qorxuram”. Elə ki, axı sən cəzanı çəkib azadlığı çıxmısan deyə Lamiyə Quliyevaya sual etdik, o halda o, “Bilirsiniz, mənə prokurorluq tərəfindən belə bir tapşırıq verilib” dedi. Onun bu cür açıqlamalarından sonra biz hansı dövlət qurumuna nəsə yazmışıqsa, hansı vəzifəli şəxsin qəbulunda olmuşuqsa, hər zaman vurğulamışıq ki,​ övladımız Vüqar Əliyev mərhum Aslan Aslanovun vaxtilə verdiyi sifariş və pulu hesabına “girov saxlanılır”. Hadisəni Vüqar deyil, Lamiyə Quliyeva namus üstündə törədib. Aslan Aslanov isə, namus məsələsinə torpaq sahələrinin zəbt olunması “donunu geydirdi”.
Bəli, həmin illərdə Aslan Aslanovun başı rüşvət yığmağa o qədər qarışırdı ki, o, heç oğlunun tərbiyyəsi ilə məşğul ola bilmirdi. İndi sual edirik ki, bir ölüm faktına görə hansısa bir şəxsə ömürlük həbs cəzası verilərmi və bu hansı qanunda yazılıb? Əgər bu belədirsə, bəs səbəb nə oldu ki, vaxtilə Ruslan Aslanov idarə etdiyi avtomobili ilə vurub öldürdüyü Məmmədova Aybəniz Abbasəli qızına, Əhmədov Nazim Hümbət oğluna və Budaqov Heydər Əli oğluna görə bir kimsə “qaşın üstə qara var” demədilər. Çünki, zərərçəkənlər bu şəxsin atasının Şəmkir RİH-nin başçısı olduğunu bilirdilər, ona görə də onlar heç bir dövlət qurumuna şikayət etmədilər. Biz bir valideyin olaraq ötən 17 il ərzində başımıza gətirilən müsibətlərlə bağlı aidiyyatı dövlət qurumarına davamlı müraciətlərimizi ünvanlasaq da, son anda heç bir nəticəyə nail ola bilmədik. Görünür ki, yazdığımız ərizələr ünvan üzrə deyil, haqqında şikayət etdiyimiz şəxsə və ya şəxslərə qaytarılırmış.
Onu da qeyd edək ki, Vüqar bir neçə dəfə Qobustan Qapalı Həbsxanasında ona verilmiş ağır cəzaya etiraz əlaməti olaraq 16-20 gün müddətinə aclıq aksiyası keçirib. Haqqını tələb etməsinə cəzaçəkmə müəssisəsinin rəhbərliyi köməklik etmək əvəzinə, əksinə onu “karsa” saldırıb, əl-qolunu qandalladaraq çarpayıya bağlatdırıb və günlərlə ac-susuz saxlatdırıb ki, aclıq aksiyasını dayandırsın. Bundan əlavə, Vüqarın yazdığı ərizələri yola salmırlar ki, o, birdən azadlığa çıxar və cəza çəkdiyi həbsxanada başına gətirilən müsibətləri hər kəsə çatdıra bilər. Ona görə də, bu gün ona verilməli bütün hüquqlar məhdudlaşdırılır.
Vaxtilə Vüqar baş nahiyəsindən kəllə-beyin travması almışdı, ona görə də onu həqiqi hərbi xidmətə aparmadılar. Digər tərəfən, o, həbs olunan zaman müstəntiq Vüqarın hərbi biletini və şəxsiyyət vəsiqəsini bizdən aldı və bu gün də həmin sənədləri üzə çıxartmırlar. Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində Aslan Aslanov və onun qardaşı Elsevər Aslanov mənə və həyat yoldaşıma dedi ki, “Biz Vüqarın ömürlük həbs olunması üçün, sabiq Baş Prokuror Zakir Qaralova 70 min rüşvət vermişik”.​ Belə bir səbəb üzündəndir ki, bu gün Vüqarı ömürlük həbsdə saxlayırlar. Vüqarın atası olaraq CM-nin 307.3-cü maddəsinin mənə şamil olunması qanunla qadağan olunsa da, həmin maddəni mənə qarşı tətbiq etdilər və məni 4 il müddətinə həbsdə saxladılar. Cəzaçəkmə müəssisəsində “kars”a saldılar, saxlandığım otağa vərəm xəstəsi olan dustağı yerləşdirib, məni də həmin xəstəliyə düçar etdilər. Bu gün azadlıqda olsam da, həm vərəm, həm də şəkər xəstəsiyəm”. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
(Ardı var).                     

 
 
Məhi ELSEVƏR,       

araz.az xəbər portalının xüsusi müxbiri.
 

araz.az xəbər portalı.