Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın iyulun 12-də Tovuz rayonunda atəşkəsi pozması bütün xalqımızın sonsuz hiddətinə səbəb olub. Bu səbəbdən də Azərbaycan Liberal Partiyası da öz fəaliyyətini müharibə şəraitinə uyğunlaşdırmaq haqqında dərhal qərar qəbul edib, bütün siyasi qüvvələrı, vətəndaşları milli birliyə və Milli Ordumuza dəstək verməyə çağırıb.
Reyting.az xəbər verir ki, bu sözlər Azərbaycan Liberal Partiyasının (ALP) bu gün yaydığı bəyanatda qeyd edilib.
Əvəz Temirxanın sədri olduğu partiya bəyan edir ki, bir sıra partiyaların, o cümlədən ALP-nin nümayəndələri və on minlərlə həmvətənimiz könüllü olaraq döyüşə getmək haqqında Müdafiə nazirliyinə müraciət ediblər:
“Ermənistanın atəşkəsi pozmasına biganə qalmayan 10 minlərlə həmvətənimiz koronovirusa yoluxmaq təhlükəsinə baxmayaraq, öz həyatlarını Vətən naminə təhlükəyə atmağa, düşmənlə ölüm–dirim mübarizəsi aparan hərbçilərimizə, Milli Ordumuza dəstək məqsədilə iyulun 14-dən 15-ə keçən gecə Bakıda Ali Baş Komandana “bizə silah verin və əmr edin”,- xahişilə müraciət edərək, Şəhidlər Xiyabanınadək yürüş keçirib, daha sonra Milli Məclisin qarşısında mitinqdə iştirak ediblər.
Bu zaman Milli Məclisin binasını mühafizə edənlər “yoxa çıxıblar”.
Mitinq iştirakçılarının təmkinli davranışına baxmayaraq, kimliyi məlum olmayan şəxslərin dəvətilə bir neçə nəfər Milli Məclisin binasına daxil olub, selfi çəkdirib və sonra binanı tərk ediblər”.
ALP bildirir ki, həmin günlərdə siyasi partiyaların mütləq əksəriyyəti, o cümlədən AXCP, işğalçıya qarşı mübarizədə bütün xalqımızı həmrəyliyə çağırıb və müxalif qüvvə olaraq “iqtidarın siyasətinə tənqidi mövqelərini uyğun zamana saxladıqlarını” bəyan edib, iqtidarı bütün xalqa, o cümlədən partiyalara arxalanaraq işğalçıya qarşı inamla mübarizə aparmağa çağırıblar.
“Bu hadisələrdən sonra ona verilmiş əməkdaşlıq əlini sıxmaq, təbii ümumxalq həmrəyliyindən milli barışın, birliyin geridönməz şəkildə möhkəmlənməsi üçün faydalanmaq əvəzinə təəssüf ki, iqtidar əvvəlki qarşıdurma ritorikasını davam etdirib, bir sıra müxalif düşüncəli şəxslərin yürüş–mitinqə “dövlət çevrilişi” məqsədilə qatıldıqlarını, çevrilişə cəhd etdiklərini bəyan edib, o cümlədən AXCP rəhbərliyində təmsil olunan Fuad Qəhrəmanlı, Asif Yusifli, Naxçıvan Muxtar Respublikasının Daxili işlər nazirinin keçmiş müavini Siyavuş Mustafayev də daxil olmaqla onlarla insana qarşı cinayət və inzibati iş başlanıb və onlar uydurma ittihamla həbs ediliblər.
İqtidar nəzərə almalıdır ki, bu cür addımlar Azərbaycan adına beynəlxalq aləmdə ağır mənəvi-siyasi zərbə vurur, cəmiyyətdə ona inananların sayını daha da azaldır, xalqımızın, ordumuzun və əsgərimizin mübarizə əzmini qırır”.
ALP iqtidarın bu addımlarından son dərəcə narahat olduğunu, torpağımız işğaldaykən onu mötədil, tənqidədözümlü olmağa, milli birliyə çalışmağa, bütün siyasi məhbusları istisnasız və qeyd-şərtsiz azad etməyə çağırır.
araz.az xəbər portalı.