Fasiləsiz yağış və güclü küləklərlə müşayiət olunan 2020-nin yay fəsli bərdəlilərə heç düşərli olmadı. Bərdə Elektrik Şəbəkəsinin də yay rejiminə keçməsi sakinlərin dərdinin üstünə dərd gətirib
Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 28 iyul — Sputnik. Son günlər Bərdə rayonunda əhalinin enerji təminatında fasilələr müşahidə olunur. İşıqlar tez-tez kəsilir. Sputnik Azərbaycan bildirir ki, Bərdə şəhər Natəvan küçəsinin sakinləri isə işıqların verilməsində rastlaşdıqları problemlə bağlı deyiblər ki, onların məhəllələrində qəribə üsul tətbiq olunub: evin birində işıq yandığı halda digərində yoxdur.
Məhəllə sakini Şamil Abdullayev hərbçi olduğu üçün bu qaydanı şahmat üsulu adlandırıb. “Mən bu üsulu başa düşə bilmirəm. Evin birində işıq olduğu halda, digərində yoxdur. Orduda olarkən artilleriya atışında, yaxud da ərazi minalanarkən şahmat üsulundan istifadə olunurdu. Bərdə Elektrik Şəbəkəsinin bizim məhəlləyə verdiyi işığı da buna bənzətmək olar. Soyuduculardakı ərzaq məhsulları xarab olmasın deyə qonşuya aparırıq. Qonşunun da işığı keçəndə bizim soyuducuya gətirir,” – deyən Şamil Abdullayev əlavə olaraq onu da qeyd edib ki, işıqların gücü normaya uyğun deyil. Avadanlıqları işlətmək üçün əlavə gücləndiricilərdən istifadə etməli olurlar.
Ş.Abdullayev verilən enerjinin məişət avadanlıqlarını işlətməyə gücü çatmadığını bildirib. Bu səbəbdən də onun soyuducu və sərinkeşi yanaraq yararsız hala düşüb.
“Hər gün işığı 4-5 dəfə 8-10 dəqiqəlik söndürürlər. Hansı səbəbdən belə edirlər, bunu bilən yoxdur. Enerjinin açılıb-bağlanması nəticəsində məişət avadanlıqları, soyuducu, kondisionerlər çox vaxt sıradan çıxır”, – deyə Natəvan küçəsinin digər sakini Nəsib Möhsümov vurğulayıb.
Nəsib Möhsümov onu da əlavə edib ki, onlar smart kartla vaxtında ödənişlərini edirlər. Əvvəllər işıq pullarının yığılmasında ləngimələr olsa da, indi belə hal yoxdur. Belə olan halda isə hər kəsin keyfiyyətli məhsul və xidmət almaq haqqı var.
Onu da qeyd edək ki, işıqların fasilələrlə ötürülməsi rayonun hər yerində müşahidə olunub. Bərdə rayonunun Qaradəmirçi, Mustafaağalı, Şorəlli, Şirvanlı kəndlərində də gün ərzində elektrik enerjisinin kəsilməsi qeydə alınıb.
Bərdə Elektrik Şəbəkəsinin baş mühəndisi Sahib Abbasov bildirib ki, son günlər işıqların verilməsində yaranan fasilələr yağışların yağması, güclü küləklərin yaratdığı fəsadlardan irəli gəlib.
“Bərdə rayonunun Şorəlli kəndində enerjinin verilməsinə görə yaranmış fasilə nəticəsində birinci dəfə xətdə yaranmış çatın tapılmasında vaxt sərf etməli olduq. İkinci dəfə isə transformatorun içində siçovul öldüyünə görə xəttin açılmasına səbəb olmuşdu”.
Baş mühəndis Natəvan küçəsindəki evlərin birində işığın olub, digərində olmamasını isə təkzib edib. Bildirib ki, qoruyucu atdığına görə qonşu evdə işıq yanmaya bilər. Elektrik enerjisinin yükünün aşağı olmasını isə Sahib Abbasov təsdiq edib. Bildirib ki, artıq yay rejiminə keçilib. Ancaq enerjiyə həddindən artıq tələbat yarandığına, kondisionerlərdən istifadə olunduğuna görə gərginlik aşağı düşür. Məsul şəxsin dediyinə görə, gərginliyi normadan artıq yüksəldəndə gecələr elektrik enerjisinin gücü artır. Nəticədə vətəndaşların avadanlıqları sıradan çıxır. Sahib Abbasov qeyd edib ki, bu amil nəzərə alındığına görə gərginlik gücünün artırılması mümkün deyil.
araz.az xəbər portalı.