türk.jpg


 Tarix mövzusu üzərinə Güntay Gəncalp Bayındırlı ilə söhbətimizin heç də birmənalı qarşılanacağı əminliyində deyiləm. Lakin bu bir araşdırmaçı və eyni zamanda mühacir həyatı yaşayan millətsevərin fikirləri olduğu üçün özünün aktuallığını heç zaman itirməyəcək bir mözu  oxucularımız üçün də maraqlı olacağına əminik.

-Tarix və çağdaşlıq məsələsində sizin fərqli yanaşmanız vardır. Bu fərq üzərinə fikirlərinizi açıqlarsınızmı?

 –Fərqli görüş təbii olaraq mənim mütaliələrimə, müşahidələrimə və təcrübələrimə dayanmaqdadır. İnsan beyni keçmişlə çox məşğul olduğunda indiki zamanda mövcud olan fürsətləri qaçırır. Çünkü beynin hər iki zamanda bulunma imkanı yoxdur. Keçmiş insan beyninin bir başa məşğul olduğu gerçəklik deyildir. Biz keçmişlə əqli təmasda ola bilmərik.

– O zaman tarixi bilməməkmi gərəkir? Tarix nədir?

– Tarix hələ də içində yaşadığımız yaşantı şəklidirsə, o zaman biz heç bir inkşaf etməmişik. Böyük rus yazaraı İvan Turgenevin “Atalar və oğullar” adında çox gözəl bir romanı vardır. Bu romanda tərəqqinin ölçüsü atalar və oğullar arasındakı fikri, hissi və müşahidə məsafəsinə görə müəyyən edilir. Gerçəkdən də oğullarda atalar mirasına tənqidi bir yanaşma yoxdursa, o zaman o millətdə heç bir irəliləmə də yoxdur. Diqqət etsəniz müsəlman şərq ölkələrindəki qaranlığın və cəhalətin də səbibi budur: dədələrin mifik həyatı diyalektik özəllik daşıyan ağılın inkişafının önündə ən böyük əngəldir. Tarixin nəliyinə gəldiyimizdə isə, onun fenomun olaraq nə olduğu bilinməz. Sadəcə olay haqqında biz bilgi sahibi ola bilərik. Bu bilgilər də obyektiv bilgi ola bilməz, ola bilməsi mümkün deyildir. Çünkü o, bu an önümüzdə bulunan zaman deyildir. Tarixi olaylar haqqında qurqularımız olar. Lakin bu qurquların, bu təxəyyüllərin sorqulanması bilgiləri obyektivliyə yaxınlaşdıra bilər. Bir fenomeni anlamaq üçün üç şeyə diqqət etmək lazımdır: bilgi- davranış- niyyət. Fenomenoloji incələmə bu üçünü bir yerdə ələ almalıdır. Çünkü davranış, var olan bilgiləri qullanaraq niyyətə və hədəfə görə sərgilənər.

http://www.mustaqil.az/wp-content/uploads/2018/02/guntay-328×600.jpg 328w” sizes=”(max-width: 524px) 100vw, 524px”>

-Bunu konkret nümunə ilə necə açıqlaya bilərsiniz?

-Məsələn, Səfəvi dövlətinin quruluşunu nəzərdə tutalım, çünkü Azərbaycanda sovetdən bəri Səfəvi heyranlığı təbliğ edilmiş. Dövlətin qurucusu Şah İsmayılın bilgiləri, bilirsənmizi nədir?

-Nədir?

