150 milyardlıq sərvət, Londonda 140 mülk, mineral sulu hovuzlar…
O, dünyanın ən varlı prezidentidir. Ailə üzvlərinin sərvəti 150 milyard dollar dəyərində qiymətləndirilir. Ayrı-ayrı ölkələrdə yüzlərlə saray və qəsrləri var. Mülklərinin sayı o qədər çoxdur ki, əksəriyyətinin varlığını, harada yerləşdiyini belə, xatırlamır.
GÖZQAMAŞDIRAN SƏRVƏT
“MediaPost” xəbər verir ki, bu fantastik sərvətin sahibi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Xəlifə ibn Əl Nahyandır.
“BƏƏ prezidenti o qədər zəngindir ki, dünyanın harasında, hansı malikanəyə sahib olduğunu xatırlamır. Məsələn, İspaniyada bir mülkü var. O, bura nəinki gəlməyib, hətta onun harada yerləşdiyini də bilmir” – “The Observer” yazıb. Sonradan mətbuat üzə çıxarıb ki, şeyx Xəlifə Əl Nahyana məxsus bu dəbdəbəli malikanə İspaniya paytaxtından 60 kilometr məsafədə yerləşir və 17 il əvvəl alınıb.
İllərdir malikanənin baxımı və mühafizəsi ilə 15 nəfərlik işçi heyəti məşğul olur. Lakin ərəb liderin özü və ailə üzvləri ora ayaq belə, basmayıblar.
Jurnalistlərin dediyinə görə, villanın mətbəxində heç vaxt yemək bişirilməyib. Qabyuyan maşın, soba, soyuducu hələ də selofana bükülü vəziyyətdə durur. Həftədə bir dəfə 11 yataq otağında yataq dəstləri və üzərində BƏƏ liderinin loqotipi olan dəsmallar dəyişdirilir. Bu villanın baxımı şeyxə ildə 565 min dollara başa gəlir.
KRALİÇANIN QONŞUSU…
İspaniyadakı bu mülkdən başqa, monarx Avropada yüzlərlə villa, saray və qəsrlərə sahibdir. Tək Londonda Mayfair, Marylebone, Knightsbridge, Kensington kimi bölgələrdə yerləşən 140-dan çox daşınmaz əmlakı var.
Monarxın ən dəbdəbəli mülkü Londonda Böyük Vindzor Parkının yaxınlığında (400 hektar ərazidə) yerləşən “Ascot Pleys” malikanəsidir. Xəlifə 18-ci əsrə aid bu malikanəni 1989-cu ildə “Mersedes Benz” imperiyasının varisi Mik Flikerdən 22,6 milyon dollara satın alıb. Ərazidə böyük bir göl var və yaxınlıqda kraliça II Elizabetin “Vindzor” sarayı yerləşir.
“Ascot Pleys”in yeni sahibi orada bəzi dəyişikliklər etmək istəyib. Məsələn, ətrafı böyük hasarla əhatə etmək və ərazidə hər biri 2,5 milyon dollar dəyərində 150 beşotaqlı kottec tikmək. Lakin yerli hakimiyyət orqanları bu plana qarşı çıxıblar və monarxa inşaat üçün icazə verilməyib.
ALP DAĞLARINDAN HOVUZA…
Bu imtinadan sonra şeyx diqqəti malikanənin özünün təmirinə yönəltdi. İlk işi ora böyük çənlər quraşdırmaq oldu. Bu çənlər birbaşa Alp dağlarından çatdırılan “Evian” mineral suyu ilə doldurulur. Fontanla vurulan bu sular hovuzu doldurmaq üçün istifadə olunur.
“Görünür, yerli suyun dadı onun xoşuna gəlməmişdi. Bu çənlər kənardan çoxmərtəbəli parklama meydançasına bənzəyir”, – şahidlərdən biri xatırlayır.
Bununla belə, bu malikanə BƏƏ liderinin London iqamətgahına çevrilmədi. Ora şeyxin gözünə balaca göründü. Əl Nahyan “Ascot Pleys”də cəmi bir dəfə olub və orada yarım gün qalıb. Buna baxmayaraq, Alp dağlarından gələn su iqamətgaha mütəmadi olaraq verilməyə davam edir.
HƏR SƏYAHƏT ÜÇÜN 100 QULLUQÇU
Monarx təyyarə ilə bir yerə səyahət edəndə özü ilə ən azı 100 quluqçu götürür. Dövlət başçısının saqqalını qaydaya salan bərbər bütün uçuşlarında onunla olur.
Londondakı başqa bir malikanəni (“Ham Gate”) Xəlifə 1980-ci ildə 6.3 milyon dollara satın alıb.
2013-cü ildə orada Şeyxin Britaniyaya gəlişini qeyd etmək üçün ziyafət verilmişdi. Ziyafətə hazırlıq üçün 4 ay əvvəldən bağbanlar ətrafı gözəlləşdirməyə başlamışdılar. Köhnə ağaclar kökündən kəsilmiş, əvəzinə daha cavanlar əkilmişdi. Qonaqları cəmi bir gecəliyinə yerləşdirmək üçün qonşuluqdakı villalar da satın alınmışdı.
Hotelləri sevməyən Xəlifə yalnız bir gecə qalmaq üçün bütöv bir evi satın alırdı. Məsələn, ABŞ-a rəsmi səfəri öncəsi əmlak məsələlərinə baxan səlahiyyətli şəxsdən ona Vaşinqton ətrafında bir mülk seçməsini xahiş etmişdi. Mülk tapıldı və 25 milyona satın alındı. Yeni sahibin yalnız bir tələbi vardı – evin altında yeraltı dayanacaq olmalıdır ki, zirehli avtomobilindən çıxıb evə daxil ola bilsin.
