Bir qədər əvvəl paytaxtın Yasamal rayonunda “Üç Tac” yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi, hamarlanması və əraziyə xüsusi texnikanın cəlb edilməsi ilə bağlı sakinlər tərəfindən Prezident İlham Əliyevə müraciətlər ünvanlanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətə baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb.
Həmçinin Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək ərazidə ətraflı baxış keçirilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı mülkiyyətçiyə verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafindakı mövcud balans pozulub və əraziyə ziyan dəyib. Bununla əlaqədar icra strukturları tərəfindən təcili təxirəsalınmaz işlər həyata keçirilib. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi tapşırılıb və ona ciddi xəbərdarlıq edilib.
Yasamal Rayon İcra Hakimiyyətində “Üç Tac” yaşayış kompleksinin sakinləri ilə görüşdə vətəndaşlar əmin ediliblər ki, ərazidə gölün qurudulması və tikintinin aparılması nəzərdə tutulmayıb və bu barədə söhbət gedə bilməz.
Hazırda “Üç Tac” yaşayış kompleksinin yaxınlığındakı gölün ətrafındakı ərazinin təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır. Görülən işlər nəzarətə götürülüb və qısa müddətdə başa çatacaq.
araz.az
araz.az xəbər portalı.