-Şiəlik bilgiləridir. Çünkü o, bir şiə olaraq yetişdirilmiş və özündən öncəki iki soyu da sünnilikdən şiəliyə keçmişdir. O zaman İsmayılın ağlındakı şiəlik bilgilərini incələmək lazımdır. Onun niyyəti nə olmuş? Bir şiə dövləti qurmaq. Şiə dövlətinin qurulması yolunda əngəl nə imiş? Təbrizin sünni əhalisi. O zaman şəhərin sünnilərini qətl etmək lazımdır. O qətlləri törədən davranışların səbəbi diqqət etsəniz, bilgi-niyyət irtibatında bəlli olur. Bu üzdən də tarixi şəxsiyyətlərin bilgilərini, niyyətlərini bilmək tarixi bilgiləri obyektivləşdirməkdə çox yararlıdır. Çünkü yazıb-oxuması olmayan xalq kütləsi karizmatik bir liderə tapınırdı. Karizmatik liderin qoyduğu yasalar xalq arasında gələnəyə düşünürdü. Bizim xalq aşura günü niyə özünü məsxərə gününə soxub zəncirlə döyür? Belə bir İslam varmı? İslamın kitabı Quranda belə bir davranış istənməkdədirmi? Yoxdur. İslam belə işləri tamamən yasaqlamış. O zaman bunlar haradan ortaya çıxdı? Bax nümunə üçün bu ənənənin ortaya çıxma səbəbini bilmək üçün Şah İsmayılın tətbiqatına baxmaq lazımdır. Çünkü ondan öncə bizim xalqda belə “din”i anlayış və mərasim olmamışdır.

Modern tarixçilikdə bunun nümunələrinə rast gəlmək mümkündürmü?

-Modern tarixçilik sadəcə tarixlə məşğul olmaz, həm də tarixi dəyişdirməklə, tarixi azad etməklə məşğul olar. Çünkü tarix gəldiyi kimi də getmək istər. Gəldiyi kimi getməmək üçün ona modern ağlın qatqısı olmalıdır. Tarix ağıldan çox ənənələrin yaratmasıdır. Ümumiyyətlə tarixin yaradıcısı inanc və hissiyyat və elmin yaradıcı ağıldır. Çünkü ağıl fərdlərin başında, inanc isə kütlənin başında deyil, ənənəsinin içində yaşar. “Kefli İskəndər” kimi çox ağıllı adamlar var. Onlar ənənələri qəbul etməsələr də, onun içində acı çəkərək yaşarlar. Modern tarixçilik bizdə yoxdur, çünkü bizdə aydınlanma dövrü olmamışdır. Biz aydınlanmamış xalqıq və hələ də tarixin nostalgiyası içində duyğulanıb durmaqdan həzz alan toplumuq. Mifik keçmişlə iftixar edən əhali. Hal bu ki, keçmişin heç bir hüquqi və elmi dəyəri yoxdur. Yəni Azərbaycanda yayğın olan “Şah İsmayıl ucsuz-bucaqsız bütöv Azərbaycan qurmuşdu” mifinin və ya yalanının hüquqi dəyəri yoxdur. Bu, yalan bizim hansı hüquqi və sosial çətinliyimizi həll edər? Avropada aydınlanmanın və modern tarix yazarlılığının əsasını demistifikasion təşkil edirdi. Yəni miflərdən arınma, mifik ölçülərləri düşüncəyə yaxın buraxmama. Şərq millətləri miflərin yalanları içində yatıb dərin yuxuya dalmaqdan ləzzət alırlar. Tarix toplumun duyğularını öz qaranlıqlarına tərəf cəzb edən qorxunc bir bataqlıqdır. O qaranlığın cazibəsindən azad olmaq asan iş deyil. Bilgisiz və cahil toplumların ruhunu tarixin qaranlığı çox tez işğal edər. Avropada bu problemi həll etmişlər.

-Necə həll etmişlər? Bir nümunə söyləyə bilərsinizmi?