BİR TƏYYARƏ YEMƏK…
BƏƏ lideri ən çox Monakoda istirahət etməyi sevir. Onun Fransanın cənubunda yerləşən villasının dəyəri 38 milyon dollardır. Xəlifə çimərliyə öz funikulyorundan enir. Onun Fransanın Antib şəhərində, həmçinin Cenevrə gölünün sahilində də malikanəsi var.
Şeyx hara gedirsə getsin, hazır yeməkləri və ərzaqları həmişə BƏƏ-dən sifariş edir.
Ərzaq və yemək dolu təyyarə tez-tez Seyşel adalarına da uçur. Orada prezidentə məxsus 66 hektarlıq torpaq sahəsində 7 mərtəbəli saray tikilib. Bir dəfə sarayın kanalizasiya suları daşaraq ətrafı basmışdı. Günahını yumaq üçün Əl Nahyan sosial ehtiyacları qarşılamaq adı altında yerli hakimiyyət orqanlarına 130 milyon dollardan çox pul ayırdı.
615 MİLYONLUQ YAXTA
Ərəb lider təkcə kurortlarda deyil, Fars körfəzindəki yaxtalarında da istirahət etməyi sevir. Onlardan birinin – “Azzam”ın uzunluğu 180 metr, dəyəri 615 milyon dollardır.
Dünyadakı bu ən böyük özəl meqayaxtada qonaqlara 500 nəfərlik heyət xidmət göstərir. Çəndə o qədər yanacaq olur ki, yaxta bir dəfə belə, limana yanaşmadan dünyanı gəzə bilir.
Meqayaxtada vertolyot meydançası və sualtı qayıqlar da var. Bu yaxtanın saxlanılması BƏƏ rəhbərinə ildə 60 milyon dollara başa gəlir.
Xəlifə əmirlikləri turistlər üçün daha cəlbedici etməyi hədəfləyib. Həmişə çalışır ki, hökumət binaları, eləcə də şəxsi iqamətgahları (heç ziyarət etmədikləri belə) zərifliyi ilə seçilsinlər. Bu məqsədlə o, Luvr və Quqqenhaymdan ən yaxşı memarları işə götürüb və onlara fantastik pullar xərcləyib.
Xəlifənin bu canfəşanlığı səbəbsiz deyil. Qərb mediası onun atasının – BƏƏ-nin ilk prezidenti Şeyx Zaidin zövqünü tənqid etdikdən sonra Xəlifə bu cür təşəbbüslərə əl atmağa başlayıb.
Əl Nahyan 1988-ci ildə ilk sahibi məşhur ifaçı Con Lennon olan “Tittinghurst Park”ı satın alıb. Lennonun əfsanəvi hitini (“Imagine”) məhz burada yazdığı deyilir. Sonra malikanəni “The Beatles”dəki dostu Rinqo Star satın alıb. Ərəb monarxı bu Britaniya malikanəsinə sahib olandan sonra onu tamamilə yenidən qurdu. Şahidlərin sözlərinə görə, ev qızılla bəzədilmiş mərmər saraya çevrildi.
FAKTİKİ HÖKMDAR, 44 MİLYONLUQ TOY…
Şeyx Xəlifə son 6 ildə ictimaiyyət arasına nadir hallarda çıxıb. 2014-cü ildə insult keçirəndən sonra BƏƏ-ni faktiki olaraq onun qardaşı, vəliəhd şahzadə Məhəmməd ibn Zaid Əl Nahyan idarə edir. 59 yaşlı milyarder artıq “The New York Times” tərəfindən ən populyar ərəb hökmdarı adını alıb.
Qəzet yazır ki, şahzadə çox nəzakətlidir, sağlam qidalanır, pəhriz saxlayır və öz qəhvəsini özü süzür.
Məhəmməd 1981-ci ildə şahzadə Salama ilə evlənib, cütlüyün toy mərasimi 44,5 milyon dollara başa gəlib. Bir həftə davam edən məclisdə ümumilikdə 20 min qonaq iştirak edib.
Bütün qonaqları qəbul etmək üçün Məhəmmədin ailəsi 22 milyon dollara bir stadion inşa etdirib. Cütlük qonaqların hamısını şəxsən salamlaya bilməsə də, sonradan hər kəsə bahalı hədiyyələr, həmçinin içki və ləziz təamlar göndərilib. Yeməklərdən Abu Dabinin sakinlərinə də paylanılıb.
Toya gələn qonaqları ərəb və Afrika ölkələrindən olan 50 ansambl əyləndirib. İfaçılardan biri mərasim üçün xüsusi mahnı yazıb və bunun müqabilində ev sahibindən “Mercedes” markalı avtomobil hədiyyə alıb. Deyilənlərə görə, həmin ərəfədə şeyxləri, əmirləri, kral və şahzadələri daşıyan onlarla şəxsi təyyarə hava limanına çətinliklə yerləşibmiş. Qonaqlara elit yeməklər və içkilər təqdim olunub. Gəlin üçün hədiyyələr hər biri qiymətli daşlarla bəzədilmiş 20 dəvəylə təqdim edilib. Bu izdivacdan cütlüyün 9 övladı dünyaya gəlib – beş qız, dörd oğlan…
Tərcümə “MediaPost”a məxsusdur
araz.az xəbər portalı.