“İordaniya Krallığından Ermənistana silah ötürülməsi haqda iddialar səslənsə də, vacibdir ki, bu istiqamətdə araşdırma aparılsın. Bilmək lazımdır ki, hökumətin bu proseslərdə rolu nədən ibarətdir. İstisna etmirəm ki, Ermənistana göndərilən silah-sursatı silah alveri ilə məşğul olan mafiya həyata keçirib”.
Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Asim Mollazadə İordaniyadan Ermənistana silah satıldığına dair iddiaları şərh edərkən deyib.
Deputat əlavə edib ki, erməni mafiyası beynəlxalq terror şəbəkəsində çox fəal olduğu kimi silah satışında da fəaldır:
“Araşdırıb müəyyən etmək lazımdır ki, bu prosesdə İordaniya hökumətinin fəaliyyəti varmı, ümumiyyətlə, bu proses hökumətin icazəsi ilə həyata keçirilibmi? Əgər bu şəkildə həyata keçirilibsə, bu halda Azərbaycan məsələləri məhz İordaniya hökuməti ilə müzakirə edə, bu kimi addımların iki ölkə arasında münasibətlərə xələl gətirildiyini qarşı tərəfin diqqətinə çatdıra bilər. Yox, əgər bunu hansısa erməni və ya Orta Şərq mafiya qrupları həyata keçiribsə, bu da araşdırılmalıdır”.
Deputatın sözlərinə görə, qara bazarda satılan silahlar mülki əhaliyə qarşı istifadə edilir və bu, beynəlxalq cinayət kimi qiymətləndirilməlidir.
araz.az xəbər portalı.