-Bir nümunə söyləyim. Azərbaycanda bir mif var. Guya “Türkmənçay” müqaviləsiylə Azərbaycan bölünüb və biz yazıq olmuşuq və birləşməyənə qədər də bədbəxt olaraq qalacağıq. Bu yalan və mif problemlərlə qarşılaşmaq üçün bəhanə uyudurmaqdır. II Dünya Savaşında Almaniya yenildi ərazisinin bir qismi Polşada qaldı. Almaniya bunu özünə dərd etmədi. İnkişafına davam etdi. Yenə də II Dünya Savaşında Finlandiya xeyli ərazi itirdi və Karyala kimi geniş ərazisi Rusiyada qaldı. Finlandiya bunu özünə dərd etmədi və inkişafına davam edərək, dünyanın ən inkişaf etmiş xalqına dönüşdü. Azərbaycanda yerindən qalxan dərdini Araza söyləyir. Ağlağan, sızlayan və “Türkmənçay” yalan və mifinə iman edən əcayib bir xalq kütləsi meydana gəlir. Türkmənçay “bəbbəxtliyi”ni Qarabağın işğalının səbəbkarı kimi görənlər də vardır! Türkmənçayın hüquqi keçərliliyi yoxdur. Qarabağsa, hüquqən Azərbaycanın ərazi bütövlüyünün içində yer almaqdadır. Tarixi sürəcin nəticəsinə baxan yoxdur. Türkmənçayın müsbət tərəfini düşünən və dilə gətirənə rastlamadım. İranda qalan nə olmuş ki, sən də orada qalsaydın xoşbəxt olasan? Türkmənaçy müqaviləsi zamanı Qafqazda bir milyon türk yox idi. Bu qədər az nüfus oradan qopduqdan sonra və İranın genəlinə yayılmayaraq artıb indi on milyon oldu. Petrolun Bakıda meydana çxımasıyla da İrandan türk işçilər gəlib Bakıda çalışdılar və Bakı türkləşdi. Türkmənçay müqaviləsi olmasaydı da, Qafqaz İrana qarışmazdı. Çünkü Səfəvilərin çöküşündən sonra Qafqazda fərqli mədəni və kültür mühiti yaranmışdı. Yeniləşən Rusiyayla münasibət Qafqaz türklərinin sosial psixologiyalarını dəyişmişdi və onlar artıq heç bir dəyişiklik və irəliləmə etməmiş olan Təbrizlə bir yerdə yaşaya bilməzdilər. Rusiya olmsaydı da, orada müstəqil və İrana, osmanlıya tabe olmayan dövlət yaranacaqdı. Lakin Rusiyaya birləşməyi A. Bakıxanov, C. Cabarlı kimi ziyalılar da da istəyirdi və təqdir edirdilər. Hadisəyə gerçəkləri bilməyən indiki sözbaz şairlərin gözüylə baxmamaq gərəkir. O dövrün ziyalıllarının gözüylə də baxmaq lazım. Məsələn C. Cabbarlı Axundovun yaradıcılığını anladan bir yazısında deyir ki, şəriət hüquq sistemindən ayrılaraq modern Rusiya hüquq sisteminə keçməyimiz bizim milli dilimizin və kültürümüzün inkişafına təkan verdi. Düz deyir.

Türkmənçay olmasaydı, Qacar Qafqazı işğal etsəydi, Axundovlar yetişməzdi? Dərhal öldürərdilər. Bizi ənənələrimizdən və köklərimizdən qoparan bütün gəlişmələr müsbətdir. Atatürk də xalqı Osmanlı köklərindən və Osmanlı miflərindən qopara bildiyi üçün modern bir hüquq dövləti yaratdı. Yoxsa Osmanlı şeyxləri elmin və dilin inkişafına iznmi verərdilər? Hər qopuş bir yenilik yaradar. Böyük gəmilər dənizlərdə səhayətə çıxmaq üçün öncə sahilə bağlanan bağlarını qoparmalıdırlar. Bəzən öz-özümə düşünrəm ki, gerçəkdən də yalan və mif xalqın gözünü kor edir. Xalq, oxumuş adamlar İranda nələr olduğunu görmürlərmi? Orada qalsaydılar xoşbəxtmi olacaqdılar?

-Əhalidə belə bir fikir var ki, bir yerdə olsaydıq, fərqli olardı.

-Bu fikir yanlışdır. Tarixin heç bir mərhələsində bir yerdə olmamışıq. Əski çağlarda hətta kəndlərin bir-birlərindən xəbəri olmazdı. Türkmənçay müqaviləsi zamanı əhali nə qədərdi ki? Qafqazda türklərin çoxu köçəri və vətənsizdilər. Ruslar bunları zorla yerləşik həyatı keçirib sayılarını artırdı. Köçəri millətin iqtisadiyyatı olmaz, çünkü nüfus sayımı yox. Bu ağlayıb sızlama ədəbiyyatını toplumun içindən çıxarıb və indiki zamanda yaşayaraq gələcəyə yönələn bir millət təsis etmək gərəkir. Türkmənçayda sizin itirdiyiniz heç bir şey yoxdur, sadəcə qazandığınız var. Tarixi nəticəsinə görə dəyərləndirmək lazımdır. Nəticə sizə müstəqil bir dövlət gətirmiş. “Güney Azərbaycan” mifi də dərin sovet dövləltinin uydurmasıdır.

-Sovetlər nədən bəs, bunu uydurdu?

“Cənubi Azərbaycan” streotipi sovetlərin İran və Amrikaya qarşı ortaya atdığı xarici siyasət stratejilərindən biri idi. Muhəmməd Müsəddiq İranda baş nazir olduqdan və nefti milliləşdirdikdən sonra Şah qaçdı. Müsəddiq Amerika və İngiltərəyə qarşı sovetlərdən yardım istəməkdə idi. Kommunist partiyasını sərbəst buraxdı və hətta kommunistlərdən də kabinetə yerləşdirmək üzrə idi. Lakin Amerika və İngiltərənin girişimi ilə 1953-cü ildə hərbi çevriliş oldu. Müsəddiq uzaqlaşdırılıdı və tamamən Amerikan yanlısı bir dövlət yenidən iş başına gəldi. Bu zaman sovetlərin dış politikası üzərinə Moskva radiosunun İran bürosunda azərbaycan dilində “İranın milli səsi radiosu” adında radio verilişləri hazırladılar. 1991-ci ilə qədər bu veriliş davam etdi. Bakı radiosunda da “Cənubi Azərbaycan Redaksiyası” təşkil etdilər. Moskvanın izni olmadan bunlar edilərmiydi? “Həsrət ədəbiyyatı” da bu zamandan sonra ard-arda yazılmağa başlayır. Dərin sovet dövləti üçün “Cənubi Azərbaycan” məsələsi ABŞ-İran birliyinə qarşı bir təhdid stratejisi idi. Sovetin bu planı Azərbaycanda əhalinin duyqğuları ilə örtüşdüyü üçün dərhal xalq tərəfindən qəbul edildi.  Bölünmüş Azərbaycan deyə bir ölkə yoxdur. Mustaqil.az




“Türkmənçay müqaviləsinin faydası bizi İran-Səfəvi bataqlığından qoparması oldu”

 

“Türkmənçay müqaviləsinin bağlanmasından 190 il keçir. Bu müqavilə ilə Rusiya imperiyası öz işğalçılıq siyasəti nəticəsində indi bizim yaşadığımız Azərbaycan dövlətinin tarixi ərazisini ələ keçirib, müstəqil xanlıqların mövcudluğuna son qoyub. Bu işğal nəticəsində İrandan və Osmanlı Türkiyəsindən ermənilərin tarixi torpaqlarımıza kütləvi şəkildə köçürülməsi gerçəkləşdirilib. Yəni özlüyündən kədərli bir tarixdir, çünki dili, dini, əxlaqı yad ünsürlərin diqtə etdiyi yeni həyat şərtlərinə alışma prosesində çoxlu itkilərimiz olub. Bununla yanaşı, bu tarix həm də Azərbaycan türklərinin bir qismi üçün yeni üfüqlərin açılış tarixidir. Türkmənçay müqaviləsinin xalqımızın tarixində ən böyük faydası bizi İran-Səfəvi bataqlığından qopararaq yeni dünyaya inteqrasiyamız üçün bir milad rolunu oynamasıdır. Artıq Səfəvi-Qacar mollaxanasından Qori Müəllimlər Seminariyasına doğru yürüyən bir xalqın quzeydəki hissəsi ilə güneydəki hissəsi arasında intellektual və mədəni fərq 70-80 il sonra özünü bariz şəkildə göstəmiş oldu. Quzeydəki azlıq məhz Avropa və Rusiya təhsilinin hesabına yetişən məzunların fədakarlığı ilə ilk fürsətdə müstəqil parlamentli Cümhuriyyət qura bildilər. Bu gün 100 illiyini qeyd etdiyimiz həmin Cümhuriyyət də məhz Türkmənçay müqaviləsindən sonra yaranan mühitin yekunu kimi dəyərləndirilməlidir. Bəzən bu cür işğall hadisəsi bir xalqın yenidən dirilişinə vəsilə ola bilir. Güneydə yaşayan soydaşlarımız isə hələ bu gün də ana dilində yazıb-oxumaq tələbindən o tərəfə getmək imkanına sahib deyillər. Halbuki, bir çox məqamlarda oradakı insanların sayı daha çox, aktivlik əmsalları bizdən daha da üstün olub. Ona görə də tarixi yenidən dəyərləndirib obyektiv təftiş edəndə, heç bir hadisəyə otuz-qırx il öncəki kimi yanlış mühakimə ilə yanaşmayacaqsınız.”

 Fazil Mustafa, millət vəkili
Moderator.az


TÜRKMƏNÇAY MÜQAVİLƏSİNİ KAPİTULYASİYA ADLANDIRMAQ NADANLIQDIR

 Ədalət Abdinov,                                                                                            

Azərbaycan Kommunistlər Birliyinin sədri

 

 Bu gün Türkmənçay müqaviləsinin 

————————————————-

190-cı ildönümüdür

—————————-

 

Türkmənçay müqaviləsi 190 il bundan əvvəl, 1828-ci il fevralın 10 (22)-da Rusiya ilə İran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmışdır. Bu sənəd 1826-1828-ci illər Rusiya – İran müharibəsinə son qoydu. Rus qoşunları Təbrizi və s. şəhərləri tutduqdan sonar 1827-ci il noyabrın 7-də İran hökuməti sülh danışıqları aparmağa məcbur oldu. Türkmənçay müqaviləsinə əsasən Naxşıvan xanlığı, Ordubad dairəsi, İrəvan xanlığı Rusiya ilə birləşdirildi. Azərbaycanın iki hissəyə parçalanması rəsmiləşdirildi.

İran Rusiyaya 20 milyon manat gümüş pulla təzminat verməli idi. Türkmənçay müqaviləsi Xəzər dənizinin Rusiyanın daxili dənizi olmasını,  orada hərbi donanma saxlamaq hüququ haqqında Gülüstan müqaviləsinin (1813) şərtlərini təsdiqlədi. Rusiya Abbas Mirzəni İran şah-tacının vəliəhdi kimi tanıdı. Hər iki dövlət qarşılıqlı şəkildə səfarətxana açmağı nəzərdə tuturdu.

Türkmənçay müqaviləsi 1828-ci il martın 20-də Rusiya, iyulun 3-də isə İran tərəfindən təsdiq olundu. Müqavilə İranın Zaqafqaziyada olan iddialarına son qoydu, Şimali Azərbaycan xalqını Iran feodalların zülmündən həmişəlik xilas etdi. Şimali Azərbaycanın Rusiya ilə birləşdirilməsi Azərbaycan xalqının həyatında mühüm mərhələnin başlanğıcını  qoydu. 

Rusiyanın tərkibində Azərbaycan xalqı  iqtisadi inkişafın ümumi axınına intensiv cəlb olundu, qabaqçıl rus mədəniyyətinin, onun inqilabi-demokratik ənənələrinə qovuşmağa başladı, Ümumrusiya azadlıq hərəkatına fəal surətdə qoşuldu. Türkmənçay müqaviləsi Rusiyanın  Azərbaycanın da mənafeyi daxil olmaqla Zaqafqaziya və Yaxın Şərqdə iqtisadi, siyasi, hərbi-strateji mövqeyini mıhkəmləndirdi və İngiltərənin İranda nüfuzunu zəiflətdi.

Burjua ideoloqları Türkmənçay müqaviləsini kapitulyasiya, süqut, iflas sənədi adlandırırlar. Onu  Almaniyanın 1945-ci ildə imzaladığı sənədə bənzədirlər. Bu müqavilə ilə guya Azərbaycanın bir hissəsi Rusiyanın müstəmləkəsinə çevrilərək onun coğrafiyasına daxil oldu. Həmin sənədi imzalayan Çar Rusiyasından sonra guya bolşevik Rusiyası  qeyrətli oğul-qızlarımızın soyqırımını  davam etdiriblər. Əsil həqiqət isə belə deyi. İstedadlı tarixçi alim Şamil Rəhmanın sözləri ilə desək: Çar Rusiyasının müstəmləkəçilik siyasətinə baxmayaraq, obyektiv olaraq Azərbaycanın Rusiyaya birləşdirilməsi mütərəqqi xarakter daşıyırdı. Bununla siyasi pərakəndəliyə, sosial-iqtisadi ətalətə son qoyulmuş, ən əsası, azərbaycanlılar bir millət olaraq təşəkkül tapmaları üçün şərait yaranmışdı. Onsuz da gec tez Şimali Azərbaycan iri regional dövlətlərdən biri tərəfindən istila ediləcəkdi. Elə ən optimalı Rusiya idi. Çünki Rusiya əvvəla, daha inkişaf etmiş ölkə idi. İkincisi, azərbaycanlıların xristian dövlət tərkibinə keçməsi ümumislam ümmətçiliyindən milli identikliyə keçməyə imkan verdi”.

Siz İrandakı azərbaycanlılarla sovet azərbaycanlıların həyat tərzini müqayisə edin. Sovet Azərbaycanında xalqın yüksək maddi və mədəni həyat səviyyəsi təmin edilmişdi. Azərbaycan SSRİ-nin tərkibində yüksəliş mərhələsini keçib. Azərbaycanın qüdrəti artmışdı. Azərbaycan SSR-nin vətəndaşları İrandakı azərbaycanlılarla müqayisə olunmaz dərəcədə həm maddi, həm də mənəvi cəhətdən daha zəngin həyat sürürdülər.

Sovet cəmiyyətinin mənəvi-siyasi birliyi, Azərbaycan da öndə olmaqla SSRİ-nin bütün xalqlarının qardaşcasına dostluğu daha da möhkəmlənmişdi. Əməkdə, istehsalatın idarə olunmasında, ictimai məsələlərin və dövlət məsələlərinin həllində sovet adamlarının fəallığı artmışdı. Azərbaycan xalqının əzmkarlığının necə aşkara çıxdığını, onun yaradıcı qüvvələrinin necə artdığını görməkdən daha böyük səadət ola bilərmi?! Bütün bunların izi Türkmənçay müqaviləsinə gedib çıxırdı. 
Və nəhayət, əgər Türkmənçay  müqaviləsi olmasaydı, indi bu taydakı Azərbaycan da o taydakı kimi İranın zülm altında inləyən bir əyaləti olardı… 

                                                                           *    *    *

                                             TÜRKMƏNÇAY MÜQAVİLƏSİ

I MADDƏ

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.

II MADDƏ

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.

III MADDƏ

İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırki müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanların idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir.

IV MADDƏ

Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır:

sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1 / 2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində üç ağac yəni 21 rus versti aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı; adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkühüm zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Züvand və Ərş dairələrini ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhəddindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.

V MADDƏ

İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanədək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.

VI MADDƏ

İran şahı həzrətləri hər iki dövlət arasında baş vermiş müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on kurur tümən raicə və ya iyirmi milyon gümüş manat qərarlaşdırmışdır, onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsöz hazırkı traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.

VII MADDƏ

İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzənin öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru həzrətləri öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.

VIII MADDƏ

Rusiyanın ticarət gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərində də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilərlər; bu səbəbdən də əvvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.

IX MADDƏ

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların (hökumətlərin) səfirlərinin, nazirlərinin və işlər müvəkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmunda mərasim qərarlaşdırılacaqdır.

X MADDƏ

Bütün Rusiya həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hakimlik edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sülh müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər ikisinin məiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə buna tam müvafiq əməl edilməsinə vəd verir. İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri) və ya onun şah həzrətləri sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər.

XI MADDƏ

Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.

XII MADDƏ

Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: onlardan Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.

XIII MADDƏ

Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa əsir düşmüş təbəələri qarşılıqlı surətdə azad edilməli və dörd ay ərzində qaytarılmalıdır; onlar həyati azuqə və digər tələbatlarla təmin edilməli və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə və ya vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri-məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları (bir-birinə) qaytarsınlar.

XIV MADDƏ

Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilmısini tələb etməyəcəkdir. İran hökuməti bu qaçqınlardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya hakimiyyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün, öhdəsinə götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin sakinlərinə gəldikdə isə, razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.

XV MADDƏ

Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.

XVI MADDƏ

Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımı fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifaksiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvvəkilləri tərəfincdən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır.

 Əslinə qol çəkmişlər: İvan Paskoviç, A. Obrezkov.


araz.az xəbər portalı.